Accessibility links

Gülmirə Aslanova: İran höküməti mənə cavab versin


Martın 11-də dövlətə xəyanətdə ittiham olunaraq 16 il həbs cəzası alan Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova İranın Azırbaycandakı Səfirliyi qarşısında aksiya keçirib. Bu zaman polislər Aslanovanı səfirliyin qarşından uzaqlaşdırıb.

Gülmirə Aslanova İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:03:52 0:00

Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, həyat yoldaşının həbsi ilə bağlı bir çox beynəlxlaq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti münasibət bildirsə də, onun müraciətinə baxmayaraq, İran Səfirliyi, İran höküməti jurnalistin İran xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı ittihamı nə təkzib, nə də təsdiq edib.

“Azərbaycan hakimiyyəti 21 aydır Polad Aslanovu İrana casusluqda ittiham edir. Mən buna görə məcbur olaraq bu gün İranın Azərbaycandakı Səfirliyinin binası qarşısında etiraz aksiyası edirəm. Onlardan tələbim odur ki, Polad Aslanovun qanunsuz həbsinə münasibət bildirsinlər. Əgər, Polad Aslanov onlara işləyibsə, casusluq edibsə hər hansı formada onlara dövlət sirri veribsə bununla bağlı məlumat versinlər. Mənim rəsmi müraciətim də var. Tələbim odur ki, səfirliyin hər hansı bir nümayəndəsi çıxsın və mənim müraciətimi dinləsin. Mənim müraciətimi rəsmi qeydiyyata götürsün və məni qəbul eləsinlər,“ o qeyd edib.

Gülmirə Aslanova onu da qeyd edib ki, Polad Aslanov təkcə İrana işləməkdə ittiham olunan şəxs deyil.

“Hal-hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində eləcə də digər həbsxanalarda İrana işləməkdə ittiham olunan və cinayət əməli heç bir faktla sübuta yetirilməyən onlarla məhbus var. Onlar hər hansı formada özlərinə qəsd edirlər. Bu günə qədər İran höküməti bu qanunsuz həbslərə susur. Axı biz müsəlmanıq, bəs müsəlman müsəlmanın qardaşı idi. Onların həbsində Azərbaycan höküməti ilə İran höküməti qarşılıqlı razılaşıblar. Ona görə də onlar heç bir münasibət bildirmirlər.”

Aslanovanın dediklərinə rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.

Lakin Azərbaycan hakimiyyəti birmənalı olaraq, ölkədə siyasi motivli həbslərin olması barədə məlumatları inkar edir.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub.

İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Polad Aslanov martın 3-dək (31 gün) aclıq aksiyası keçirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG