2010-cu ildə çox da nəzərə çarpmayan mühüm tarixi hadisə baş verdi. Ötən 40 ildə ilk dəfə olaraq Çin iqtisadiyyatı Yaponiyanı adlayaraq dünyanın ikinci ən iri iqtisadiyyatına çevrildi. Rəsmi statistikaya görə, həmin il Çinin ümumi daxili məhsulu (ÜDM) $5,878 trilyona çataraq yaponların $5,474 trilyon dollarlıq iqitsadiyyatını üstələdi.
O vaxtdan bəri ölkə iqtisadiyyatında inkişaf davam edib. Bu illər ərzində Çin Yaponiya və başqa iqtisadi qüdrətlərlə arasındakı məsafəni xeyli genişləndirərək dünyanın ən iri iqtisadiyyatı olan ABŞ-la rəqabətə daxil olub. Son göstəricilərə əsasən, ABŞ-ın $21,506 trilyonluq ÜDM-i ilə müqayisədə Çin $14,242 trilyon sərgiləyir.
Lakin bu günlərdə üzə çıxan yeni araşdırma Çin hökumətinin öz iqtisadiyyatının həcmi barədə rəqəmləri şişirtdiyini bildirir. Çin hələ də ikinciliyi əldə saxlayır, ancaq yeni hesablamalar təxmin edir ki, rəsmi Pekinin iqtisadi qüdrəti təqribən ABŞ-dakının yarısı boydadır. O da məlum olub ki, əslində Çinin iqtisadi artım tempi rəsmi rəqəmlərdə göstərildiyindən ləngdir.
İqtisadçılar Ven Çen, Şilu Çen, Maykl Sonq (Honq Konqun Çin Universiteti) və Çanq-Tay Hsieh (Çikaqo Universiteti) 2008-ci ildən bəri Çində həqiqi iqtisadi artım tempini müəyyən etmək üçün ətraflı araşdırma aparıblar. Onların gəldiyi qənaət budur ki, Çin hökuməti hər il iqtisadi artım tempini ortam 1.7% şişirdib.Bu rəqəmlər üst-üstə toplandıqda aydın olur ki, Çinin ÜDM-i olduğundan 20 % böyük göstərilib.
The National Interest (Milli Maraq) məcmuəsində dörd iqtisadçının aparıdğı araşdırmanı şərh edən Salvatore Babones izah edir ki, araşdırmalar saxtalaşdırılması çətin olan vergi çekləri, dəmiryol nəqliyyatının həcmi, hasil olunan elektrik enerjisi, ixrac edilən məhsul və hətta peykdən görünən gecə işıqlarının parıltısına əsaslanıb.
“Əgər Çin 2008-ci idən bəri ÜDM-in əsl həcmini açıqlasayadı, onda 2018-ci ildə həmin ölkə iqtisadiyyatının həcmi cəmi $11.1 trilyon dollar olmalıdır ki, bu da ABŞ iqtisadiyyatının yalnız 54 faizini təşkil edir," Babones yazır.
Bu isə o deməkdir ki, adamabaşı çinliyə düşən gəlir $8,000 dollardır ki, bu hətta Meksikadakı adambaşı gəlirdən ($9,600) də aşağıdır.
Bəs regionun özündə Çin qonşuları ilə necə müqayisə olunur?
Araşdırmanın nəticələrinə görə, əgər Çinin həqiqi iqtisadi artım tempi illik 5.8 faizdirsə, onda o, nəinki Meksikadan, hətta 7.3 faizlik illik artıma malik Hindistan və Vyetnamdan da geridə qalır.
Əgər Çinin ortam həqiqi inkişaf tempini Amerikanın illik orta inkişaf tempi ilə uzlaşdırsaq, bu, o deməkdir ki, Çin iqtisadiyyatı 2036-cı ilədək Amerika iqtisadiyyatının ümumi həcmini ötməyəcək – adambaşı gəlirsə 2076-cı ilədək geridə qalacaq. Burada da hələ söhbət Çin üçün ideal ssenaridən gedir.
Çinin Tayvan və Cənubi Koreya kimi iqtisadiyyatları inkişaf etmiş Asiya qonşularına baxdıqda, maraqlı trend nəzərə çarpır. Adambaşı gəlirə görə, ABŞ-ın üçdə biri qədər gəlirə malik bu iki ölkə son 20 ildə ABŞ-la ayaqlaşmaq üçün mübarizə aparıb. Ancaq fakt budur ki, bu ölkələrin heç biri ABŞ-ın ən yoxsul ştatı olan Mississippini də ötmür. Müqayisə üçün, hətta Yaponiya kimi dünyanın ən qüdrətli iqtisadiyyatında belə adambaşı gəlir ABŞ-ın ikinci ən yoxsul ştatı olan Alabama ilə eyni səviyyədədir.
“Çinin Pekin, Şanxay və Guanqjou/Şenjen kimi ayrı-ayrı bölgələrinin iqtisadiyyatları Şərqi Asiya pələnglərinin səviyyəsinə yaxınlaşa bilər, ancaq bu ölkənin böyük hissəsi hələ də yoxsuldur. Bu baxımdan Çinin ABŞ-a iqtisadi rəqabət təşkil etdiyini iddia etmək məntiqə sığmır,” deyə Babones fikrini tamamlayır.