Yasamal Rayon Məhkəməsi Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlini ötən ilki qondarma avtoqəza olayı ilə bağlı 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Günel xanımın himayəsində 2 azyaşlı övladı var, məhkəmədə şikayətçi şikayətinin olmadığını bildirib.
"Bu cəza absurd və ədalətsiz olmaqla yanaşı hakimiyyətin öz rəqiblərinə qarşı qisasçı münasibətinin bir daha bariz numunəsidir.
Bu qərar həm də son günlər hakimiyyətin bir qrup siyasi partiya rəhbərləri ilə apardığı "görüş- dialoq" oyunun imitasiyadan başqa bir şey olmadığını göstərir.
Məhkəmənin ədalətsiz qərarı ilə bağlı yaxın saatlarda Milli Şuranın müvafiq bəyanatı olacaq", Gülalıyev məlumat verib.
Cəmil Həsənli avtoqəza hadisəsi ilə bağlı ötən il oktyabrın 2-də Amerikanın Səsinə bunları deyib.
“Sentyabrın 19-da qızım Günel uşaqlarını məktəbdən gətirib. Avtomobilində şox aşağı sürətlə həyətə dönərkən o, yaşlı qadını görüb və ona yol verib. Lakin qadın yerə yıxılıb, məscidə axşam namazına gələn çoxsaylı möminlər bunu görüb. Onlar qadının ayağa qalxmasına kömək ediblər, Günel də maşından çıxıb qadının vəziyyəti ilə maraqlanıb.
Möminlər qadını tanıyıblar və onu evinə aparmağı təklif ediblər, lakin o, imtina edərək, məhz Günelin aparmasını istəyib. “Zərərçəkmiş” Respublika Klinik Xəstəxanasına aparıldıqdan sonra 86 yaşlı Adilə Səlimova bildirib ki, sınığı varsa, şikayət edəcək. Sınığı yoxdursa, Günel ona təzminat olaraq 300 manat verməlidir. Günel buna etiraz edib. Rentgen çəkilib və həkim heç bir xəsarət olmadığını, yalnız duzlaşma olduğunu bildirib. Bundan sonra “zərərçəkmiş” taksi ilə evinə göndərilib.
Səlimovanın ağır xəsarət aldığını iddia edirlərsə, niyə onu travmatologiya şöbəsinə göndərməyiblər, xəstəxanadan evə buraxıblar? Bundan başqa, bizdə rentgen təsviri və həkimin rəyi var”, Həsənli qeyd edib.
O bildirib ki, hər bir insanın həyat və sağlamlığı əhəmiyyətlidir, lakin o, hakimiyyətin bu faktdan onun ailəsinə qarşı istifadə edəcəyini istisna etmir.
“Əminəm ki, bunu görən mömin insanlar olduğu üçün baş verənləri olduğu kimi deyəcəklər. Bundan başqa, sözügedən yerdə müşahidə kameraları var və hər şey əksini tapıb.
Hakimiyyət kəskin tənqidi çıxışlarıma, Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarını müdafiə etdiyimə, habelə Milli Şurada fəaliyyətimə görə məndən qisas alır”, Cəmil Həsənli qeyd edib.