Yanvarın 18-dən etibarən Ərdəbil həbsxanasında saxlanılan siyasi fəal Abbas Lisani bu həbsxanada saxlanılan və aclıq aksiyası keçirən digər Güneyli siyasi məhbus Yusuf Kariyə dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başlayıb.
Bu barədə insan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Ərdəbil həbsxanasında saxlanılan Yusuf Kari yanvarın 14-dən bəri həbsxanaya nəzarət edən prokuror köməkçisinin ona qarşı pis davranışı, həbsxana rəsmilərinin siyasi məhbusların problemlərinə laqeyd yanaşması və onu bölməsindən ayırıb karantin bölməsinə köçürmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Siyasi fəal yanvarın 17-dən quru aclıq aksiyasına başlayıb.
Yusuf Kari yanvarın 14-də sağlamlıq məzuniyyəti tələbi ilə əlaqədar Ərdəbil həbsxanasının prokuror köməkçisi olan Sepehriyə müraciət etdiyində köməkçi məhbusları aşağılayaraq, siyasi məhbuslara heç bir haqq tanımadığını bildirib. Siyasi fəal prokuror köməçisinin əmri ilə həbsxananın karantin bölməsinə köçürülüb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, yanvarın 16-da İran Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Ərdəbil həbsxanasında aclıq aksiyasına başlayan milli fəala dəstək olmaq və siyasi məhbusların haqlarının ayaqlanmasına etiraz olaraq, Ərdəbil divarlarında etiraz şüarları yazıblar.
Tehranın Evin həbsxanasınad həbsdə saxlanılan digər güneyli siyasi fəal Tohid Əmir Əmini isə yanvarın 18-də bir məktub yazaraq siyasi fəal Yusuf Kariyə dəstək bildirib.
2019-cu ilin sentyabr ayından bəri Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Yusuf Kari “milli təhlükəsizliyi pozmaq məqsədilə sözdə milli-mədəni qruplara üzv olub və davamlı şəkildə onların toplantılarına qatılmaq” ittihamı ilə 2 il həbs cəzasına məhkum edilib.