“Şərqi Avropa və Qərbi Avropa tarixi ənənələri fərqli olduğu üçün, bu, ölkələrdə ifrat-sağçı ideyanı dəstəkləyənlərdə özlərini fərqli yöndən göstəriblər,” deyə Elmir Mirzoev Şərqi Avropa mühafizərlığı ilə Qərbi Avropa mühafizəkarlığı arasında fərqi önə çəkir.
Şərqi Avropada bu proseslərin intensivləşməsi birbaşa Putin Rusiyasının xarici siyasəti ilə əlaqəlidir.
Kulturoloqun sözlərinə görə, Rusiyanın Ukrayna ərazilərini işğal etməsindən sonra Şərqi Avropanın ən güclü və inkişaf etmiş ölkəsi olan Polşada ifrat-sağ meylləri daha da güclənməyə başladı. Bu da birbaşa Putinin siyasətinin nəticəsi idi.
İqtisadi böhran ifrat-sağçı qrupların əl-qol açmasına imkan yaratdı.
Elmir Mirzoev həmçinin əlavə edir ki, Qərbi avropada vəziyyət şərqdəkindən bir qədər fərqlidir.
“1945-ci ildən 2000-ci illərin əvvəllərinə qədər ifrat sağçılar siyasət meydanından uzaqlaşmaşmağa məcbur qalıb, marjinallaşmışdılar. Mediaya çıxışları qadağan idi, ritorikaları cəmiyyət tərəfdən qəbul edilmirdi. Lakin,2008-ci ildə dünyada baş verən iqtisadi böhrandan sağçı siyasətçilər çox bacarıqla istifadə edərək, yenidən meydana atıla bildilər. Buna görə də Qərbi Avropada ifrat sağın yenidən ciddi şəkildə canlanmasını 2008-ci il iqtisadi böhranı ilə əlaqələndirmək olar.
İkinci dünya müharibəsindən əvvəl sağçıların ritorikaları anti-semitizm, homofobiya üzərində qurulmuşdusa indiki sağlarda əsas tənqid subyekti mühacirətdir
Uzun illərdir Avropada yaşayan və fəaliyyət göstərən bəstəkar Elmir Mirzoevin sözlərinə görə, Avropanın bir çox ölkəsində baş tutan seçkilərdə ifrat-sağa meylli namizədlər mühacir və iqtisadi problemlərdən bacarıqla istifadə edərək insanları öz ətrafına çəkə bilir.
“Fransa prezident seçkilərində Marine Le Penin namizəd olması və ya Hollandiya Parlament seçkilərində Azadlıq üçün partiyanın lideri Get Vilder-in ikinci yeri qazanması onu göstərir ki, bu cür iqtisadi və miqrasiya problemləri ifrat-sağın əl-qol açmasına, populyarlıq qazanmasına gətirib çıxardır. İkinci dünya müharibəsindən əvvəl sağçıların ritorikaları anti-semitizm, homofobiya üzərində qurulmuşdusa indiki sağlarda əsas tənqid subyekti mühacirətdir.”
Əgər 1930-cu ildə Avropa inkişafının qarşısında əngəl kimi yəhudi predmeti görülürdüsə, indi sağçılar üçün bu predmet müsəlman icmalarıdır.
Kulturoloqun əlavə edir ki, mühacirlərə qarşı bu cür əks-mövqenin yaranmasına səbəb bir neçə nəsil dəyişsə belə mühacirlərin yaşadığı cəmiyyətə assimilyasiya olmamasındadır.
“1945-ci ildə nasist Almaniyasının və mühafizər dəyərlərin məğlub olmasından sonra Almaniyanın bərpası üçün Türkiyədən xeyli sayda insan gətirdilər. Bundan əvvəl Almaniyada ciddi və böyük müsəlman icması yox idi. 3 nəsil dəyişməsinə baxmayaraq assimilyasiya getmir. Yəni, onlar alman və ya fransız olmaq istəmirlər. Sağçı insanlar da bu icmaların, assimilyasiya olmayan qrupların Avropanı inkişafdan saxlayacağından qorxurlar. Əgər 1930-cu ildə Avropa inkişafının qarşısında əngəl kimi yəhudi predmeti görülürdüsə, indi sağçılar üçün bu predmet müsəlman icmalarıdır. Sağçılar hesab edirlər ki, onların nəsillər dəyişsə belə cəmiyyətə inteqrasiya oluna bilməmələri Avropanın qocalması fonunda böyük təhlükədir.
Elmir Mirzoev düşünür ki, media ifrat-sağın yüksəlməsini həyəcan təbili ilə şişirtsə də, əslində vəziyyət o qədər də vahiməli deyil.
“Faktiki olaraq baş verən odur ki, Qərbi Avropanın ən böyük ölkəsindən biri olan Fransada ifrat-sağ millətçi Marin Le Pen məğlub oldu. Alamaniya da isə AFD partiyası ortaya çıxıb və legitim şəkildə fəaliyyət göstərsə də bu partiyanın siyasətdə və gələcək seçkilərdə ciddi rol oynadığını demək olmaz. Merkelin əsas rəqibi məhz sosial-demokratdır. Üstəlik, ifrat-sağ öz ritorikalarında iqtisadi problemləri əsas gətirirmələrinə baxmayaraq məlum olur ki, son ilin hesabatına əsasən Almaniya özünün ən güclü iqtisadi inkişafındadır.”
İfrat-sağın yüksəlməsi artıq özünün pik nöqtəsinin keçib və səngiməyə doğru gedir
Avropanın gələcəyinə ümidlə baxan bəstəkar Elmir Mirzoev hesab edir ki, tərəflər arasında yaranan bu gərginliyin son həddə çatdığına və vaxt keçdikcə bu gərginliyin daha da azalacağına inanır.
“Köhnə qitədə, Avropada, azadlığın başlanğıc nöqtəsi olan Fransada ifrat-sağın dəstəklədiyi Marin Le Penin məğlub olması o deməkdir ki, ifrat-sağın yüksəlməsi artıq özünün pik nöqtəsinin keçib və səngiməyə doğru gedir.”