Accessibility links

Əkbər Nəimi Tehranda təhlükəsizlik həbsxanasında saxlanılır


Təqribən bir ay əvvəl Tehranda iş yerində nəzarət altına alınan türk fəal Əkbər Nəiminin hazırda “Evin” həbsxanasında Kəşfiyat Nazirliyinə aid 209-cu bölmədə saxlanıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, yanvarın 22-də tutulduqdan bəri 209-cu bölmənin təkadamlıq kamerasında saxlanılan Nəimi bu yaxınlarda həmin bölmənin bir normal kamerasına köçürülüb.

HRA-nin bildirdiyinə görə, hüquq müdafiəçisi həbsxanadan ailəsinə zəng edərək mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxıla biləcəyini ifadə edib.

“Əkbər Nəimi ailəsinə zəng edərək haqqında 200 milyon tümənlik mülki zəmanət qərarının çıxarıldığını bildirib. Nəimi ailəsi mülki zəmanəti təqdim etmək üçün fevralın 19-da Evin prokurorluğuna müraciət edib. Amma prokurorluq dosyenin tamamlanmadığını və türk fəalı sərbəst buraxmayacaqlarını bildirib,” agentliyin saytında dərc edilib.

Əkbər Nəimi
Əkbər Nəimi

İnsan haqları fəalı və dil hüquqları müdafiəçisi Əkbər Nəimi yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində saxlanılıb. Təhlükəsizlik qüvvələri daha sonra onun evinə gedib axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.

Son vaxtlar Tehran vilayətində türk dil haqları fəllarına qarşı basqılar çoxalıb. Nəimidən əlavə Əlirza Fərşi, Tovhid Əmir-Əmini və Kiyanuş Aslani də Evin həbsxanasında saxlanılırlar.

XS
SM
MD
LG