Accessibility links

İlkin Rüstəmzadə: N!DAçılar qapalı cəmiyyətlər üçün yanan işıqdır!


"Əsgər ölümlərinə son!" aksiyalarının təşkilatçısı Sərbəst Kürsüdə

O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə də, aksiyaların təşkilatçısı olmaqdan çəkinmədiyini bildirir.

Bu həftə Sərbəst Kürsünün qonağı Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə olub. Forumu ixtisarla təqdim edirik:
Forumu tam olaraq burada oxuya bilərsiniz.


Emil Quliyev [moderator]: İlkin bəy, axşamınız xeyir. Sərbəst Kürsüyə xoş gördük


İlkin Rüstəmzadə: Çox sağ olun. Hər vaxtınız xeyir.


EQ: İlkin bəy, ilk sualı Xeybər adlı oxucu göndərib. O, aktiv gənclərin taleyindən narahatdır:

- İlkin bəy, siz bildirirdiniz ki,bu aksiya sırf ictimai aksiyadır və tələb birmənalı olaraq orduya nəzarətin güclənməsi, qayğının artırılması və buna oxşar digər istəklərdən ibarət idi. Bu məsələdə siyasi amil olaraq nəsə görürsünüzmü? Aktiv gənclərə qarşı bir çox dövlət orqanlarının apardığı gülünc, standart hərəkətləri necə təsvir edərdisiz?

Cavab: Aksiya tamamilə sivil, dinc aksiya idi. Bu aksiya heç bir siyasi qurum, təşkilat tərəfindən yox, fərdlər-gənclər tərəfindən təşkil olunmuşdu. Siyasi çalar verməmək üçün maksimum dərəcədə çalışdıq. Amma, əks tərəfin - hökümətin, hüquq-mühafizə orqanlarının atdığı addımlar hadisəni siyasiləşdirdi. Həbslər birmənalı olaraq siyasi motivlidir və haqsızdır.

Sual [Kamil Quliyev]: Sizi 6 günlük saxlamışdılar. Nəsə səbəb göstərmişdilər?

Cavab: İnzibati Xətalar məcəlləsi 310-cu maddə. Polisə tabe olmamaq. Məhkəmədə polis (şahidliyi qanunsuzdur) şahid oldu, daha doğrusu üzümə durdu ki, söyüş söymüşəm. 6 sutka həbs verdilər. Polis 2 gün saxlarkən sanksiyanı 1 gün sonra verdiyindən 7 sutka sayıla bilər.

Sual [Turan]: Salam İlkin bəy mənə maraqlıdır sizin və sizin ətrafındakılar niyə daima söyüş vasitəsilə danışırsınız? Qeyd edim ki, Facebook ictimai sosial şəbəkədir, Facebookda da söyüşləriniz kəsilmək bilmir. Hardasa söhbət düşəndə kimsə sizi 50 faiz müdafiə etsə onun 30 faizi sizin söyüş söyən, ədəbsiz kimi tanınmağınızda düşür, yəni cəmiyyətdə müdafiə faiziniz aşağı düşür. Xüsusilə N!DA təşkilatı haqqında cəmiyyətdə yaxşı fikirlər heç yoxdur, Avropa ya da Amerikalaşaq deyirsinizsə heç bu ölkələrdə bu qədər ədəbsizlik yoxdur, sözüm sizə əgər lider olmaq istəyirsinizsə heç bir nöqsan etmemelisiz.

Cavab: 1. Mən lider olmaq istəyirəm deyə bir cümlə heç vaxt işlətməmişəm.
2. Söyüşü mən də dəstəkləmirəm, amma söyüş azadlığın bir formasıdır. Söyüşlə mədəniyyət olmadığı kimi mədəniyyətsizlik də olmur. Söyüşdən maksimum istifadə etməməyə çağırıram. Sadəcə, hərdən elə hisslər olur ki, artıq söyüşə zərurət yaranır.
3. N!DAçıları bəyənməyən ancaq savadsız, mübarizədən qorxan və cahil insanlar ola bilər. Bu gənclər bizim kimi qapalı cəmiyyətlər üçün yanan işıqdırlar.

Emil Quliyev: Rasim Alışov adlı oxucu email vasitəsilə yazır ki, Turxan Qarışqanın sizinlə bağlı yazdığına münasibətiniz necədir?

İlkin Rüstəmzadə: Turxan mənim dəyərli dostumdur. Sadəcə zarafat edir və mən də bunu normal qarşılayıram.

Sual [Tehmasib]: Axsamınız xeyir İlkin bəy, icazəli aksiya təşkil etməyi fikirleşirsiniz?

Cavab: 1. Axşamınız xeyir. Konstutusiyada kütləvi toplaşma azadlığı açıq şəkildə təsbit olunub və orda icazə sözü yoxdur, xəbərdarlıq var. Sərbəst toplaşma azadlığı haqqında qanun bu baxımdan konstitusiyaya ziddir.
2. Gənclərə qarşı repressiyalara cavab olaraq razılaşdırılmış aksiya təşkil etmək fikrimiz var. Amma, bu halda da cəmiyyətin bir qismindən əks təpki gələ bilər deyə bu barədə müzakirələr aparırıq.

Sual [GrayWolf]: Salam, sizcə Azərbaycanda hakimiyyət ne vaxt dəyişəcək?

Cavab: Bu siyasi situasiyadan, insanların aktivliyindən və beynəlxalq güclərin məsələyə reaksiyasından aslıdır. Amma, beynəlxalq güclərin dəstəyini qazanmaqçün xalq sözünü deməli, özünü göstərməliyik. Xalqın mövcud siyasi rejimdən narazılığının sürətlə artığını nəzərə alsaq ən geci 2015-ci ildə, məncə, mövcud rejim gedəcək


Sual [Rehman]: Salam. İlkin bəy Rəhim Qaziyevə münasibətiniz necədir?


Cavab: Rəhim Qazıyev müdafiə naziri olanda mən hələ yenicə anadan olmuşdum. Bu səbəbdən o dövrü, prosesləri olduğu kimi bilməyim mümkün deyil. Sadəcə oxuduqlarımdan, öyrəndiklərimdən müəyyən bir fikir bildirə bilərəm ki, Azərbaycan tarixi üçün önəmli simalardandır. Pis və ya yaxşı, bunu gələcəkdə həmin illərin arxivləri açılanda dəqiq biləcəyik.


Emil Quliyev: Oxuculardan biri belə bir şərh yazıb: “Kimə işləyirsən ? ”


İlkin Rüstəmzadə: Bu suallarla tez-tez rastlaşıram. Hətta ailəm belə mənim hansısa dövlətə işlədiyimə, kiminsə agenti olduğuma, xarici təşkilatlardan pul aldığıma inanırlar. Ətrafdakı insanları bu səbəbdən qınaya bilmirəm. AzTv, Eynulla Fətullayev təbliğatına inanan bir cəmiyyətə sahibik. İnsanların bu reaksiyası normaldı. Kimə işləməyimə gəlincə, hal-hazırda işsizəm və iş axtarıram.



Sual [Könül]: Bu gün sizinlə eyni fikirdə, əqidə də olan bir çox gənc var, amma bəzi sərhədlər onlara sizinlə daha yaxin əlaqədə olmağa mane ola bilir və siz necə onlarla əlaqə yaradıb, daha möhkəm mövqedə dayana bilərsiz?


Cavab: Mən heç vaxt heç kimə sərhəd qoymamışam. Bunun mənfi nəticələrini də görsəm də, sərhəd demək olar ki, yoxdur. Sosial şəbəkələrdə hər kəsə cavab verməyə çalışıram, proseslərə qoşulmaq istəyən insanlarla görüşürəm. Hal-hazırda özüm Azad Gənclik Təşkilatının üzvüyəm. Gənclər qüvvətlənmək, birləşmək, səslərini eşitdirmək, biliklərini artırmaq, dünya görüşlərini artırmaq istəyirlərsə bizim təşkilata qoşula bilərlər.


Sual [Orxan]: İlkin nə vaxt birdə aksiya olacaq? Artıq 2-3 aksıyadı və heç bir dəyişiklik yoxdu, gənclərdə azadlıq ruhu azda olsa oyandı amma dövlət isə heç bir dəyişiklik etmir. Hansısa planız varmı?


Cavab: Hal-hazırda bir planımız yoxdur. Müxakirələr aparırıq. Dəyişiklik yoxdu yanlış yanaşmadır. Dəyişiklik var və biz bunu hiss edirik. Dəyişikliyi hökümət etmir, gənclər edir.


Sual [Prostoy Vətəndaş]: Bu hakimiyyətə aksiya zad təsir etmir, bunu bilə-bilə aksiya təşkil edəndə ruhdan düşmürsən?


Cavab: Təsir etməsəydi saxta ittihamlarla həbslər olmazdı, hakimiyyət bütün repressiya maşınını işə salıb əks-təbliğat aparmazdı, nazir, PA rəhbəri səviyyəsində reaksiya verilməzdi. Təsir edir.

Digər tərəfdən lap ən pis halı düşünək:
Soljenitsın tək idi, qarşısında 200 milyon var idi. Amma bezmirdi,ruhdan düşmürdü.

Sual [Samira]: Sizcə millətimizdə hansı keyfiyyətlər tamamlansaydi rejimde istədiyiniz dəyişikliyə nail olardıq?

Cavab: Mübarizlik, mədəni səviyyə, aydın fikir, dünyəvi dəyərlərə inam və bir az səmimilik olsaydı daha yaxşı olardı.

Emil Quliyev: Email vasitəsilə daxil olan digər bir sual: Sizin fəaliyyətləriniz sizə nələrə başa gəlib, hansı təzyiqlərlə üzləşmisiniz?

İlkin Rüstəmzadə: 2 dəfə polis tərəfindən saxlandım,birində 6(7) sutka həbsdə yatdım. Bunu keçək, işimdən oldum. Universitetdən qovulmağım an məsələsidir. Şəxsi həyatım pozuldu. Ailəmin, nəsil-kökün etibarını itirdim, “Vətən xaini” damğası aldım. Rayonlarda qalan qohumlarım belə hüquq-mühafizə orqanları tərəfindən incidildi. Və ən pisi N!DAçı dostlarım həbs olundu.

Sual [Ülvi]: Salamlar. İlkin, yaratdığın "event"lər uzun müddətdən sonra Azərbaycanda oyanmağa səbəb oldu. Amma hər aksiyada bir neçə istedadlı gəncimizi qurban verdik. Bəs bundan sonra necə, bu tip aksiyalardan uzaq – uzunmüddətli də olsa insanların maariflənməsi üçün daha təhlükəsiz fəaliyyət göstərmək sənə daha məqsədəuyğun görsənmir ki? Onu da deyim ki, mən bu gün proseslərdə iştirak edən bir çox insanlara tam güvənməsəmdə sənin səmimiyyətinə tam inanıram. Əminəm ki, çoxlarında belədir. Sən indi gənclərin baxıb nümunə götürdüyü bir insansan. Odur ki, şəxsən mən sənin tutulma riskinin yüksəlməsini istəmirəm. İndi maarifləndirmə yolu ilə daha çox fayda verə bilərsən. Özündən muğayat ol.

Cavab: Mənim həbs olunmağım çox kiçik məsələdir. Mən həbs olunacam, onlarla gənc qoşulacaq. Artıq həbslər xof yaratmır, əksinə, bumeranq effekti verərək gəncləri prosesə yönəldir. Maarifləndirmə məsələsinə gəlincə. Mənim ixtisasım iqtisadiyyatdır və iqtisadi biliklərimin indiki halda cəmiyyətdə maarifləndirməyə xeyri dəyəcəyini düşünmürəm. Sosiologiya, fəlsəfə və ədəbi biliklərimi isə o qədər də yüksək qiymətləndirmirəm və düşünürəm ki, maarifçilik işi üçün mənə baxanda daha uyğun namizədlər var.


Sual [Tehmasib]: Sosial şəbəkədən istifadə edənlərdən başqa heç kimin belə bir aksiyadan, hadisədən xəbəri yoxdur. Bu məsələni daha çox insana çatdırmaq üçün nəsə fikirləşirsiniz? Kanallarımız da sağ olsun millətə lay-lay deyir.


Cavab: Yox, hamının xəbəri olur. Hətta, rayonlardakı internetsiz insanların belə. Ən az xəbəri olan kəsim facebook işlətməsinə baxmayaraq səviyyəsiz səhifələrin istifadəçisi olan, düşük sevgi nağıllarıyla nəfəs alan universitet gəncliyidir. Məhz onlar ən passiv kəsimdir. Digər tərəfdən vərəqələrin yayılması, divarlara şürarların yazılması, stikerlərin yapışdırılması və digər vasitələr hələlik ən aktiv istifadə olunan PR metodlarıdır.


Emil Quliyev [moderator]: Ilkin bəy, Sərbəst Kürsüdə iştirak etdiyiniz üçün sizə minnətdaram. Vaxtınızı ayırdığınız və sualları cavablandırdığınız üçün çox sağ olun.


İlkin Rüstəmzadə: Siz sağ olun. Buyurun.


Emil Quliyev: Oxucularımıza da aktiv iştiraka görə təşəkkür edirik. Sərbəst Kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

XS
SM
MD
LG