İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmiyə gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiyə şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib. Təbriz və Urmiyə şəhərlərində, o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başqa şəhərlərində Urmiyə gölünün xilası məqsədilə təşkil olunan etiraz nümayişləri “ətraf mühiti qoruyaq” devizi altında keçirilir. İran azərbaycanlıları “Duz sunamisi” adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər.
Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.
Fəlakətin qarşısının alınmasına yönəlmiş etiraz aksiyaları İranda və beynəlxalq aləmdə dəstəklənir. Bir neçə beynəlxalq hüquq müdafiə təşkilatları, xüsusilə həbsxanalarda insanlarla sərt rəftar və işgəncələri pisləyən bəyanatlarla çıxış edib.
Son xəbərlərə görə, etiraz hərəkatının İranda və beynəlxalq aləmdə dəstəklənməsi İranın bəzi rəsmi şəxslərinin problemin həllinə diqqət ayırmasına səbəb olub. Urmiyə gölünə Araz çayından su gətirilməsi məsələsi yenidən gündəmə gəlib. Bununla yanaşı, bəzi İran rəsmilərinin fəlakətin qarşısının alınması üçün 900 milyon dollar vəsait ayıracaqları ilə bağlı səsləndirdiyi bəyanatlara inananlar da çox deyil. Çünki, prezident Əhmədinejad İran Azərbaycanına səfəri zamanı bu barədə konkret söz deməyib və öhdəlik götürməyib
Digər tərəfdən isə Urmiyə gölünün xilası məsələsinin artıq beynəlxalq problemə çevrildiyi bir zamanda İranın dini rəhbəri Əli Xamneyi Xorasanda olarkən hövzənin su ilə təchizi məsələsinin tezliklə həll olunmasına göstəriş verib.
Beynəlxalq reaksiyalardan danışarkən xatırladaq ki, Almaniyanın Yaşıllar Partiyası məsələ ilə əlaqədar bəyanatla çıxış edib. Partiya bəyanatla kifayətlənməyərək son günlər Almaniya hökumətini Urmiyə gölünün xilas edilməsi üçün İranla konkret əməkdaşlıq aparmağa çağırıb və Avropadakı başqa yaşıllar partiyalarını da Urmiyə hövzəsinin xilası üçün əməkdaşlığa çağırıb.