Amerikanın Səsi: Kriptovalyutalar nədir və belə bir valyuta növünün yaranmasına nə səbəb oldu? Həqiqətən də kriptovalyutalar maliyyə sisteminin gələcəyidir, yoxsa internetdə müəyyən insanlar tərəfindən yaradılmış və yayılmış uydurmadır?
Hafiz Poladzadə: Kriptovalyutalar normal valyutalar kimi mübadilə vasitəsidir, məsələn, manat və ya dollar qarşılığında əmtəə və xidmət əldə etdiyimiz kimi kriptovalyutaların da vasitəsilə sadalananları əldə etmək olur. Lakin rəqəmsal informasiyanın mübadiləsi məqsədi üçün dizayn edilib. Bu proses kriptoqrafiyanın müəyyən prinsipləri sayəsində mümkün olur.
Kriptoqrafiya – şifrələmə - tranzaksiyaların təhlükəsizlinin təmini və “coin” yaranması üçün istifadə olunur. İlk kriptovalyuta, Bitcoin, 2009-cu ildə Satoşi Nakomoto psevdonimli şəxs və ya qrup tərəfindən yaradılıb. Bitcoinə əsaslanan digər kriptovalyutalar isə "altcoin" adlanırlar.
Çox sadə dildə izah etməli olsam, kriptovalyuta elektrik enerjisinin monetar dəyəri olan kod sətirlərinə konvertasiyadır.
Kriptovalyuta ideya olaraq 30 il əvvəldən mövcud idi
Yaranmasına zəmin isə 1980-lərin sonlarında kripto anarxistlər tərəfindən qoyulurdu. Məsələn, Timoti C. Mey manifestində qeyd edir ki, kompyuter texnologiyaları – fərdlərin anonim şəkildə kommunikasiyasını kriptoqrafik protokolların vasitəsilə tam təmin edə bilir. İki nəfər biznes razılaşmaları, elektron müqavilələri bir-birini tanımadan və üçüncü şəxsin güvəninə ehtiyac duymadan reallaşdıra bilərlər.
1980-ci illərdə hələ kompyuterlər çox zəif idi, ona görə də bu mövzular Avropa və ABŞ-da konfranslarda Milli Təhlükəsizlik Agentliyinin monitorinqi altında müzakirə edilirdi. Yeni sistem dövlətlər tərəfindən maksimum sıxışdırılsa da, kripto anarxiyanın yayılmasının qarşısını alına bilmədi.
Çapın icad olunması sosial strukturda güc dəyişikliyinə səbəb olduğu kimi şifrələnmiş iqtisadi tranzaksiyalar da eyni dəyişikliyi edəcək.
Timoti Mey bu manifesti 1992-ci ildə Kiberpank icmasına e-mail şəklində göndərmişdi. Yeri gəlmişkən, Meyin özü Inteldə baş elmi işçi və mühəndis olub, sonradan siyasi və texniki mövzularda yazılar yazıb.
Hər şey riyazi hesablamaların üzərində qurulub
Kriptovalyutalar gələcəyin maliyyə sistemidirmi?! Məncə, elədir. Milli (Mərkəzi) Bank sisteminin tam əksi (qeyri-mərkəzləşmə) olaraq kriptovalyutalar hökümətin nəzarətinə tabe deyil və əskinaslar kimi “istənilən” qədər çap edilə bilməz.
Əksər kriptovalyutalar elə dizayn edilib ki, zaman keçdikcə istehsalat aşağı düşsün. Bu yolla öz bazar həcmlərini artırırlar. Maliyyə institutları zaman keçdikcə daha çox valyuta istehsal edir, bu da inflyasiyaya səbəb olur. Bitcoin, o cümlədən digər kriptovalyutalar isə ancaq müəyyən sayda ola bilir. Ondan artığı isə heç vaxt mümkün deyil. Niyə mümkün deyil sualının cavabı isə kriptovalyutaların texniki sistemlərində, alqoritmlərindədir.
Amerikanın Səsi: Kriptovalyutaların dəyəri necə və kim tərəfindən müəyyən edilir? Kriptovalyutalar mərkəzləşməmiş, hər hansı tənzimlənən banka və ya ənənəvi ödəmə sisteminə bağlı deyil. Bu zaman insanlarda sual yaranır ki, kriptovalyutalar təhlükəsizdirmi və buna yatırılan investisiyaların hüquqları hansı orqan tərəfindən və necə qorunur?
Hafiz Poladzadə: Kriptovalyutaların bazar dəyəri onlara olan tələb-təklif, ilkin iqtisadi prinsiplər, əsasında təyin edilir. Yəni buna heç bir üçüncü qüvvə, şəxs, təşkilat, institut müdaxilə edə bilmir. Təhlükəsizliyə zəmanət deyəndə əgər köçürmələri nəzərdə tutursunuzsa, kriptovalyutaların texniki dizaynı təhlükəni mümkünsüz edir. Yox, əgər bank kimi düşünüb, bank iflas olarsa, mənim pullarım nə olacaq kimi yanaşırsınızsa, o zaman bir daha vurğulayım ki, sizin pulunuz heç bir institut, üçüncü şəxsdə olmur. Sizin hər valyutaya uyğun elektron cüzdanınız olur və o cüzdana giriş icazəsi yalnız sizdə olur. Normalda sizin bank hesabınıza bank özü müdaxilə edə bilir. Kriptovalyuta dünyasında isə belə deyil.
Kriptovalyutaların texniki dizaynı təhlükəni mümkünsüz edir
Hər hansı bir kriptovalyutanın hələ kriptovalyuta kimi xalq tərəfindən öz təsdiqini tapması çox bahalı və uzun prosesdir. İlkin mərhələdə hər şey güvən üzərində qurulur. Artıq bir kriptovalyutanın nə olması məlumdur. Qalır bu valyutanın bazara nə məqsədlə çıxması, çıxıb nə kimi dəyişikliklər etməsi. Bunu isə onlar “ağ kağız”(white paper) adlandırılan akt formasında ictimaiyyətə təqdim edirlər. Söz güvəndən düşmüşkən, bütün kriptoqrafik köçürmələr ictimaiyyətə açıqdır. Yəni mən bu dəqiqə sizə 0.003654 Bitcoin göndərsəm, bu köçürmə mübadilə gedən birjada şəffaf şəkildə hamı tərəfindən görülə bilər, lakin kim kimə göndərib, bilinməyəcək. Ümid edirəm, bununla da yaxın gələcəkdə çirkli pulların yuyulmasının da sonu gəlmiş olacaq.
Kriptovalyutaların təhlükəsizliyi iki hissədən ibarətdir. Birincisi odur ki, mayner tərəfindən yerinə yetirilmiş tapşırığın həş dəstinin kəsişməsini tapmaq lazımdır. İkinci isə “51% hücum”dur. Yəni bir maynerin mayninq gücü qlobal mayninq şəbəkəsinin gücünün 51%-ni təşkil etməlidir ki, qlobal blokçeyn mühasibatını ələ keçirsin və alternativ bloklar zənciri yaratsın. Hətta bu halda da hücum edən tərəf ya öz köçürmələrini tərsinə çevirə bilər, ya da başqa köçürmələri sadəcə bloklaya bilər. Hücum belə məhduddur.
Amerikanın Səsi: Kriptovalyutaların belə sürətlə məşhurlaşması sizcə insanların get-gedə klassik maliyyə qurumlarına inamını itirərək komputerlərə daha çox inanması kimi dəyərləndirmək olar? Ümumumiyyətlə, insanın əslində əlinə ala bilməyəcəyi, görmədiyi, sadəcə rəqəmdən ibarət olan bir valyuta növünə inanmasının arxasında duran psixoloji səbəblər nələrdir?
Uol Strit bacardığı qədər neqativ proqnozlar verərək kriptovalyutaların reputasiyasını aşağı salmağa çalışır
Hafiz Poladzadə: Kriptovalyutaların get-gedə məhşurlaşması ənənəvi maliyyə sisteminə zərərdir, əlbəttə. Ona görə də Uol Strit(Wall Street) bacardığı qədər neqativ proqnozlar verərək reputasiyanı aşağı salmağa çalışır. Halbuki bu gün kriptovalyutanın bazar həcmi artıq 650 milyard dollardır. Gələn il isə daha çox olacaq. Təsəvvür edin ənənəvi bank sistemi sizin pulu sizdən alır ki, təhlükəsizliyini təmin etsin. O pulla başqasına borc verir, komisyonla, o başqası isə həmin borcu komisyonla bir yerdə banka qaytarır. Bank bu şəkildə on minlərlə əməliyyatlar edir. Burada (ABŞ) banklar özlərində olan pulun 9 qatı qədər borc verə bilirlər. Qanunla tənzimlənir. Əlbəttə ki, mərkəzi gücə çevrilirlər və güc bir əldə toplananda, adətən, çox təhlükəli olur. Kriptovalyuta, şifrələnmiş köçürmələr, elektron kontraktlar isə yeni iqtisadi sistem gətirmək üzrədir. Maliyyə anarxiyası da deyə bilərsiniz.
Klassik maliyyə sistemi artıq güvənini itirib
İnsanlar toxuna bilmədikləri bir şeyə niyə inansınlar sualı çox yaxşı sualdır. Ağlıma ilk olaraq tanrı konsepsiyası gəlir arqument olaraq, ancaq bu misalla kriptovalyuta fəlsəfəsinə neqativ münasibət yaratmaq istəmirəm. Yuxarıda kifayət qədər texniki detallı şəkildə niyə təhlükəsizdir və təhlükəsizlik necə təmin olunur kimi nüansları qeyd etmişəm. İnsanlar əllərində olan valyutanın (bizim halda manatın) bir gecə içində dəyərdən düşməsini, bankların bilərəkdən mübadiləyə maneə yaratmasını, hökümətin buna laqeydliyini, Mərkəzi Bankın isə insanların gözünün içinə baxa-baxa danışdığı ağ yalanları artıq görüblər.
2008-ci ildə reytinq şirkətlərinin saxtakarlıqları, korrupsiyanerlikləri ucbatından baş verən qlobal iqtisadi böhranı da bəşər insanı olaraq hamımız görmüşük. Sadaladığım bütün qurumlar iqtisadiyyat və siyasətdə insanların güvənməli olduqları məfhumlardır. Demək ki, klassik maliyyə artıq güvənini itirib. Yeni bir sistem lazımdır. Hal-hazırda isə blokçeyn texnologiyası bu üçüncü tərəfləri tamamilə, şəffaf şəkildə əvəz edir.
Amerikanın Səsi: Azərbaycandan olan investorlar kriptovalyuta biznesinə yatırım etmək istəsələr, bunu necə edə bilərlər?
Gələn il Bitcoin-in dəyəri 50 min dollara qalxacaq
Hafiz Poladzadə: Bitkoynin dəyərinin qalxması onun kütlə arasında populyarlığı ilə əlaqədardır. Bundan başqa, əksər kriptovalyutaları birbaşa dollar ilə mübadilə etmək mümkün deyil. İlk olaraq gərək Bitcoin, Ethereum, Litecoin, Bitcoin Cash alınsın, sonra onları istənilən digəri ilə mübadilə etmək olur, əgər birja o cütlüyü dəstəkləyirsə. Proqnozlara görə gələn il Bitcoin 25000-50000 ABŞ dolları aralığında bir qiymətə qədər yüksələcək.
Kriptovalyuta rəqəmsal aktivdir, ona biznes kimi davranmaq, məncə, doğru sayılmaz. Yatırım etmək istəyənlərə isə bizim AzCrypto.net platformamızda bələdçi məqalələrimizlə tanış olmağı məsləhət görə bilərəm.