Azərbaycan Dağınıq Oda (ADO) Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov Amerikanın Səsinə müsahibəsində teatrın qarşılaşdığı məkan problemi ilə bağlı danışıb.
Elmin Bədəlovun sözlərinə görə, ADO teatrı 6 ildir ki, müstəqil fəaliyyət göstərir və bu 6 il ərzində teatr hər zaman məkan problemi ilə üzləşib.
“Biz məkanımızı itirmək təhlükəsiylə üz-üzə qalmışıq. Buna görə də fikirləşdik ki, hətta təmirsiz və balaca məkan belə olsa dövlət balansında olan yerlərdən birini bizə verə bilər ki, biz orada müstəqil fəaliyyətimizi davam etdirək. Biz teatr binası istəmirik. Biz modern teatrıq və istənilən məkana uyğunlaşa bilərik.”
İncəsənətin inkişafı onun müstəqilliyindən başlayır.
Azərbaycan ilk müstəqil teatrı olan ADO-nun bədii rəhbəri əlavə edir ki, Bakı Şəhər Mədəniyyət İdarəsi teatra yer verə bilməkləri üçün tələb irəli sürüb.
“Biz problemlə bağlı prezident İlham Əliyevə, Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə rəsmi müraciət ünvanladıq. Bununla yanaşı 200-dən çox incəsənət nümayəndəsi Əbülfəs Qarayevə bizə yer verilməsi ilə bağlı açıq müraciət etdi. Daha sonra nazirlik məsələni diqqətdə saxladığını bildirdi və Bakı Şəhər Mədəniyyət İdarəsinə bu barədə göstəriş verdi.
İdarənin rəisi və əməkdaşları teatrımıza gəldilər, STOP adlı tamaşamızı izlədilər. Daha sonra bizə yer verə biləcəklərini dedilər. Lakin qeyd etdilər ki, tamaşalara əvvəlcə idarə baxmalı, razılıq olacağı təqdirdə nümayişə buraxılmalıdır. Biz isə bununla razılaşmadıq. Hesab edirik ki, teatr üçün məkan vacibdir, lakin məkandan da vacib teatrın müstəqilliyi və azadlığıdır”.
Biz müstəqil qalmaq istəyirik.
Elmin Bədəlov bildirir ki, nazirlik müstəqilliyimizi alıb, qarşılığında məkan problemimizi həll etmək istəyir.
"Biz isə izah etməyə çalışırıq ki, ADO ilk müstəqil teatr olduğu üçün bu teatrın müstəqilliyi ən azından tarix kimi qorunmalıdır. Biz cəmiyyətimiz, mədəniyyətimiz üçün çalışırıq. Hesab edirik ki, bu teatr ölkənin imicinə başucalığı gətirir, ölkəni festivallarda təmsil edir, teatr mühitinə canlanma qatır. Bütün bunlar göz qabağındadır.
Dünyada mədəniyyətin inkişafına müstəqil incəsənət qurumlarının təkanı da böyük rol oynayıb. Əgər mədəniyyətdə inkişafı istəyiriksə, müasir incəsənətə dəstək olmalıyıq”.