Accessibility links

Cəbhədə gərginlik – hərbi hədə ritorikası artır


Cəbhə xətti
Cəbhə xətti

Yanvarın 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əleyhinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə boyu yaşayış məntəqələrini intensiv atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə erməni rəhbərliyinin üzərinə düşəcək.

“Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik”, mətbuat xidmətinin məlumatında deyilir.

Cəbhə xəttində gərginlik yanvarın 3-də erməni hərbçilərinin ölümündən sonra başlayıb.

Eyni zamanda cəbhə xəttində insidentin baş verməsində tərəflər bir-birini günahlandırır. Azərbaycan tərəfi hesab edir ki, Ermənistan Silahlı Qüvvələrində qarşıdurma nəticəsində hərbçilər bir-birini güllələyib.

Ermənistan Müdafiə və Xarici İşlər Nazirlikləri isə Azərbaycan tərəfini günahlandırır. Onlar hesab edir ki, Azərbaycanın təxribat-diversiya dəstələri ermənilərin mövqelərinə hücum edib. Nəticədə bir zabit və bir əsgər öldürülüb.

Ermənistan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini və Minsk qrupunu məsələni müzakirə etməyə çağırır.

Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, Azərbaycan tərəfinin istənilən həmləsinə cavab veriləcək. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bundan öncəki itkilərini yada salır və Azərbaycanınməsuliyyət daşıdığını bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən bildirib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycana qarşı təcavüz edilib və Azərbaycanın əraziləri işğal edilib.

“Ermənistanın Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər”.

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhədə baş verənlərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

XS
SM
MD
LG