Cümə axşamı Birləşmiş Ştatlar paytaxtı Vaşinqtonda ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan görüşdülər.
Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr olunmuş danışıqlarda tərəflər son zamanlar regionda baş verənləri və mövqelərini müzakirə etdilər. ATƏT Minsk Qrupunun yaydığı bəyanta əsasən, xarici içlər nazirləri həmsədrlərin regiona son səfəri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik sahəsindəki ölçülərlə bağlı mövqelərinə və gözləntilərinə aydınlıq gətirdilər.
Üç saat çəkən müzakirələrin ardınca hər iki ölkənin nazirləri jurnalistlərin suallarını cavablandırdılar.
Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri
Nazir Elmar Məmmədyarov “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söylədi. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə etdi.
“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.”
Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkdi. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışdı.
“Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi biz əhalini sülhə hazırlamalıyıq,” o bildirdi.
Mövqeyimizdə dəyişiklik yoxdur, heç bir dəyişiklik ola bilməzdi. Ermənistanın mövqeyi çox praktik yanaşmaya əsaslanır.Zöhrab Mnatsakanyan, Ermənistanın xarici işlər naziri
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan cəbhə xəttində eskalasiyadan narahatlığını və bunun danışıqlara təsirini qeyd etdi. Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyinin ölkəsi üçün başlıca prioritet olduğunu vurğulayan nazir rəsmi Yerevanın məsələlərə praktik nöqteyi-nəzərdən baxdığını bildirdi.
“Mövqeyimizdə dəyişiklik yoxdur, heç bir dəyişiklik ola bilməzdi. Ermənistanın mövqeyi çox praktik yanaşmaya əsaslanır. Dağlıq Qarabağ maraqlı tərəfdir və bütün bunların subyektidir. Əgər biz danışıqlar prosesində tərəqqiyə nail olmaq istəyimizdə ciddiyiksə, o zaman onların müvafiq sahiblik hissi olmalıdır. Bu məsələdə biz mövqeyimizi çox aydın ifadə etmişik.”
ATƏT Minsk Qrupunun həmsədrləri görüşdən sonra yaydıqları bəyanatda tərəflər arasında mövcud birbaşa kommunikasiyadan yararlanmağın və eskalasiya riskinin qarşısını almaq üçün cəld reaksiya verməyin önəmini vurğuladılar.
Onların bildirdiyinə görə, xarici içlər nairləri yaxın gələcəkdə görüşməyə razılıq veriblər.