Accessibility links

Həsən Ərk: Şəhər Şuraları seçkiləri qeyri-farslar üçün fürsət ola bilər [Audio-Müsahibə]


İranda İslami Şəhər Şuraları seçkiləri qarşıdan gələn may ayının 19-da prezident seçkiləri ilə birgə keçiriləcək. Təbrizdən Amerikanın Səsinə danışan jurnalist Həsən Ərkin sözlərinə görə, Şəhər Şuraları nisbətən qeyri-siyasi bir mahiyyət daşıdıqları üçün məhəlli miqyasda və şəhərlərin idarəsində təsirli ola bilər.

Həsən Ərk Ameriikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:18:15 0:00

“Azərbaycan və digər türk bölgələrdə Şəhər Şurasının funksiyası digər rəsmi qurumlardan fərqlidir. Buna görə ki, Şuranın siyasi yükü olsa da, siyasi bir qurum deyil... Şəhər idarəsi və bələdiyyə işləri ilə əlaqədar bir qurumdur. Hakimiyyətin nəzərində də həssasiyyət törədən bir qurum deyil..,” deyə Həsən Ərk ifadə edir.

O, Şəhər Şuraları müəssisəsini, nisbətən qeyri-siyasi bir mahiyyət daşıdığı üçün, qeyri-fars toplumlar üçün bir fürsət kimi dəyərləndirir:

Mən belə düşünürəm ki, İranda hakimiyyət və millət arasında bir növ küsgünlük var. Keçmişdə seçkilərdə bəzi olaylar olub ki millət seçkilərdən soyuyub. Hakimiyyət bir şəkildə ki siyasi hakimiyyətinə də zərər gətirməsin millətlə barışma prosesi aparmaq istəyir. Buna görə, şəhər şuraları məsələsində millətə bəzi imtiyazlar verə bilər.
Həsən Ərk

“Azərbaycandakı hərəkatın təsirini göstərə biləcəyi ilk yer ele bu Şuralardır. Şəhər Şurasında qeyri-farslar [daha yaxşı] fəaliyyət edə bilirlər. Yəni, hakimiyyət də burada bir az keçinir... Hakimiyyət qurumlarında olan türklərin də bizim kimi kimlik qayğıları var. Toplumda yayılmış bu hərəkat hakimiyyət içində olan türkləri də bürüməyə doğru gedir. Onlar da bilər bilməz bundan təsir alır... Bu təsirin özünü göstərdiyi ilk mərhələ elə bu Şuralar səviyyəsində oldu.”

Həsən Ərk həmçinin parlament seçkilərindən sonra təşkil olunan Türk Bölgələri Fraksiyasına diqqət çəkir.

“Mövcud məhdudiyyətləri nəzərə alsaq, bəlkə türk fraksiyası çox iş görə bilməyəcək. Amma yaranması müsbətdir. Keçmişdə Azərbaycanın istəklərinə diqqət yetirən millət vəkili tək-tük olurdu, amma indi fraksiyanın təşkilindən sonra bu istəklərə adət etməyə başlayıblar,” deyə o söyləyir.

Təbrizli jurnalist türk bölgələri, xüsusilə Azərbaycanda qarşıdan gələn şəhər şuraları seçkilərinə ciddi maraq olduğunu qeyd edir. Onun sözlərinə görə, hakimiyyət də bu atmosferdən faydalanmaq istəyir.

Şuranın siyasi yükü olsa da siyasi bir qurum deyil... Şəhər idarəsi və bələdiyyə işləri ilə əlaqədar bir qurumdur.
Həsən Ərk

“Mən belə düşünürəm ki, İranda hakimiyyət və millət arasında bir növ küsgünlük var. Keçmişdə seçkilərdə bəzi olaylar olub ki, millət seçkilərdən soyuyub. Buna səbəblə, hakimiyyət bir şəkildə ki siyasi hakimiyyətinə də zərər gətirməsin millətlə barışma prosesi aparmaq istəyir. Buna görə, şəhər şuraları məsələsində millətə bəzi imtiyazlar verə bilər..,” deyə Həsən Ərk əlavə edir.

İranda şəhərlər və kəndlərin İslami Şura üzvləri hər dörd ildən bir keçirilən seçkilər ilə müəyyən olunur. Şəhər Şuralarının əsas vəzifələri bələdiyyə başqanının təyinatı, bələdiyyə fəaliyyətlərinə nəzarət və şəhər büdcəsini təsdiq etməkdən ibarətdir.

XS
SM
MD
LG