Fərzad Səmədli hesab edir ki, İranın qeyri-fars icmaları arasında ən çox türklərin ana dili məsələsinə önəm verdiyi kimi, İran hakimiyyəti də ən çox türk dilinin güclənməsindən qorxur. Dünya Ana Dili Günü münasibətilə Amerikanın Səsinə müsahibə verən jurnalist illərdir türk dili hüquqları uğrunda İran Azərbaycanında aparılan mücadilənin nəticələrini dəyərləndirib.
UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.
Hakimiyyət bizin dilimizin təkrar tədavülə girməsindən çox qorxur. Çünki, İran rejiminə alternativ biz türklərik.
Xüsusilə 2007-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.
Fərzad Səmədli ümumiyyətlə türk dili hüquqları uğrunda həyata keçirilən fəaliyyətlər və ödənilən bədəllərdən yaxşı nəticələr alındığını ifadə edir.
Onun sözlərinə görə, “türklər dil məsələsi üzərində çox həssaslıq göstərib və o biri etnik icmalar və millətlərə çıraq olmuşlar. Biz Dünya Ana Dili Günü tədbirlərini qeyd etməyə başladıqdan sonra onlar da buna daxil oldular.”
Türk dili haqları fəallarına qarşı tətbiq edilən ağır basqılara diqqət çəkən Səmədlinin sözlərinə görə, İran hakimiyyəti ən çox türk dilinin güclənməsindən qorxur:
Türklər dil məsələsi üzərində çox həssaslıq göstərib və o biri etnik icmalar və millətlərə çıraq olmuşlar.
“Hakimiyyət bizin dilimizin təkrar tədavülə girməsindən çox qorxur. Çünki İran rejiminə alternativ biz türklərik. Sadəcə hakimiyyətə deyil, hakimiyyəti təşkil edən fars kimliyinə də alternativ bizlərik. Ona görədir ki, bizim üzərimizdə çox yuxarı həssaslıq var.”
Dil hüquqları müdafiəçisi keçən illərdə İran Azərbaycanında Dünya Ana Dili Günü ilə əlaqəli keçirilən müxtəlif tədbirlər və ümumiyyətlə dil hüquqlarına dair həyata keçirilən fəaliyyətləri şərh edib.
O, hesab edir ki, həmin fəaliyyətlər nəticəsində türk dilində təhsil tələbi toplumun bütün kəsimlərinin əsas tələblərindən biri olmuşdur.