Seçki kampaniyaları çərçivəsində İranın müxtəlif bölgələrinə səfər edən prezident Həsən Ruhani İran Azərbaycanının böyük şəhərlərində türk dilində təhsil tələb edən əhalinin səsli və yazılı şüarları ilə qarşılaşır.
Urmiyədən sonra Zəncan və Ərdəbil şəhərlərində də Ruhaninin əhali ilə görüşdüyü məkanlarda “Türk dilində mədrəsə” və “Türk dili rəsmi olsun” kimi şüarlar böyük izdiham tərəfindən səsləndirilib.
İran prezidenti mayın 16-da Zəncanın İnqilab stadionunda, mayın 17-də isə Ərdəbilin Təxti stadionunda çoxsaylı əhali tərəfindən qarşılanıb.
Günaz TV-nin yazdığına görə, Ərdəbildə əhaliyə “Azəri” ünvanı ilə səslənən Ruhaniyə böyük bir qrup “Haray haray mən türkəm” şüarı ilə cavab verib. Sosial mediada yayımlanan videolarda etiraz səslərini eşidən Ruhaninin sözlərinin davamında “Türk” sözündən istifadə etdiyi görünür.
Zəncan (Zəngan) və Ərdəbil şəhərlərində səsli və yazılı şəkildə sərgilənən bəzi şüarlar bunlardır: “Zəngan bütün türk səsi, hanı bəs mədrəsəsi?”, “Türk dilində mədrəsə, olmalıdır hərkəsə”, “Türk dili rəsmi olsun”, “Azərbaycanın səssizliyi əbədi olmayacaq.”