Accessibility links

Bloq: Azad toplumun etirazı


Həftələrlə davam edən etiraz aksiyalarından sonra Honq Konqun idarəçisi axtarışda olan şəxslərin Çinə ekstradisiyası ilə bağlı yeni qanun layihəsini “ölü” elan etdi. Faktiki olaraq, rəsmi Pekin və onun Honq Konqdakı siyasi təmsilçiləri sayı milyonu ötmüş etirazçılar qarşısında geri çəkilməli oldu.

İlk baxışdan ekstradisiya haqda qanunda insan haqlarını və hətta honq-konqluların siyasi hüquqlarını kobud şəkildə tapdayan müddəa nəzərə çarpmır. Ancaq Çin Xalq Respublikasından fərqli olaraq yerli özünü-idarəçilik ənənəsinə malik sabiq Britaniya koloniyasının sakinləri son təşəbbüsü illərdir siyasi muxtariyyətlərinin kiçilməsi prosesinin tərkib hissəsi kimi gördülər və oxşar qaydada da potensial hədəyə reaksiya verdilər.

Azadlıq görməmiş toplum üçün azadlığı qazanmaq nə qədər çətindirsə, xeyli müddət azad olmuş toplumu ram etmək bir o qədər çətindir.

1997-ci ildə Honq Konqu Britaniyadan təhvil alan Çin rəhbərliyi Qərb icmasını əmin etmişdi ki, ən azı növbəti yarım əsr ərzində Honq Konqdakı siyasi və iqtisadi azadlıqlara toxunmayacaq. “Bir ölkə, iki sistem” şüarı altında yürüdülən siyasətə müəyyən mənada riayət olunsa da, Çinin qlobal müstəvidə artan çəkisi və ÇXR-də gedən sərtxətt təmayüllü siyasi proseslər Honq Konqun azadlıq adası kimi statusuna da təsirsiz ötməyib.

Honq Konqda nümayişçilər Çin hökumətinin mürəkkəb üz-tanıma texnologiyalarından yayınmaq üçün dəbilqələrdən, maskalardan və çətirlərdən istifadə edirlər.
Honq Konqda nümayişçilər Çin hökumətinin mürəkkəb üz-tanıma texnologiyalarından yayınmaq üçün dəbilqələrdən, maskalardan və çətirlərdən istifadə edirlər.

Honq Konq küçələrinə axışan yüz minlərlə insanın rəsmi Pekinə və onların göstərişlərini yerinə yetirən idarəçilərinə qarşı qəzəbli reaksiyası hər fürsətdə “honq konqlu” anlamını yaşatmağa çalışan toplumun sentimentlərini dolğun əks etdirir.

Cəmi 1,100 kvadrat kilometr sahəsi olan xüsusi statuslu inzibati ərazini Çinin cənubundan Mirvari çayı ayırır. 7.4 milyon əhalisi olan Honq Konq dünyanın ən sıx məskunlaşmış məkanlarından biri hesab olunur.

Britaniya idarəçiliyinin gəlişinədək Honq Konq Çinin ucqar və sakit bölgəsi sayılırdı.
Britaniya idarəçiliyinin gəlişinədək Honq Konq Çinin ucqar və sakit bölgəsi sayılırdı.

Ancaq Honq Konqu dünya sivilizasiyasında əlahiddə yer verən təkcə onun əhalisinin sıxlığı deyil. Bura dünyanın ən önəmli maliyyə mərkəzi və ticarət limanı sayılır. Təxmin edilir ki, cırtdan Honq Konq dünyanın 10-cu ən iri ixracatçısı, 9-cu ən iri idxalçısı və 7-ci ən iri ticarət məkanıdır. Valyutası (Honq Konq dolları) dünyanın üçüncü ən qüdrətli pul vahidi sayılan Honq Konq dünyanın ən varlı adamlarının cəmləşdiyi yerdir.

Bəs Honq Konqu Çinin yerdə qalan hissəsindən hansı xüsusiyyət fərqləndirir?

Cavabın açarı Viktoriya Buxtasındadır. Britaniya imperatriçasının adına qoyulmuş buxta Honq Konqun dünyanın maliyyə qüdrətinə çevrilməsinin hekayəsini özündə əks etdirir.

Honq Konqun mərkəzi maliyyə rayonunun qarşısı ilə bərə Viktoriya Buxtasına yaxınlaşır.
Honq Konqun mərkəzi maliyyə rayonunun qarşısı ilə bərə Viktoriya Buxtasına yaxınlaşır.

Təbii ki, nə qədər ticari baxımdan əlverişli olması özü-özlüyündə Honq Konqu uğur nümunəsinə çevirməyib. Viktoriya Buxtası demək olar ki, 157 il davamlı Britaniya idarəçiliyinin və onun özü ilə gətirdiyi siyasi və iqtisadi azadlıqların mücəssəməsidir.

19-cu əsrin ortalarında Honk Konqun Britaniya İmperiyası tərəfindən ilhaq edilməsi bu ərazinin qlobal ticarət məkanına çevrilməsində əhəmiyyətli rol oynadı. 1898-ci ildə Britaniya Honq Konqun 99 il müddətinə icarəyə götürülməsi barədə Çinlə rəsmi müqavilə bağladı. O vaxtdan başlayaraq Honq Konqda baş verən proseslər onu Çinin əsas torpaqlarında baş verən faciəvi tarixi gedişatlardan əsasən təcrid etdi.

1911-ci ildə Honq Konq Universitetinin əsası qoyuldu. 1924-cü ildə Kay Tak aeroportu inşa edildi. İkinci Dünya Müharibəsində müvəqqəti yapon işğalını çıxmaqla davamlı şəkildə Britaniya nəzarətində olmuş ərazidə təkcə iqtisadi-texnoloji deyil, həm də fundamental siyasi təkamül prosesi baş verdi.

1997-ci ildə Honq Konqu Çinə qaytaranda Britaniya hökuməti ərazidə siyasi-iqtisadi azadlıqların qorunacağına 50 illik təminat almışdı.
1997-ci ildə Honq Konqu Çinə qaytaranda Britaniya hökuməti ərazidə siyasi-iqtisadi azadlıqların qorunacağına 50 illik təminat almışdı.

Britaniyanın bir çox başqa idarəçiliyində olan ərazilərdəki kimi Honq Konqda da yerli özünüidarəçilik qurumları erkən formalaşdırıldı. Londonun təyin etdiyi qubernator ərazi üçün həyati əhəmiyyət kəsb edən idarəçilik məsələlərində yerli xalqın iradəsini nəzərə alırdı. Bundan əlavə, Britaniyanın özündə mövcud olan dəmir mülkiyyət hüquqları və bir çox siyasi azadlıqlar burada da mövcud idi.

1997-ci ildə Britaniya ərazini Çinə təhil verəndə təsbit olunan şərtlər bundan ibarət idi ki, Pekin ərazinin siyasi sisteminə müdaxilə etməyəcək və oraya Kommunist Çinin başqa vilayətlərində hökm sürən idarəçilik sistemi yeritməyəcək.

Bu günədək də Honq Konqda Çin qanunları əsasən mövcud deyil. Ərazinin müstəqil məhkəmə və qanunverici sistemi var. Təkpartiyalı Çindən fərqli olaraq Honq Konqda 22 partiya mövcuddur. Ümumiyyətlə burada Kommunist Partiyasının namizədlərinə seçkilərdə iştirak etməyə də icazə verilmir.

Çin idarəçiliyinə etiraz edən honq konqlular əllərində ərazinin Britaniya koloniyası dönəmindəki bayrağını yellədirlər.
Çin idarəçiliyinə etiraz edən honq konqlular əllərində ərazinin Britaniya koloniyası dönəmindəki bayrağını yellədirlər.

Lakin ötən illərdə Çinin artan şəkildə Honq Konqun suverenliyinə müdaxilə etmək cəhdləri əhalinin qıcıqlanması və şübhələri ilə müşayiət olunur. Honq konqlular Çinin sıradan bir vilayəti olmaq istəmirlər və öz azadlıqlarını qorumaqda əzmlidirlər.

Etiraz aksiyalarına qoşulan adamların sayı Honq Konq əhalisinin az qala üçdə birini təşkil edir.

Təsadüfi deyil ki, ekstradsiya haqda qanun ortaya gəldikdə, illərdən bəri yığılmış narazılıqlar partlayışla nəticələndi. Küçələrə 10,000 yox, 100,000 yox, 2 milyona yaxın adam çıxdı. Bu rəqəm az qala Honq Konq əhalisinin üçdə birini təşkiil edir.

Kəmiyyət sonda keyfiyyətdə özünü büruzə verməyə başladı. Xalq təpkisi qarşısında rəsmi Pekinin təyin etdiyi baş icarçısı Karri Lam geri çəkildi. Zatən onun seçimi də qalmamışdı. İllər boyu ictimai konsensus əsasında idarə olunmağa öyrəşmiş honq konqlular başqa cür idarə olunmaqdan imtina etdilər.

Azadlıq görməmiş toplum üçün azadlığı qazanmaq nə qədər çətindirsə, xeyli müddət azad olmuş toplumu ram etmək bir o qədər çətindir. Honq konqluların mütləq əksəriyyəti üçün - filosof Barux Spinozanın təbirincə desək - azadlıq dərk edilmiş zərurətdir. Bu zərurəti tanımayanları və yaxud tanımaqdan boyun qaçıranları qarşıda hələ çox sürprizlər gözləyə bilər.

XS
SM
MD
LG