İlk öncə Azərbaycandakı təhsil sisteminin problemli olduğunu qeyd edən Firudin Allahverdi 1960-cı illərdən bəri təhsil materiallarında ciddi bir dəyişiklik olunmadığını bildirib.
Azərbaycandakı təhsil sistemi “Nikolay dövründən qalan” təhsil sistemidir.
“Hələ də universitetlərdə Sovet dövründən qalma informasiyaları müasir informasiya kimi tədris edirlər. Beləcə, ciddi təhsili olmayan insanları cəmiyyətə buraxırlar. Sonra kim istəsə özünü maarifləndirmyə çalışır amma sistematik təhsili olmadıqdan sonra bu özünü maarifləndirmə nə qədər uğurlu ola bilər.”
Gənc bəstəkar incəsənətə yardım edən, ciddi sənət əsərinə yatırım etmək istəyən insanların olmamasını da problemin başqa tərəfi olaraq qiymətləndirib.
“Neçə-neçə ölkələrdə müşahidə etmişəm – yuxarı təbəqə həmişə yüksək incəsənətlə məşğul olur, qalereyalar, konsert zalları tikir, studiyalar açır, rəssamları emalatxanalarla təmin edir. Bizimkilər isə aşağı kalibrli incəsənətin vurğunudur.”
Bayağı müğənnilərə pul xərcləməyi incəsənətə yardım hesab edirlər.
Firudin Allahverdi son illərdəki mədəni durğunluğa da aydınlıq gətirərək bildirib ki, hakimiyyət sənətə qarşı qeyri-tolerant yanaşıb.
"İncəsənət insanları təqib etdi, onları azad söz deməkdən çəkindirdi. Belə deyək, dövlət sənətə ideoloji-siyasi qiymət verməsi ilə bir növü onları küsdürdü. Bunun nəticəsində son illərdə xeyli sayda incəsənət insanı ölkəni tərk etdi. Ölkədə qalanlar da fəaliyyətlərini azaltdılar. Bunun da cəmiyyətin mədəni səviyyəsinə vurduğu zərəri 1 ayda, 1 ildə görmək mümkün deyil," Firudin Allahverdi müşahidə edir.
Dövlət incəsənətə qarışmamalıdır.
“Dövlət incəsənətə qarışmamalıdır. Dövlət incəsənət ancaq maliyyə yardımı etməlidir. Azərbaycanda da bütün maliyyə dövlətin əlində cəmləşir. Üstəlik dövlətin incəsənəti qiymətləndirmə bacarığı yoxdur. Bəzən dəyərsiz bir sənətə milyonlar xərcləyirlər, bəzən isə ciddi sənət işlərini gözardı edirlər.”
Lakin, bütün bunlara baxmayaraq bəstəkar gələcəklə bağlı ümidini itirmədiyini, dəyişikliklərin olacağınan inandığı qeyd edib.
“Çox şükür ki, hələ internetin bağlanmaması insanların sosial şəbəkələr vasitəsilə də olsa məlumat almağına, fikirlərini paylaşmasına şərait yaradır. Ona görə pestimist deyiləm və inanıram ki, yaxın bir neçə ildə həm incəsənətdə, həm də cəmiyyətdə intibah dövrü başlaya bilər.”
Nə vaxtsa internetə də qadağa qoysalar, bax onda sonumuz qaranlıqdır.
Amerikan dramaturqu Paddi Çayefskinin “Əslində yaxşı əsərlərin yaranması üçün belə repressiv təsisatların olması çox mühümdür” fikri ilə razılaşmayan Firudin Allahverdi sənətin və sənətçinin hər zaman azad olması, azad söz deyə bilməsinin tərəfdarı olduğunu bildirib.
“Bəzən bu məsələdə bizə İranı misal gətirirlər. Amma İrandakı qadağalar film sənayesini ona görə inkişaf etdirdi ki, İran sənətində minillərdir mövcud olan simvolizm ənənələri var. Amma Azərbaycan kimi kiçik ölkələrdə incəsənətə qarşı qoyulan qadağalar onu inkişaf yox, əksinə məhv edir.”
Gənc bəstəkar bildirib ki, sənət mütləq şəkildə azad olmalıdır. Onun sözlərinə görə istənilən sənətçi istədiyini yazmalı, istədiyi çəkməli, istədiyini bəstələməlidir.
"Təcrübə də onu göstərir ki, sənət nə qədər çox azad olarsa o qədər çox inkişaf edir. Bəlkə də İranda azadlıqlar olsaydı İran film sənayesi indikindən qat-qat artıq inkişaf etmiş olacaqdı."