Fərzad Səmədli İslam Respublikasının ABŞ-ın ciddi basqıları ilə üzləşdiyi bu dönəmdə sabiq prezident Məhəmməd Xatəminin federalizmdən bəhs etməsini təsadüfi hesab etmir.
Amerikanın Səsinə danışan jurnalistin söylədiklərinə görə, sabiq prezident bu böhranlı günlərdə etnik icmaları sakitləştirmək məqsədilə federalizm haqqında danışıb. “Qeyri-fars icmaların istəkləri və etirazları getdikcə güclənir. Onları bir növ sakitləşdirmək istəyirlər,” o söyləyir.
Dini liderə bağlı olan qüvvələr isə həmişə avtoritar sistemi müdafiə ediblər. Onlar əyalətlər ya vilayətlərdə yeni güc mərkəzləri görmək istəməzlər.
“İslahat prezidenti” ünvanı ilə tanınan Xatəmi bu yaxınlarda Tehran şəhərinin İslami Şura üzvləri ilə görüşündə “federal idarəetmə modelinin ən əlverişli hökümət sistemi” olduğunu dilə gətirib.
Səmədlinin dediyinə görə, “Xatəmi bu sözləri İran konstitusiyasının nəzərdən keçirilməsi ilə bağlı təkliflərin gündəmə gəldiyi və əlavə olaraq Amerikanın İran üzərində ciddi bir şəkildə basqılar və sanksiyalar tətbiq etdiyi bir dönəmdə söyləyib. Bu göstərir ki, İslam Respublikası böyük problemlər ilə qarşı-qarşıyadır.”
İranda bəzi rəsmilər bundan əvvəl də federal hökümət modeli haqqında təkliflər irəli sürüblər. Amma Fərzad Səmədli hesab edir ki, bu dəfə bunun iki dönəm İranın prezidenti olmuş və islahatçıların lideri kimi tanınan Xatəmi tərəfindən gündəmə gətirilməsi mövzunun daha ciddiyə alınmasına səbəb olub.
Federalizm dini hökümət sistemi ilə, Sepah ilə, inqilab qurumları ilə bərabər mümkün deyil. Bunların dəyişilməsi lazimdir.
“Xatəmi niyə federal sistemdən bəhs etdi? Birincisi, baxır görür ki, Amerikanın sanksiyaları və basqıları elə ağırlaşıb ki hər an bir müharibə baş verə bilər. İkincisi, görürlər ki, qeyri-fars icmaların istəkləri və etirazları getdikcə artır və güclənir. Onları bir növ sakitləştirmək istəyirlər,” jurnalist söyləyir.
O əlvə edir, “yəni, bu dönəmdə içəridə birlik və bərabərlik yaradaraq Amerikanın basqılarına qarşı bir cəbhə hazırlamaq istəyirlər. Ancaq, bu, 40 ildən sonra bu rejimin bu qədər basqısı, ədalətsizliyi, haqsızlığı və zülmündən sonra gerçəkdən baş verə biləcək bir şeymi? Məncə deyil.”
Fərzad Səmədli federal idarəetmə modelinin hazırkı teokratik rejimlə bir arada mümkün olmadığını vurğulayır:
“Həm də ki, Xatəmi naməlum bir şeydən danışır. Yəni, federal sistemin olması yaxşıdır. Amma federalizm dini hökümət sistemi ilə, Sepah ilə, inqilab qurumları ilə bərabər mümkün deyil. Bunların dəyişilməsi lazimdir. Yeni bir sistemə keçmək lazimdir.”
Görürlər ki, qeyri-fars icmaların istəkləri və etirazları getdikcə artır və güclənir. Federalizmdən bəhs edərək onları bir növ sakitləştirmək istəyirlər,
Xatəminin bəhs etdiyi federalizm türk fəallar və digər qeyri-fars qüvvələrini məmnun etməməklə bərabər, “mərkəziyyətçi” siyasi cərəyanların da sərt təpkilərinə səbəb olub.
Jurnalistin dediklərinə görə, onlar qeyri-fars etnik icmalara “kiçik bir haq belə” tanımaq istəmirlər.
“Onlar Xatəminin sözlərinə qarşı çıxdılar, çünki, İranın siyasi ədəbiyyatında İran farsla bərabərdir. Başqa etnik icmaları görmürlər. Qeyri-farslar üçün ən kiçik bir haqq belə tanımaq istəmirlər,” Səmədli qeyd edir.
Onun sözlərinə görə, “dini liderə bağlı olan qüvvələr isə həmişə avtoritar sistemi müdafiə ediblər. Onlar əyalətlər ya vilayətlərdə yeni güc mərkəzləri görmək istəmirlər. İranda hakimiyyətlər ayrılığı yoxdur. Bütün hakimiyyətlər dini liderin əlindədir. Hələ o, bundan əlavə özünü dünya müsəlmanlarının vəli-əmri (əmr sahibi) adlandıraraq bir də fətva gücündən istifadə edir. Yəni bu durumda mühafizəkar qrupların içində federalimzdən bəhs etməyimiz mümkün deyil.”