Birləşmiş Ştatların paytaxı Vaşinqton şəhərində qərargahlanan Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Henri Rom Amerikanın Səsinə müsahibədə İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarəti altında ikən komaya düşərək, ölməsinin ardınca baş qaldıran etirazların əvvəlki etirazlardan fərqlərindən, bu etirazların İranda səbəb olacağı mümkün dəyişikliklərdən və ABŞ-ın etirazçılara qarşı zorakı təqiblər səbəbilə İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalardan bəhs edib.
Amerikanın Səsi: Cənab Rom, İranda 22 yaşlı Məhsa Əminin əxlaq polisi tərəfindən baş örtüyünü düzgün taxmadığa görə saxlanılmasından sonra ölməsinin səbəb olduğu etirazlar artıq üç həftədir davam edir. Nümayişçilər daha çox vətəndaş azadlıqları, o cümlədən qadınlara tətbiq olunan geyim koduna son qoyulmasını tələb edir. Bu, İranda 2019-cu ildə benzin qiymətlərinin səbəb olduğu etirazlardan bəri ən böyük etirazlardır. Bu nümayişlər əvvəlkilərdən fərqlənirmi? Onları fərqləndirən amillər nələrdir?
Henri Rom: Mən düşünürəm ki, bu etirazlar mühüm səbəblərə görə fərqlidir. Onlar başda qadınlar olmaqla, müxtəlif sosial-iqtisadi təbəqələrə aid çox gənc insanların küçələrə çıxmasına gətirib çıxarıb. Və bu etirazlar ölkənin böyük bir hissəsinə yayılıb. Ona görə də düşünürəm ki, onlar bir çox mənada daha öncə gördüklərimizdən fərqlidir. Məsələn 2019-da əsasən iqtisadi motivli etirazlar daha sonra rejim əleyhinə nümayişlərə çevrilmişdi. Və məncə indiki etirazlar, əlbəttə ki, sosial problemlə başladı. Məhsa Əminin əxalq polisi tərəfindən dəhşətli şəkildə döyülməsi, məncə, insanları, xüsusilə də qadınları məcburi hicaba qarşı etiraz etmək üçün küçələrə çıxmağa ruhlandırdı.
Amma məncə bu etirazlar həm də İslam Respublikasının özü ilə bağlı daha böyük şikayətləri də əhatə etməyə başladı. Bu mənada bu etirazlar əvvəlkilər kimidir. Ancaq zənnimcə etirazçıların tərkibi, etirazların başlama səbəbi və tez bir zamanda yayılması onu uzun zamandır gördüklərimizdən fərqli edir.
Amerikanın Səsi: Bu etirazların nə iləsə nəticələnəcəyini gözləyirsinizmi? İranda hər hansı dəyişiklik görə bilərikmi?
Henri Rom: Bunu demək çətindir. Məncə etirazçılar arasında ən çox yayılmış şüarlar ölkədəki bütöv sistemi dəyişməklə bağlıdır və bu da elitanın, ali liderin, təhlükəsizlik qüvvələrinin, bir növ dərin dövlətin, sistemin özününü dözə bilmədiyi bir şeydir. Məncə bunun nəticəsində hicabla bağlı bəzi islahatların olduğunu görə bilərik. Amma etirazların indiki vəziyyətini və dövlətin, rejimin onlara nə dərəcə sərt cavab verdiyini və verməkdə davam edəcətini nəzərə aldıqda, mən bu cəsur nümayişlər nəticəsində fundamental dəyişikliyin olacağına elə də nikbin deyiləm.
Amerikanın Səsi: İranın ali ruhani lideri Məhsa Əminin ölümündən sonra ölkə boyu baş qaldıran etirazlara görə ABŞ-ın günahlandırıb. Onun bu bəyanatına münasibətiniz nədir?
Henri Rom: Mən bunun ali liderin ənənəvi oyununun qaydası olduğunu düşünürəm. Belə ki, o, İran xalqının istər iqtisadi, istər sosial, istərsə də siyasi olsun, haqlı şikayətlərindən qaynaqlanan nümayişlərini ABŞ, İsrail, dünya boyu iranlı mühacirlərin yürütdüyü xarici plan kimi təsvir edir və etirazları xarici plan kimi göstərərək, onların legitimliyini aradan qaldırmağa çalışır. Və o, tez-tez ölkədəki insanların bilərəkdən və ya bilməyərəkdən köməyi ilə deyir ki, küçədə olan hər kəs ya xəbərsiz bir şəkildə ABŞ və yaxud İsrailin agentidir, ya da ki, sui-istifadə olunduğunu başa düşəcək qədər ağıllı deyil. Əlbəttə ki, bu cəfəngiyyatdır. Ancaq düşünürəm ki, hökumətin bu cür addım atması təəccüblü olmamalıdır, çünki bu, onların istifadə etdikləri ənənəvi oyun qaydaları kitabçasına uyğundur. Bu, hökumətə etirazlara islahat və ya siyasi-sosial nöqteyi-nəzərdən deyil, təhlükəsizlik baxımından yanaşmağa və “bu, ölkəmizə təhlükə törədir və biz repressiya ilə cavab verməliyik” deməyə imkan verir.
Amerikanın Səsi: ABŞ Prezidenti Co Bayden bazar ertəsi yaydığı bəyanatda İranda dinc etirazçılara qarşı şiddətli repressiyaların intensivləşməsi ilə bağlı xəbərlərdən ciddi narahat olduğunu bildirib və deyib ki, Birləşmiş Ştatlar dinc etirazçılara qarşı zorakılıq edənlərə qarşı əlavə tədbirlər görəcək. Bu tədbirlər nədir?
Henri Rom: Administrasiya indiyə kimi iki dəfə sanksiya tətbiq edub. Bunlardan biri etirazların əvvəlində əxalq polisi və onlarla əlaqəsi olan insanlara qarşı idi. Bu gün də təqiblərə görə məsuliyyət daşıyan təhlükəsizlik xidmətinin üzvlərinə qarşı əlavə sanksiyalar qoyuldu. Məncə bu cür addımlar davam edəcək.
Həmçinin düşünürəm ki, ABŞ iranlıların internetə çıxışını artırmağa çalışmağa davam edəcək. Amma zənnimcə, Birləşmiş Ştatların belə bir anda ictimai dəstək bəyanatlarından əlavə edə biləcəkləri məhduddur. Ona görə də düşünürəm ki, administrasiya doğru şeyləri söyləyib. Məncə ABŞ-ın bir az gücü var, amma çox deyil. Və indi əlində olan alətlərdən istifadə edir.