Səid Nuri bildirib ki, Maduro hakimiyyəti son siyasi böhrandan sonra iki ölkə araındakı ən böyük sərhəd-keçid məntəqələrindən birini konteynerlər vasitəsilə bağlayıb.
Fevralın 23-ü izdihamlı yürüş olacaq.
"Kukuta şəhəri həm Venesuela ilə Kolumbiya arasındakı ən böyük quru sərhədlərindən biri, həm də iki ölkə arasında azad ticari zona olmasına görə çox əhəmiyyətlidir. Neçə həftələrdir göndərilən yardımların Venesuelaya keçməsinə icazə verilmir. Gözlənilir ki, fevralın 23-də yardımların qəbul olunması üçün sərhədin həm bu tərəfindən, həm də o biri tərəfindən yürüş olacaq."
Səid Nuri əlavə edib ki, şənbə günü Maduro dəstəkçiləri sərhədə yaxın qonşu şəhərdə konsert elan edib.
Venesuelada dünyaya məlum olan bütün böhranlar yaşanmaqdadır.
"Paradoksal olan isə odur ki, bu konsert bu gün dünyanın humanitar yardım yığdığı və Venesuela xalqının aclıqdan, səfalətdən, dərmansızlıqdan əziyyət çəkdiyi bir vaxtda, ayın 23-ü Maduro rejimi analoji olaraq konsert keçirəcək. Onlar Kolumbiya xalqının yardıma ehtiyacı olduğunu və onlar üçün pul yığacaqlarını deyirlər."
Ölkədəki vəziyyəti şərh edən siyasi fəalın sözlərinə görə, hal-hazırda Venesuelada dünyaya məlum olan bütün böhranlar yaşanmaqdadır və Maduro rejimi hakimiyyətə tam nəzarət edə bilmir.
Xalqların yaşadıqları problemlər xalqların özündə deyil, hakimiyyətlərdədir.
"Biz hamımız Venesuelanın timsalında görürük ki, uzun müddət uğursuz idarəetmə, uzun müddət diktatura, uzun müddət insanlarla hesablaşmamaq, onların səsini saymamaq hətta dünyanın ən zəngin neft yataqların sahib varlı dövlətini belə səfalət durumuna sala bilər.
Xalqların yaşadıqları problemlər xalqların özündə deyil. Bütün problemlərin kökü birbaşa hakimiyyətlərdədir.
Təsəvvür edin ki, azərbaycanlılar çörək, dərman, müalicə almaq üçün qonşu Gürcüstana gedirlər. Eyni vəziyyətdir. Baxmayaraq ki, Venesuela Kolumbiyaya neft satır amma venesuelalılar ac qalmamaq üçün Kolumbiyadakı ən aşağı işlərdə işləyirlər."