Accessibility links

Dünya Azərbaycanlıları Həmrəylik Gününü qeyd edir


Dünya Azərbaycanlılarının Həmrəylik Günü_logo
Dünya Azərbaycanlılarının Həmrəylik Günü_logo

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə prezident İlham Əliyev və siyasi partiya liderləri xalqa təbrik imzalayıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə prezident İlham Əliyev və çoxsaylı siyasi partiya liderləri Azərbaycan xalqına təbrik müraciəti imzalayıb.

1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhədinin Naxçıvanın Ordubad və Şərur rayonları arasındakı hissəsini söküb. Beləliklə, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşüb.

1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib.

Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarını təbrikində deyilir ki, dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. “Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır”.

Dövlət başçısı bildirir ki, dünya azərbaycanlılarının qarşısında Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır.

“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər”.

Təbrikdə xatırladılır ki, müasir dünyada yaşanan qlobal proseslər müsbət meyllərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır.

“Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır. Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik”, prezident qeyd edir.

Milli Şura sədri Cəmil Həsənlinin təbrikində isə deyilir ki, Qarabağ döyüşçüsünün üzləşdiyi haqsızlıqlara etiraz edərək özünü yandırdığı və həyatını itirdiyi günlərdə qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etməyə çətinlik çəkir.

“Bizim xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bu ovqatda qeyd etməli deyil. Sizlər dərin ictimai və milli məna daşıyan həmrəylik bayramını bundan qat-qat yaxşı ovqatda, tamam başqa ictimai şərtlər içində qarşılamağa layiqsiniz”.

Milli Şuranın sədri hesab edir ki, gerçək və sarsılmaz həmrəylik ədalətin, haqların, azadlıqların hakim olduğu bir ölkədə mövcud ola bilər.

“Belə ölkədə xalq da bütöv olur, torpaqlar da. Belə olduqda milli problemlər də həll edilir, fərdi problemlər də! Qarabağı da qaytarmaq mümkünləşir, parçalanmış Vətən də bütövləşir. Təəssüf ki, həmrəyliyi daha güclü zəmində qurmağa mane olan çoxlu ictimai və siyasi səbəblər var. Ölkə sərvətləri talanır, insanlar haqsız olaraq türmələrə atılır, haqsızlığa tab gətirməyənlər intihar edir, iqtisadiyyatımız inkişafdan qalır, təhsilimiz və səhiyyəmiz tənəzzülə uğrayır”, Həsənli qeyd edir.
XS
SM
MD
LG