Accessibility links

"Hökümət Tofiq Yaqublunu azad etməməklə onun həbsinin siyasi sifariş olduğunu təsdiq edir"


ABŞ-da fəaliyyət göstərən araşdırmaçı jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibəsində müxalifət lideri Tofiq Yaqublunun həbsiylə bağlı beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə ünvanlanan çağırışları şərh edib.

"Hökümət Tofiq Yaqublunu azad etməməklə onun həbsinin siyasi sifariş olduğunu təsdiq edir"
please wait

No media source currently available

0:00 0:14:19 0:00

Cənab Raufoğlunun sözlərinə görə, Tofiq Yaqublunun həbsinin arxasında gizlənən əsl mahiyyəti həbsin müddəti uzandıqca daha çılpaqcasına ortaya çıxır.

“Hökümət əvvəlcə Tofiq Yaqublunun həbsini məişət mövzusu ilə bağlayıb, beynəlxalq təşkilatlardan gələn çağırışlara məhəl qoymurdu. Daha sonra, vaxt keçdikcə hökümət Tofiq Yaqublunun azadlığa çıxması üçün işin hüquqi pəncərələrini bağlamaqla bu işin siyasi iş olduğunu sübut etdi.

Əgər bu, adi bir avtomobil qəzası zamanı baş vermiş mübahisə zəminində bir işdirsə, o zaman xüsusən də bu koronavirus dövründə Tofiq Yaqublu bu qədər ağır cəzaya məhkum olunmazdı. Onun artıq iki ay həbsdə qalmasının özü hökümətin elan etdiyi cinayət işinin mahiyyətinə xas deyil.”

Araşdırmaçı jurnalist əlavə edir ki, Tofiq Yaqublunun həbs olunmasının ən əsas səbəblərindən birincisi müxalifətin ötən ilin oktyabr ayında baş tutmuş mitinqi ilə bağlıdır.

Milli Şuranın oktyabr mitinqi
Milli Şuranın oktyabr mitinqi

“Ötən ilin oktyabrında baş tutan dinc mitinqdə Tofiq Yaqublu, digər müxalifət liderləri mitinqin öndə gedən simaları cismində bir fotoya düşmüşdü. İndi görürük ki, hər ötən həftə, hər ötən gün həmin o şəkillərdə görünən aparıcı simalar ya həbs olunur, ya da başqa cür cəzalandırılır. Bu zaman qərbdə belə bir təəssürat yaranır ki, hakimiyyət müxalifətdən oktyabr mitinqinin qisasını alır. Tofiq Yaqublunun belə bir vaxtda həbsdə saxlamağa bu qədər təkid etmək bu işin arxasında məhz siyasi səbəblərin olduğunun göstəricisidir.”

Prezidentin müxalifəti “düşmən” adlandırması ilə son iki ayda baş verənlər arasında birbaşa əlaqə var.

Ələkbər Raufğlu bildirir ki, prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə çıxışında müxalifəti "beşinci kolon", "satqın" və “düşmən” adlandırmasının son iki ayda baş verən hadisələrlə birbaşa əlaqəsi var.

“Azərbaycan prezidenti mart ayındakı çıxısında ölkədəki müxalifəti “düşmən” adlandırdı. Azərbaycanda siyasi rəqiblərə qarşı düşman münasibəti çoxdan mövcud idi amma indiyə qədər bunu öz adı ilə çağırmırdılar.

Qərbdə hamı fərqindədir ki, öz rəqiblərinin “düşmən” adlandıranlar diktatorlar olur. Başa düşürlər ki, diktatorlara öz hakimiyyətini əldə saxlamaq üçün həm xarici, həm də daxil düşmənin mövcudluğu vacibdir.

Hakimiyyət Tofiq Yaqublu da daxil olmaqla, müxalif düşərgəsini düşmən elan etdikdən sonra gizli polis və digər güc qüvvələrini onlara qarşı istifadə edir. Bu baxımdan prezidentin çıxışı ilə bu hadisələrin arasında əlaqələrin olduğu şübhəsizdir.”

Hakimiyyət Tofiq Yaqublunun işi ilə dünyada özünə yaxın qüvvələri belə özündən uzaqlaşdırıb.

Vaşinqtonda fəaliyyət göstərən araşdırmaçı jurnalist qeyd edir ki, hakimiyyət Tofiq Yaqublunun işi ilə dünyada özünə yaxın, hakimiyyətə qarşı ciddi tonlar işlətmək istəməyən ölkələri və qüvvələri belə çaşdırıb.

“Hətta onlar belə yaşananların demokratiya sözünə ən böyük təhqir olduğunu etiraf etməyə başlayıblar. Azərbaycan hökümətinə yaxınlığı ilə seçilən qüvvələr belə bu yaxınlarda pandemiya dövründə insan haqları məsələsinə müraciət edərkən yalnız Azərbaycandan nümunə gətirdi. Azərbaycanda baş verənlərin onlarda böyük narahatlıq doğurduğunu və bu ərəfədə hakimiyyətin öz rəqiblərinə qarşı qeyri-adekvat şəkildə ciddi cəbhə açdığını etiraf etdi.”

XS
SM
MD
LG