Accessibility links

Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır


Xarici işlər naziri Vaşinqton görüşünün nəticələrindən danışıb

“Əfsuslar olsun ki, biz Vaşinqtonda yenə üç saatdan artıq müzakirələr aparmışıq. Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər rəsmi şəkildə sənədləri müzakirə olunması üçün yenidən təqdim etdilər. Hansı sənədlər ki, biz müzakirə edirik.”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 24-də bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualının cavabında Ermənistan xarici işlər naziri ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrindən danışıb.

Nazir jurnalistlərə müraciət edərək deyib ki, “əgər soruşsanız hansı sənədləri təqdim ediblər?”

Biz ciddi, substantiv danışıqlar aparmalıyıq.

“Görüşdən sonra mən jurnalistlərə dedim ki, biz artıq 15 ildir danışırıq. Jurnalistlər nəyi müzakirə etdiyimizi öyrənmək istəyirsə, ən yaxşısı, həmsdərlərin martın 9-da yaydığı bəyanatı oxusun və orada hər şey yazılıb. O bir məsələdir ki, biz bununla razıyıq, razı deyilik. Biz bunun əsasında müzakirə aparırıq. Bu sənədlər yenidən həmsədrlər tərəfindən bizə rəsmi şəkildə təqdim edildi. İkinci məqam, yenə də həmin bəyanatda çağırış var idi ki, təmas xəttində sakitlik olsun. Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, proses 2004-cü ildə Praqada başlayanda, sonra Madriddə davam etdiriləndə, daha sonra Kazanda davam etdiriləndə (bəziləri deyirlər `Lavrov planı` var və sair), - danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr, yəni substantiv danışıqlar aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz ciddi, substantiv danışıqlar aparmalıyıq. Biz artıq hazırda həmsədrlərin martın 9-dakı bəyanatı əsasında işləyirik. Yenə də deyirəm, həmin bəyanatın bəzi məqamları ilə razıyıq, bəzi məqamları ilə razı deyilik. Həmin bəyanatda yazılıb ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Qalan məsələlər bundan sonra əksini tapa bilər. Həmsədrlər Vaşinqton görüşündə rəsmi sənədləri təqdim edib, bir-iki ay üzərində işləməliyik. Düzünü deyim ki, sənədə baxmışam, amma ciddi təhlil etmək lazımdır. Amma yenə də həmin məsələlərdir. Biz belə razılığa gəldik ki, həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra biz yeni görüş keçirək," nazir qeyd edib.

Elmar Məmmədyarov Amerikanın Səsinin danışıqların nəticəsinin nədən ibarət olması ilə bağlı sualının cavabında deib ki, nəticə odur ki, Ermənistanın qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır.

“Biz bunu həmişə deyirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bütün dünya (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. O ki, qaldı, başqa məsələlərə, onlar müzakirə oluna bilər. Amma ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunlar deyirlər ki, bu paket şəklində olsun, yoxsa mərhələli şəkildə olsun. Artıq bu bilinir ki, mərhələli şəkildə, addım-addım olmalıdır. Amma ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır.”

“Mən Nostradamus deyiləm ki, vaxtını deyim. Nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Nazir Amerikanın Səsinin “Ermənistan qoşunlarının nə vaxt çıxarılacağı ilə bağlı qrafik varmı?” sualının cavabında deyib: “Mən Nostradamus deyiləm ki, vaxtını deyim. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. O da Vaşinqtonda müzakirə olunmuşdu. Belə düşünürəm ki, Ermənistan tərəfi hər dəfə məsələ qaldırır ki, `bizə status, bir də təhlükəsizlik lazımdır` (söhbət Dağlıq Qarabağın statusundan gedir-red). Statusla bağlı artıq bilinir. O ki, qaldı təhlükəsizlik baxımından regiona beynəlxalq sülhməramlı qüvvələr gətirilə bilər. O baxımdan gərək həmsədrlər öz təkliflərini dəqiqləşdirib versinlər. Həmsədrlər qəbul edir ki, onun üzərində gərək işləsinlər” , nazir qeyd edib.

Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Bu il iyunun 21-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri xarici işlər nazirlərinin görüşünü hazırlamaq məqsədi ilə bu il mayın 27-dən 30-dək regionda səfərdə olub, Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlər Azərbaycanda səfərdə olarkən, mayın 30-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, snayper atəşi ilə Azərbaycan Müdafiə Nazirliyinin zabitinin öldürüldüyünü bildirib.

Bu zaman Ermənistan tərəfi atəşkəsin pozulmadığını, cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə əməl edildiyini bəyan edib. Buna baxmayaraq, həmsədrlərin regiona səfərindən sonra cəbhənin Dağlıq Qarabağ istiqamətində Ermənistanın və Azərbaycanın hər birinin iki hərbçisi öldürülüb.

İyunun 13-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın aviasiya vasitəsinə ermənilər tərəfindən raket zərbəsi endirildiyini bildirib.

Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib. Azərbaycan tərəfi cəbhədə gərginliyin artmasını Ermənistanın danışıqları pozmaq cəhdi kimi qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb
Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək” , sənəddə qeyd edilir.

XS
SM
MD
LG