Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verilən məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidməti bildirir ki, erməni tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla erməni xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur.
“Tam fərqli olaraq, bu gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu (Bakıdan 500 kilometr qərb) sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib. Təəssüflər olsun ki, yanvarın 31-də saat 12.55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində (Bakıdan 370 kilometr cənub-qərb), erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub”, mətbuat xidməti bildirir.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. “Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır”, nazirlik qeyd edir.
Ermənistan mediası isə rəsmi qurumlara istinadən bildirir ki, erməni tərəfi Azərbaycan Ordusunun cəbhə xəttində iki mövqeyini sıradan çıxarıb, azı iki hərbçisini və bir avtomobilini məhv edib.