Accessibility links

Cəmil Həsənlinin qızının işi üzrə zərərçəkmiş xəsarət almadığını, şikayətçi olmadığını deyir


Cəmil Həsənli ailə üzvləri ilə
Cəmil Həsənli ailə üzvləri ilə

Buna baxmayaraq Milli Şuranın sədrinin qızı 1 il 6 ay məhkum edilib

“Polis Idarəsində mənə dedilər şikayətçi olacaqsan. Mən də dedim ki, heç bir yerim əzilməyib. Şükür Allaha, ayağımla çıxmışam bura, ayağımla düşmüşəm. Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan”, Bu barədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində bu günlərdə çıxarılmış məhkəmə hökmü üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimova “Meydan TV”-yə müsahibəsində deyib.

Yasamal Rayon Məhkəməsi fevralın 20-də Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlini ötənilki avtoqəza olayı ilə bağlı 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib. Günel Həsənli ittihamı qəbul etmir və atasının siyasi fəaliyyətinə görə sifariş hesab edir. Onun himayəsində 2 azyaşlı övladı var, məhkəmədə də Ədilə Səlimova şikayətinin olmadığını və xəsarət almadığını bildirib.

Meydan TV-yə müsahibəsində də Səlimova Günel Həsənlidən şikayətçi olmadığını, amma həm polis şöbəsində, həm də ekspertiza zamanı onu şikayətçi olmağa məcbur etdiklərini deyib.

Ədilə Səlimova hadisə baş verən gün məscidə, ona kömək edəcəyinə söz verən şəxsin yanına gedibmiş.

“Beşinci gün idi, getdim, elə bil təzyiq məni tutdu. Yolda da təzyiqim tuturdu, istədim qayıdam, daha qayıtmadım. Təzyiqim qalxdı, yerə yıxıldım. O da (Günel Həsənlini nəzərdə tutur) yolu keçəndə bir balaca toxundu mənə. Deyim sənə ki, vurdu öldürdü, yox, olsaydı ölərdim də... Yenə də mənə köməklik elədi. Maşına qoydu, apardı, məni rentgenə saldılar. Heç yerdə nə əzintim var, nə çıxığım...”

Hadisə günü həkim Ədilə Səlimovanın ayaqlarını iki dəfə rentgen edib və heç bir sınıq, əzinti aşkar olunmadığını bildirib. Amma hadisədən 12 gün sonra, 2 oktyabrda ekspertiza keçirilib. Ekspertizanın rəyində yazılır: Sol diz və aşıq baldır oynaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin hematomaları bərk küt əşyaların təsirindən törənib və bu avtomobilin qabarıq hissələri ilə vurulma nəticəsində əmələ gələ bilər.

“Ekspertizaya getdim, dedilər nə olub? Hadisəni danışdım, dedi ki, ”yalan danışma, gizlədirsən, biz səndən şikayət edərik". Dedim, bax, burada nə var oğlum, məndən şikayət edirsən?! Mən ölməmişəm, yaralanmamışam, bir belə qan tökülməyib məndən, niyə şikayət edə bilərsiniz məndən?! Mən əzilsəydim, bir yerim sınsaydı, bir balaca qan olardı də...", - deyə Ədilə Səlimova bildirir.

Ədilə xanım Yasamal rayon Məhkəməsinin hökmünü eşidəndən sonra gecələr yata bilmədiyini deyir. O, məhkəmənin Günel Həsənliyə 1 il 6 ay məntəqə tipli cəza verəcəyini gözləmirmiş.

“O balamın goru üçün xəstə olmuşam. Üç gündür mən çörək yemirəm ki, axı bu qızı (Günel Həsənlini nəzərdə tutur) niyə bədbəxt edirlər heç nəyin üstündə. Sağ-salamat arvadam. Cavanlara heç nə olmasın, mənə nə olur, olsun. Mən ona görə (Günel Həsənlini nəzərdə tutur) pis oldum, eşitdim halım pisləşdi”.

87 yaşlı qadın məhkəmənin hökmünü baş verən hadisəyə uyğun saymır. O, Günel Həsənlidən heç vaxt şikayətçi olmadığını deyir.

“Axı nəyə görə mən xalqın uşağına böhtan atım? Yaxşı deyil axı mənim üçün... Vaxt gələcək bir qarış yerə qoyulacam, qəbiristanlığa gedəcəyəm. Mən necə cavab verərəm, qızım?..”, o qeyd edir.

XS
SM
MD
LG