Accessibility links

Bülent Əliriza: Türkiyə Azərbaycanın, Ərdoğan da Əliyevin yanında durmağa davam edəcək


Bülent Əliriza: Türkiyə Azərbaycanın, Erdoğan da Əliyevin yanında durmağa davam edəcək
please wait

No media source currently available

0:00 0:14:40 0:00

Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya əsasən, sentyabrın 27-dən başlamış intensiv döyüşlərə son qoyulub və Rusiya sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi prosesinə başlanılıb.

Razılaşmanın şərtlərinə əsasən, Azərbaycan hərbi əməliyyatlar nəticəsində geri qaytardığı ərazilər və Şuşa şəhərinin nəzarətini saxlayır, Ermənistan silahlı qüvvələri isə dekabrın 1-nə qədər Dağlıq Qarabağ ətrafındakı digər rayonlardan çıxır.

Qərbin moderatorluq səyləri olmadan əldə edilən razılaşma ilə Rusiyanın Qafqaz bölgəsində öz nüfuzunu daha da gücləndirdiyi gözlənilir. Təhlilçilərin fikrincə, bölgəyə sülhməramlı qüvvələr yerləşdirməklə Rusiya təkcə Ermənistan deyil, eyni zamanda, Azərbaycana təsir gücünü artırmaq imkan əldə edir.

Qarşıdakı dövrdə Türkiyənin nə qədər aktiv olacağına baxacağıq. Məsələn, Türkiyə o dəhlizə müşahidəçi olaraq əsgər göndərəcəkmi? Rusiya bunu Suriyada qəbul etmişdi. Cənubi Qafqazda belə bir şeyi qəbul edəcəkmi?

“Rusiya Laçın koridoruna Rusiya əsgərlərini yerləşdirərək, əslində təkrar bölgəyə girmiş oldu. Çünki Ermənistanda Rusiyanın əsgərləri var idi, indi Azərbaycan torpaqlarında da Rusiya əsgərləri olacaq. Buna görə də bu baxımdan bu, bir uğur kimi göstərilə bilər”, Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyə Layihəsinin direktoru Bülent Əliriza Amerikanın Səsinə müsahibədə bildirib. O, razılaşmanın əsas məqamlarını şərh edərək, Rusiyanın strateji müttəfiqi olan Ermənistana gözlədiyi dəstəyi verməməsi və Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına qarşı çıxmamasını, eləcə də Vaşinqtonun prosesdə iştirak etməməsi ilə Rusiyaya “üstünlüyə malik olduğunu hiss etdiyi anda” münaqişəni dayandırmaq imkanı verdiyini qeyd edib.

Anlaşmada Türkiyənin rolu qeyd edilməsə də, müşahidəçilər Ankaranın Qafqaz bölgəsində öz rolunun artırılmasına çalışdığını qeyd edir. Noyabrın 11-də Türkiyə və Rusiya arasında Qarabağda atəşkəsə əməl edilməsinin monitorinqi həyata keçirəcək birgə mərkəzin yaradılmasına haqda anlaşmaya dair sənəd imzalanıb. Türkiyə mediası mərkəzin Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində yaradılacağı haqda məlumat verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında son bir neçə gündə iki telefon söhbətinin baş tutduğu bildirilir.

Bülent Əliriza iki lider arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində davamlı dialoqun olduğunu qeyd edib. “Putinin Valday klubunda etdiyi çıxışında Türkiyə ilə münasibətlərin nə qədər önəmli olduğunu vurğulaması da qeyd edilməli məqamdır” – deyə, o bildirib.

Türkiyə və Rusiya Ermənistan və Azərbaycan arasında sentyabrın 27-də 1990-cı illərdən bəri ən ciddi hərbi toqquşmalar hesab edilən intensiv hərbi əməliyyatların başladığı vaxtdan fərqli tərəfləri dəstəkləyib. Regionda dominant oyunçu olan Rusiya və Ermənistan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur. Bülent Əlirza NATO üzvü olan Türkiyənin Azərbaycana siyasi, diplomatik və hərbi dəstəyinin Azərbaycanın hərbi üstünlük əldə etməsində xüsusi rolunu vurğulayıb.

Təhlilçilər Rusiya və Türkiyənin Suriya və Liviya münaqişələrində olduğu kimi fərqli tərəfləri dəstəkləmələrinə baxmayaraq, Cənubi Qafqazda da ortaq nöqtələr tapa biləcəyini istisna etmir. Bir sıra təhlilçilər hesab edir ki, bununla Rusiya həm də NATO-nun əsas müttəfiq ölkəsindən biri olan Türkiyə ilə daha yaxın əlaqələr qurmaq üçün bir imkan əldə edir. Bülent Əlirza Rusiya və Türkiyənin fikir ayrılıqlarına rağmən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində dialoq qura bildiyinə diqqət çəkir.

“Türkiyənin dəstəyi ilə Azərbaycan bir nöqtəyə qədər gəldi. Ondan sonra Rusiya təktərəfli olaraq müdaxilə etdi. Amma bunu edərkən eyni zamanda Türkiyə ilə dialoq çərçivəsində hətta Türkiyəyə də bir rol verir ki, bunu martda Suriyada da gördük. İdlib əməliyyatından sonra Ərdoğan Moskvaya getdi və orada bir anlaşma, daha öncəki Soçi anlaşması, Astana çərçivəsinə bənzər yeni bir anlaşma imzalanmışdı. Burada da bəlli ki, Moskva Türkiyənin rolunu qəbul edir.”

Lakin o, eyni zamanda Moskvanın Türkiyənin rolunun “bir nöqtədən kənara çıxmamasını istədiyini yumşaq bir şəkildə aydın etdiyini” vurğulayıb və Türkiyənin münaqişə bitdikdən sonra diplomatik prosesdə nə dərəcə aktiv iştirak edə biləcəyinin hələ aydın olmadığını deyib.

“Qarşıdakı dövrdə Türkiyənin nə qədər aktiv olacağına baxacağıq. Məsələn, Türkiyə o dəhlizə müşahidəçi olaraq əsgər göndərəcəkmi? Rusiya bunu Suriyada qəbul etmişdi. Cənubi Qafqazda belə bir şeyi qəbul edəcəkmi? Bu, müəyyən deyil. Amma bunu söyləyə bilərik ki, Rusiya-Türkiyə münasibətləri 2018-ci ildən bəri yaxşı istiqamətdə gedir. Aydındır ki, iki prezident də bunun davam etməsini istəyir. Türkiyə Azərbaycanın, Erdoğan da Əliyevin yanında durmağa davam edəcək. Lakin önümüzdəki dönəmdə bunun necə inkişaf edəcəyini bilmirik və münaqişənin də yaxın zamanda yenidən başlayacağını gözləmirəm. Təəssüf ki, Qarabağ problemi davam edəcək. Diplomatik baxımdan Türkiyə burada bir rol oynacaqmı? İndi bunu söyləmək bir qədər tezdir” -deyə o bildirib.

Bülent Əliriza Prezident Ərdoğanın Cənubi Qafqaz və Avrasiya bölgəsində daha geniş hədəfləri olduğunu və Türkiyənin daha geniş bölgədə rolunun artırılmasına çalışdığını bildirib. “Ərdoğan hər çıxışında Türkiyənin yüksələn bir güc olduğunu, bölgədə daha təsir gücünə malik olduğunu bildirir. Qafqazı da o çərçidə dəyərləndirməliyik. Orada qardaş ölkə bir neçə ildən sonra itirdiyi torpaqları geri almaq üçün mübarizə aparır və Ərdoğan buna dəstək verir və hər mərhələdə verdiyi dəstəyin, müharibə davam edərkən verdiyi açıqlamalarda Azərbaycanın bütün torpaqlarını almasını Türkiyənin dəstəklədiyini söyləyir.”

Bülent Əlirizanın bildirdiyinə görə, Türkiyə “gücünü sübut etmiş bir ölkə olaraq” hərbi əməliyyatların bitməsindən sonra Azərbaycanın yanında durmağa və dəstək göstərməyə davam edəcək. Lakin o, qarşıdan gələn dövrdə Türkiyənin diqqəti digər prioritet məsələlərə yönəldəcəyini qeyd edib. O, ABŞ-da prezident seçkilərinin proqnozlaşdırılan qalibi olan keçmiş vitse-prezident Co Baydenin yanvar ayında hakimiyyətə gəlməsindən sonra ABŞ-ın yeni administrasiyası və Türkiyə arasında bir sıra problemli məsələlərin öz həllini gözlədiyini bildirib.

Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemləri alması, eləcə də ABŞ-ın Suriyada kürdlərin YPG birləşmələrinə dəstəyi Birləşmiş Ştatlar və Türkiyə arasında son illər gərginliklərin artmasına səbəb olmuşdu. Bülent Əliriza Türkiyənin Dağlıq Qarabağda hərbi əməliyyatların gedişatında Azərbaycana dəstəyi məsələsinin ABŞ və Türkiyə arasında münasibətlərdə faktorlardan biri ola biləcəyini deyib.

ABŞ Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə Minsk qrupunun həmsədr ölkəsi olaraq Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların davam etdiyi müddətdə tərəfləri dəfələrlə atəşkəsə çağırıb. Birləşmiş Ştatlar administrasiyasının verdiyi bəyanatlarda xarici ölkələrin münaqişəyə müdaxiləsi ilə bağlı xəbərdarlıq edilib. ABŞ prezident seçkilərində demokrat namizəd olan Co Bayden Dağlıq Qarabağda hərbi eskalasiya ilə bağlı üç dəfə bəyanatla çıxış edib. Bəyanatlarda hazırda prezident seçkilərinin proqnozlaşdırılan qalibi olan Bayden Türkiyənin müdaxiləsi ilə bağlı narahatlığını ifadə edib.

“Unutmayaq ki, Qafqazda münaqişə davam edərkən Bayden bir açıqlama verdi və o açıqlamada Türkiyənin orada atdığı addımların, Azərbaycanın arxasında durmasının öz tərəfindən yaxşı olmadığını hesab etdiyini bildirdi. Bunu da qeyd etməkdə fayda var, çünki bu, Qafqaz, həm də Türkiyə-Amerika münasibətlərində də faktorlardan biri ola bilər?” Bülent Əliriza bildirib.

Birləşmiş Ştatlar tərəflər arasında atəşkəsə nail olunması məqsədilə diplomatik keçən ay səylərini artıraraq, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşünə vasitəçilik edib. Dövlət Katibi Maykl Pompeo oktyabrın 23-də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib. ABŞ oktyabrın 25-də Azərbaycan və Ermənistan hökumətləri ilə atəşkəsə dair birgə bəyanat yayıb. Lakin humanitar atəşkəs elan edilməsinə baxmayaraq, aktiv hərbi əməliyyatlar davam etdirilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG