Əfsanəvi 1966-cı il “Uembli” finalının qəhrəmanları Tofiq Bəhrəmovun abidəsi önünə gül qoydular. Bu barədə Turan agentliyi məlumat yayıb.
1966-cı il dünya çempionatının Londonun “Uembli” stadionunda final oyununun əfsanəvi iştirakçıları - ingilis Ceff Herst və alman Hans Tilkovski 35 il sonra Bakıda yenidən görüşdülər, amma rəqib kimi deyil, həmkar-dost kimi.
Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar mərasimlərdə iştirak etmək üçün Bakıya gələn qonaqlar həmin final oyununda yan hakim olan Tofiq Bəhramovun abidəsi önünə gül qoyublar.
Məhz o, Herstin zərbəsindən sonra topun dirəyə dəyərək Tilkovskinin müdafiə etdiyi qapı xəttindən içəri düşüb, daha sonra meydana sıçramaqla qol olduğunu qeydə almışdı. İngilislər qolu etiraf etməyi tələb edirdilər, amma oyunun İsveçrədən olan baş arbitri çaşqınlıq içində Bəhramova müraciət etdi, sonuncu isə soyuqqanlılıqla meydanın mərkəzinə işarə etdi. Bu, oyunun əlavə vaxtında, hesab 2:2 olduğu zaman baş vermişdir. Herstin qolu ingilisləri önə çıxardı və bir neçə dəqiqə sonra onlar daha bir qol vuraraq, 4:2 hesabı ilə qələbə qazandılar və birinci və sonuncu dəfə dünya çempionu oldular.
1992-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer Bakıya səfəri zamanı mərhum Bəhrəmova qüsursuz hakimliyinə görə şəxsən təşəkkür etmişdi.