İran Azərbaycanının tanınmış musiqiçilərindən türk fəal Həsən Dəmirçi ürək xəstəliyi səbəbi ilə yatırıldığı Təbrizin “Alinəsəb” xəstəxanasında vəfat edib.
Mərhum Dəmirçinin cənazəsinin iyunun 25-də Təbrizin “Vadi Rəhmət” məzarlığında torpağa tapşırılacağı bildirilir. Xüsusilə İran Azərbaycanında böyük üsyanın baş qaldırdığı 2006-cı ilin may ayından sonra Həsən Dəmirçi mütəmadi şəkildə İranın təhlükəsizlik qurumlarının təhdid və basqılarına məruz qalırdı.
O, dəfələrlə həbs edilmiş və Təbrizdə tədris etdiyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə qapadılmışdır.
Tanınmış tar ustadı İran Azərbaycanından əlavə Türkiyə və Avropada keçirilən müxtəlif mərasimlərdə öz musiqi qrupu ilə birlikdə iştirak edib. “Muğam; öyrəncilər üçün” kitabının müəllifi həmçinin Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarına qatılıb.