Accessibility links

Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb


Noyabrın 11-də Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. Müqavilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəsə əməl edilməsinin monitorinqini həyata keçirəcək mərkəzin yaradılmasını nəzərdə tutur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlamentdəki qrup toplantısında bildirib.

Ərdoğan deyib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.

“Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək. Razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam və Qazax rayonlarını 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq,” Türkiyə prezidenti qeyd edib.

Ərdoğan deyib ki, Türkiyə ilə Azərbaycan yaxın münasibətlərini davam etdirəcək və ortaq gələcəyi quracaq.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son üç gündə iki dəfə telefonla danışıb. Qurulacaq mərkəzin detalları Türkiyə və Rusiya xarici işlər və müdafiə nazirlikləri arasında müzakirə edilib.

İki ölkənin hərbiçilərinin birgə fəaliyyəti ilə bağlı növbəti günlərdə də müzakirələrin davam etdiriləcəyi bildirilir.

Dağlıq Qarabağdakı anlaşmanın həyata keçirilməsi sahəsində Türkiyə-Rusiya dialoquna istinad edən Ərdoğan ikitərəfli əməkdaşlığın Suriyada da oxşar nəticə verəcəyinə ümid etdiyini söyləyib.

“Suriyada da Qarabağda olduğu kimi sülh və rahatlıq dövrünün başlamasını səmimi qəlbdən arzulayırıq. Bunun üçün Suriya torpaqlarını qarışdıran rejim və terror təşkilatlarının kökü kəsilməlidir,” o qeyd edib.

Türkiyə prezidentinin çıxışı Azərbhaycan Dövlət Televiziyası vasitəsi ilə yayımlanıb.

​Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb və nəticə əldə edilməyib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam olub. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Minlərlə evlər və mülki obyektlər dağıdılıb. Döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində olan üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayon mərkəzini və Şuşa şəhərini azad edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırlması barədə razılıq əldə edilib. Tərəflər üzərinə aşağıdakı öhdəlikləri götürüb:

- 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar;

- Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 2020-ci ilə qədər qaytarılır;

- Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir;

- Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir;

- Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir;

- Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək;

- Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir;

- Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar;

- Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur;

- Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir;

- Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

XS
SM
MD
LG