Accessibility links

İlqar Məmmədovun imza vərəqləri MSK-ya təqdim edilib


İlqar Məmmədov
İlqar Məmmədov

Həbsdə olan REAL lideri 41 min 247 seçici imzası toplayıb

REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün toplanmış 41 min 247 seçici imzası sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Bu barədə Amerikanın Səsinə İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi Xalid Bağırov bildirib.

Onun sözlərinə görə seçici imzaları qanunvericiliyə uyğun olaraq, ölkənin bütün seçki dairələrinin ərazilərindən toplanıb və hər bir imza Məmmədovun seçki qərargahı tərəfindən ekspertiza olunub.

Mərkəzi Seçki Komissiyası 7 gün ərzində İ.Məmmədovun prezidentliyə namizədliyi məsələsinə baxacaq. Qanunvericiliyə görə, prezidentliyə namizəd qeydə alınmaq üçün 125 seçki dairəsində 60 seçki dairəsinin ərazisini əhatə etməklə azı 40 min seçici imzası toplamalıdır.

REAL Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hesab edir ki, İlqar Məmmədov siyasi fəaliyyətinə görə həbs edilib.

Xatırladaq ki, bu gün ölkə ərazisində imzatoplama kampaniyası başa çatıb.

Sentyabrın 16-dan prezidentliyə namizəd kimi qeydə alınmış şəxslərin təbliğat kampaniyası başlayacaq. Təbliğat kampaniyası 21 gün davam edəcək.
XS
SM
MD
LG