Accessibility links

Hökumət birinci rübün yekunlarını bazar günündə müzakirə edib


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

İclas haqqında hələ də geniş məlumat yayılmayıb.

Aprelin 14-də hökumətin 2013-cü ilin I rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclası keçirilib. Ənənəvi olmayan bazar günü iclasında prezident İlham Əəliyev məruzə edib. Mətn hələ mətbuata verilməyib.

Turan agentliyinin məlumatına görə, bu, dövlət başçısının ilin əvvəlindən hökumətin iclasında üçüncü çıxışıdır. Birincisi yanvarın 15-də 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda, ikincisi 12 fevralda 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə bağlı olub.

Prezidentin ilk iki iclasdakı hesabat və qiymətləndirməsi ziddiyyətli olub.

Yanvarda o, ÜDM-in 2,2%, qeyri-neft sektorunun 9,7% artmasından (Neft Fondundan maliyyələşən investisiya layihələri hesabına) danışıb. Makroiqtisadi göstəricilərin artımı $22 mlrd investisiya cəlb etməyə imkan verib, bunun $13 mlrd-ı dövlət sərmayəsidir. İşsizlik səviyyəsi 5,2% olub, yoxsulluq səviyyəsi il ərzində 7,6-dan 6%-ə düşüb. Prezident bu il bu götəricini sıfıra endirməyi vəd edib.

2013-cü il üçün perspektivdən danışan Əliyev qeyd edib ki, dövlət büdcəsinin xərclər hissəsi 20 mlrd manata (ÜDM-in 35,65%-i) artıb. Bunun 6 mlrd 915,2 mln manatı və ya 34,9%-i dövlət investisiya proqramlarına - yol tikintisi, meliorasiya obyektləri, su, qaz və kanalizasiya kəmərlərinin çəkilməsi, alternativ energetikaya xərclənəcək. Bu il işə salınan elektrik stansiyaları əlavə 1 min meqavatt elektrik enerjisi verəcək və ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.

Amma İsmayıllıda etiraz aksiyalarından sonrakı 12 fevral çıxışında o, etiraf edib ki, yüksək vəzifəli məmurların hərəkətləri sosial-iqtisadi inkişafa xələl gətirir. O açıq deyib ki, vəziyyətdən xəbərdardır və onun yanlış məlumatlandırılması barədə ehtimalları rədd edib.

Əliyev etiraf edib ki, sahibkarların öz vəsaiti hesabına rayonlarda zorla abadlıq işlərinə cəlb edilməsi yolverilməzdir. Həmçinin korrupsiyadan danışıb, məmur özbaşınalığı ilə qəti mübarizə zərurətini qeyd edib.

Prezidentinin aprel 14-də etdiyi çıxışın mətni hələ dərc edilməyib, amma I rübdə iqtisadi vəziyyətə nəzər salsaq, prosesdə əksiliklər var. Təkcə ARDNŞ xarici aktivləri artırmaq siyasətini fəal şəkildə davam etdirib. O, martda Hollandiyanın Moeller-Maersk şirkəti ilə İzmirdə liman tikintisi barədə saziş imzalayıb. Sənədə əsasən, 2015-ci ilə kimi limanın ilk növbəsi və Egey terminalı istismara veriləcək. İnvestisiya 300 mln dollar, ilkin buraxılış qabiliyyəti 1,5 mln (potensial 4 mln) konteynerdir. ARDNŞ-nin məlumatına görə, bu fonda aprelin 1-i üçün neft ixracı ötən ilin 1 apreli ilə müqayisədə 11,6% azalıb.

İnvestisiya layihələri hesabına 3 ayda ÜDM artımı 3% olub. Bu isə ekstensiv iqtisadi artımdan xəbər verir. Qeyri-neft sektorunda korrupsiya, inhisarçılıq, qeyri-sağlam rəqabət, sahibkarların azadlığının məhdudlaşdırılması halları artıb.

Bazar günü iclas keçirilməsini prezident seçkiləri ilində dövlət başçısının hökumətin işindən narazılığı ilə bağlayırlar. Beş il əvvəl Əliyev bir neçə saatlığa ölkədə elektrik enerjisi olmayanda şənbə günü fövqəladə iclas keçirmişdi və heç də bütün nazirlər yığıncağa vaxtında gələ bilməmişdi.
XS
SM
MD
LG