Accessibility links

Əli Əhmədov: Cəmil Həsənli 1993-cü illə, 2013-cü ilin Azərbaycanını müqayisə etsin [Video-Müsahibə]


Əli Əhmədov: Cəmil Həsənli 1993-cü illə, 2013-cü ilin Azərbaycanını müqayisə etsin
please wait

No media source currently available

0:00 0:06:49 0:00

Əli Əhmədov: Cəmil Həsənli 1993-cü illə, 2013-cü ilin Azərbaycanını müqayisə etsin

Yeni Azərbaycan Partiyası sədrini müavini Əli Əhmədovun Amerikanın Səsinə müsahibəsi

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov Amerikanın Səsinə müsahibəsində seçki prosesi, Dağlıq Qarabağ münaqişəsi, korrupsiya ilə bağlı ittihamlar, ATƏT-in seçkiləri müşahidə missiyasının aralıq hesabatı, YAP-ın namizədinin seçki platforması barədə danışıb.

Sual: Dünən prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələrinin ilk debatı keçirildi. Amma maraqlıdır ki, heç bir namizəd və səlahiyyətli nümayəndə ölkənin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi və onun həlli məsələlərindən danışmadı. Bu prioritet deyildi, yoxsa hansı səbədən danışılmadı?

Yeni Azərbaycan Partiyasının namizədinin ünvanına əsassız olaraq səsləndirilən ittihamlara cavab vermək zorunda qaldıq.
Cavab: Əlbəttə, mən bütün namizədlər və onların nümayəndələri adından danışa bilmərəm. İlk debatdakı atmosfer ondan ibarət oldu ki, opponentlərimizin bəziləri tərəfindən Yeni Azərbaycan Partiyasının namizədinin ünvanına əsassız olaraq səsləndirilən ittihamlara cavab vermək zorunda qaldıq. Amma, qaldırdığınız məsələ ilə bağlı YAP-ın namizədi seçki platformasında bəyan edib. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həll olunması istiqamətində bundan sonra göstəriləcək səylər, bu səylərin nədən ibarət olması ilə bağlı ayrıca bir maddə var. Hesab edirəm ki, YAP-ın namizədinin bu illər ərzində münaqişənin aradan qaldırılması istiqamətində taktikası, strategiyası, yanaşması, həm də səyləri və onların nəticələri yaxşı məlumdur.

Sual: Amma, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bəyan edib ki, indiki iqtidar hakimiyyətdə olduğu iyirmi il ərzində Dağlıq Qarabağda 20 metr torpağı belə azad edə bilməyib. Cavabınız?

Cəmil Həsənli bu barədə indi yox, iyirmi il əvvəl düşünməli idi.
Cavab: Cəmil Həsənli bu barədə indi yox, iyirmi il əvvəl düşünməli idi. 1992-1993-cü illərdə Azərbaycan torpaqlarını ermənilərə tutmağa imkan verəndə, hakimiyyətdə təmsil olunarkən bu barədə düşünməli idi. Bu problemin indiki vəziyyətə çatmasına o zaman imkan verilməməli idi. Ən azından Cəmil Həsənlinin mənəvi haqqı yoxdur ki, bu problemin həll olumaması ilə bağlı kimləri isə ittiham etsin. YAP-ın namizədinin və Azərbaycan iqtidarının bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri və onun nəticələri hər kəsə məlumdur. Münaqişəni həll etmək üçün birincisi, diplomatiya istiqamətində çox böyük işlər görülüb və dünya ictimaiyyəti artıq əhəmiyyətli dərəcədə münaqişəyə və onun nəticələrinə fərqli yanaşır. İkincisi isə münaqişənin dinc yolla həll olunması istiqamətində aparılan danışıqlarda müsbət nəticə əldə edilməsə, Azərbaycan öz torpaqlarını digər üsullarla həll etmək üçün kifayət qədər çox ciddi və etibarlı bir əsas yaradıb. Azərbaycanın döyüş qabiliyyəti yüksəldilmiş ordusu bu iqtidarın dövründə yaradılıb. Bu Cəmil Həsənlinin səslədirdiyi əsassız ittihamlara bizim verəcəyimiz ən arqumentli cavabdır.

Sual: Eyni zamanda Milli Şuranın deputatlığa namizədi sizin iqtidarınızı korrupsiyada, rüşvətxorluqda günahlandırıb. Dünənki debatda isə sizin partiyanın namizədini korrupsiyanın başında olmaqda günahlandırıb. Münasibətiniz?

Azərbaycanda guya korrupsiyanın tüğyan etməsi barədə səsləndirilənlər boş təbliğatdan, ucuz seçki ritorikasından başqa bir şey deyildir.
Cavab: Hesab edirəm ki, Cəmil Həsənlinin səslədirdiyi ittihamlar birincisi, heç bir əsasa söykənmir. İkincisi də ucuz seçki ritorikasından başqa bir şey deyildir. Cəmil Həsənliyə təklif edərdim ki, onların hakimiyyətdə olduğu 1993-cü illə, bizim hakimiyyətdə olduğumuz 2013-cü ilin Azərbaycanını müqayisə etsin və onda güman edirəm ki, ən azından belə ittihamları səsləndirməyə onun daxili əzabları imkan verməyəcək. Konkret cavab istəyirsinizsə, mən qeyd etmək istəyirəm ki, Azərbaycanın sürətlə inkişaf etdiyini, Azərbaycanın bu illər ərzində əhəmiyyətli dəyişikliklərlə müşayiət olunduğunu sizin hər biriniz gözəl bildirsiniz. İnkişaf və korrupsiya anlayışları bir-birinin əksinədir. Korrupsiya olan yerdə inkişaf olmur, inkişaf olan yerdə isə korrupsiyanın tüğyan etməsi barədə fikir səsləndirmək sadəlövlükdən başqa bir şey deyil. Əgər Azərbaycan on il ərzində sürətlə inkişaf edibsə bu inkişafı danmaq mümkün deyildir. Bu reallıqdır, gerçəklikdir. Azərbaycanda guya korrupsiyanın tüğyan etməsi barədə səsləndirilənlər boş təbliğatdan, ucuz seçki ritorikasından başqa bir şey deyildir.

Sual: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçki müşahidə missiyasının aralıq bəyanatında bildirilir ki, Azərbaycan ATƏT-in tövsiyyələrindən yalnız birini yerinə yetirib. Digər tövsiyyələr yerinə yetirilməyib. Azərbaycanda seçki bir siyasi qüvvənin üstünlüyü ilə davam edir. Münasibətiniz necədir?

ATƏT bu ittihamını bizə, iqtidara, YAP-a yox, müxalifəti dəstəkləyən və onları nəticə etibarı ilə bu günə salan təşkilatlara versə idi yaxşı olardı.
Cavab: ATƏT-in Azərbaycanda seçkilərin keçirilməsi və seçki mühiti ilə əlaqədar səsləndirdiyi tənqidlərdən məntiqi belə bir nəticə çıxarmaq olardı ki, YAP digər partiyaların, opponentlərinin gücləndirilməsi üçün səylər göstərsin. Güman edirəm ki, YAP-ın vəzifəsi bundan ibarət deyil. Müxalifətin zəif olması və seçki kampaniyasında zəif çıxış etməsi, hesab eirəm ki, bu müxalifəti öz işidir. Bir də ki, mütəmadi olaraq müxalifətə tövsiyyələr verən, müxtəlif dəstəklərini göstərən təşkilatların işidir. O təşkilatlar təbii ki Azərbaycanda deyil, təəssüf ki, Azərbaycandan kənardadır. Ona görə də ATƏT bu ittihamını bizə, iqtidara, YAP-a yox, müxalifəti dəstəkləyən və onları nəticə etibarı ilə bu günə salan təşkilatlara versə idi yaxşı olardı. Azərbaycanda normal, bərabər şərtlər daxilində seçkilərin keçirilməsi üçün imkanlar təmin edilib, şərait yaradılıb. O ki qaldı, YAP güclüdür, bu faktdır. Hesab edirəm ki, bu gücün əsası Azərbaycan vətəndaşlarının və seçicilərinin YAP-ı və onun irəli sürdüyü namizədi dəstəkləməsindən ibarətdir.

Sual: Seçkilərdə neçə faizlə qalib gəlmək fikrindəsiniz?

Güman edirəm ki, həmin fərqlə də YAP-ın namizədi qalib gələcək.
Cavab: Fərq bu il də böyük olacaqdır. Çünki ötən seçkilərdən sonra İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edib, nailiyyətlər daha da artıb. Azərbaycan daha gözəl, daha rahat bir ölkəyə çevrilib. Ölkəmizdə aparılan bütün sorğular ondan xəbər verir ki, İlham Əliyev kifayət qədər böyük fərqlə digər namizədləri üstələyir. Güman edirəm ki, həmin fərqlə də YAP-ın namziədi qalib gələcək.
XS
SM
MD
LG