Accessibility links

Haray: Beynəlxalq sanksiyaların İranın hazırki siyasi durumuna təsiri və etnik xalqların yeni münasibət sistemi


Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzi
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzi

Haray proqramının bugünkü buraxılışını İranda hazırki siyasi duruma həsr etmişik. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İran hakimiyyəti ölkədə cərəyan edən proseslərdən gərəkli nəticə çıxarmasa, bu, vətəndaş cəmiyyətini fəallaşdıra bilər. Onunla söhbəti sizə təqdim edirik.

Sual: Beynəlxalq ictimaiyyətin təhdidlərinə baxmayaraq, İran bu günlərdə yenə bir qadını edam edib. Beynəlxalq ictimaiyyətin təhdidlərini İran niyə saymır?

Cavab: Hadisələrin inkişafı göstərir ki, İran beynəlxalq təhdidlərlə hesablaşmaq fikrində deyil: nüvə çalışmalarını davam etdirir, edamlar davam edir, öz siyasətini yürüdür. Bir qadının edam olunması məsələsi vardı. Buna Qərbdən çox böyük etiraz oldu, amma heç bir reaksiya olmadı. İndi də görürük ki, yenə də həbslər dalğası davam edir. Yəni düşünürlər ki, onların bu siyasəti davamlı olacaq və heç bir təlatüm olmayacaq. Amma İranın özündə baş verən proseslər də göstərir ki, bu heç də belə deyil; insanlar arasında narazılıq artır; iqtisadiyyatda infulyasiya yaşanır; pul qiymətdən düşür. Məncə İran hakimiyyəti siyasətini dəyişməzsə, İran hakimiyyətini qarşıda böyük problemlər gözləyir.


Sual:
İnsan haqları ilə bağlı bu problemlərin olduğu bir vaxt beynəlxalq sanksiyalar İranda hansı yeni müsibətlər sistemi yarada bilər? Xüsusilə də, insanlarla, ictimaiyyətlə, elektoratla hakimiyyət arasında.

Cavab: İrana qarşı iki növ beynəlxalq sanksiya həyata keçirilir. Biri Birləşmiş Millətlər Təşkilatının səviyyəsində həyata keçirilən sanksiyalardır. Ancaq bundan da qüvvətlisi başda Amerika Birləşmiş Ştatları olmaqla, Avropa Birliyi dövlətlərinin İrana qarşı tətbiq etdiyi təktərəfli sanksiyalardır. Bunlar daha təsirli sanksiyalardır. Çünki İran bir sıra Avropa ölkəsinin ortaq zavodlarından, fabriklərindən mal alırdı, maliyyə resurslarını bu ölkələrdə yerləşdirirdi. İndi bunların hamısından məhrum olub və bu, İrana iqtisadiyyatda çox çətin proseslər yaşadır. Düşünürəm ki, İran hakimiyyətini bu proseslərdən gərəkli nəticə çıxarmasa, bu, vətəndaş cəmiyyətini fəallaşdıra bilər. Artıq insanlar özləri də İran hakimiyyətinə qarşı suallar meydana çıxarırlar. Digər tərəfdən parlament özü də artıq aktivləşib, artıq İran prezidentinə qarşı inamsızlıq vetosu irəli sürməyə çalışırlar. Demək ki, İran hakimiyyətinə qarşı təpkilər artıb, amma təəssüf ki, hələ İran hakimiyyəti bundan lazımi nəticələr çıxartmayıb.

Sual: Etnik mənada İranda hansı münasibətlər sistemi yarana bilər? Xüsusilə də azərbaycanlıların indiki hakimiyyətə münasibətində.

Cavab: Fəal azərbaycanlılar İran hakimiyyətinə qarşı çox kəskin mövqedən çıxış edirlər. Çünki İran inqilabından sonra vəd edilən dəyişikliklər həyata keçirilmədi. Etnik azlıqlara onların sərbəstliyi, dili, məktəblər açması ilə bağlı bir çox vədlər verilmişdi. İndi də tələblər çox sərtləşib. Həm Tehranda, həm də əyalətlərdə yaşayan etnik azərbaycanlılar səslərini ucaltmağa başlayıblar. Onlar bu haqları əldə etmək istəyirlər. Bəzən bu fəallıq çox da nümayiş olunmur. Amma müəyyən zaman keçdikdən sonra, bəzi hadisələr baş verir ki, o zaman biz bir çox tətillərin, küçə yürüşlərinin şahidi oluruq. Müəyyən bir “x” günündə bu etiraz daha da çoşa bilər. Ona görə İran hakimiyyəti xalqlara vəd etdiyi azadlığı verməsə, İran hakimiyyəti çox böyük problemlər yaşayacaq.

Sual: Onu da qeyd edək ki, Mahmud Əhmədinejad prezident seçkiləri qabağı vədlərində Təbriz camaatı qarşısında, xüsusilə də, azərbaycanlılar qarşısında dilə hörmətlə bağlı, universitetlərin açılacağı ilə bağlı vədlər vermişdi. Amma bunlar da yerinə yetirilmədi.

Cavab: Bəli, prezident seçkiləri ərəfəsində çox vəd verilmişdi. Əhmədinejad əvvəllər Azərbaycan vilayətlərində çalışdığından azərbaycanlıların istək və tələblərini yaxşı bilir. Sadacə bunları həyata keçirmək istəmir. Bunu etmək istəsə belə, dini liderin müqaviməti ilə üzləşəcəyini də düşünür. Ancaq bu vədlər həyata keçirilmədikcə, İran hakimiyyəti daha da aqressivləşir və olan hüquqları da insanların əlindən alır. Fikir verin, bu yaxınlarda bir qərar çıxartdılar ki, Azərbaycan Respublikasından İrana gedənlər qohumlarının evlərində deyil, mütləq mehmanxanalarda qalmalıdırlar, yaxud qeydiyyatdan keçməlidirlər, Azərbaycan Respublikasından müğənnilərin toylara çağırılması qadağan etməyə çalışırlar. Yəni görürlər ki, İranda azərbaycanlı şüuru daha da artır. Bundan çox qorxurlar. Bundan qorxurlarsa, digər azadlıqlara da heç vaxt icazə verməyəcəklər.

Sual: Yeri gəlmişkən, İran hökumətinin vizaların ləğvi ilə bağlı qərarında bu, jurnalistlərə qarşı tətbiq edilmir. Yəni jurnalist vətəndaş kimi İrana gedə bilər, amma fotoaparatla, diktafonla İrana gedə bilməz.

Cavab: Yəni, əslində çox böyük ziddiyyətlərdir. Vizanı ləğv ediblər, amma vətəndaş vizasız gedirsə, qohumunun evində qala bilməz, qeydiyyatdan keçməlidir. Bu, vizadan da mürəkkəb bir sistemə çevrilir. Ondan sonra çox adam heç İrana getmək istəməz, çünki, bir neçə prosedurdan keçməlidir. Orda da onlar sorğu-suala tutulacaq ki, bu da vizadan da çətin prosedurdur.

XS
SM
MD
LG