Accessibility links

`Azərbaycan hakimiyyətinin son 20 ildə atdığı tək-tük müsbət addımlardan biri Xaricdə Təhsil üzrə Dövlət Proqramı idi` [Audio-Müsahibə]


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Amerikanın Səsinə müsahibə verən təhsil üzrə ekspert Bəxtiyar Hacıyev azərbaycanlı tələbələr üçün xaricdə təhsil almaq imkanları və onların qarşılaşdığı çətinliklər haqqında danışıb

"Azərbaycan hakimiyyətinin son 20 ildə atdığı tək-tük müsbət addımlardan biri Xaricdə Təhsil üzrə Dövlət Proqramı idi"
please wait

No media source currently available

0:00 0:15:23 0:00

2012-ci ildən xaricdə təhsil üzrə fəaliyyət göstərən Bəxtiyar Hacıyevin sözlərinə görə, illər üzrə gənclərin xarici ölkələrdə təhsil almaq maraqlarının səbəbi dəyişir.

Gənclər xaricdə təhsilə həm də miqrasiyanın qanuni yolu kimi baxırlar

“2015-ci ilə qədər Xaricdə Təhsil üzrə Dövlət Proqramı ilə təhsil almaq istəyən gənclər keyfiyyətli təhsilə yiyələnib və daha sonra Azərbaycana qayıdaraq, burada öz sahəsi üzrə çalışmaq istəyirdilər. Lakin son iki il ərzində biz müşahidələrimiz və gənclərlə söhbətlərimizdən belə nəticəyə gəlmişik ki, indi gənclər daha çox xaricdə təhsil alıb, daha sonra həmin ölkələrdə yaşamaq və işləmək arzusundadırlar. Hazırda gənclər xaricdə təhsilə həm də miqrasiyasının qanuni yolu kimi baxırlar”

Bəxtiyar Hacıyev bildirir ki, dövlət proqramının bağlanması xaricdə təhsil almaq arzusunda olan gənclərin işini xeyli çətinləşdirərək, bu şansı əldə edən tələbələrin sayının kəskin azalması ilə nəticələnib.

Xaricdə təhsil proqramı neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi idi

“Hər il ortalama minə yaxın tələbə Azərbaycan dövləti hesabına xaricdə təhsil alırdı. 2015-ci ildə proqram dayandıqdan sonra ancaq o tələbələr öz təhsilini davam etdirə bilirlər ki, ya onlar öz hesabına təhsil almaq imkanları var, ya da oxuyacaqları universitetlərin təqaüdlərini əldə edirlər. Yəni, onlar artıq Azərbaycan daxili rəqabətindən çıxaraq, qlobal rəqabətə girməli olurlar. Bu da xaricdə təhsil alan gənclərin sayının kəskin azalmasına gətirib çıxardı.”

Xaricdə Təhsil üzrə Dövlət Proqramının bağlanmasının səhv addım olduğunu bildirən Bəxtiyar Hacıyev əlavə edir ki, bu proqram sözün həqiqi mənasında neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi idi.

“Bu proqram sayəsində bir çox gənc xaricdə müxtəlif sahələr üzrə təhsil alaraq, peşəkar şəxs kimi formalaşmışdılar. Neft qiymətləri aşağı düşməyə və Azərbaycan iqtisadiyyatında bir durğunluq yaşanmağa başlayandan sonra digər bir çox sahələrdəki lazımsız, ölkənin uzunmüddətli inkişafına çox da töhvə verməyən layihələrin maliyyələşməsi dayanmasa da, Xaricdə Təhsil üzrə Dövlət Proqramının maliyyələşməsi dayandırıldı.”

İnkişaf üçün gənclərin, peşəkarların kritik düşünmə, fərqli yanaşma bacarıqlarının olması vacibdir

Dövlət proqramının fəaliyyətdə olduğu vaxtlar dəstəklənən sahələr arasında siyasi idarəetmə və sosial fənnlərə üstünlük verilməməsi məsələsinə toxunan Bəxtiyar Hacıyevin sözlərinə görə, həmin ixtisaslara təqaüd verilməməsi çox yalnış qərar idi.

“Hökümət düşünürdü ki, bu sahələr üzrə qərb ölkələrində təhsil alan gənclər həmin ölkələr tərəfindən beyin yuyulmasına məruz qalınır və onlar Azərbaycana qayıtdıqdan sonra yaşadıqları ölkələrdəki azad, demokratik mühiti burda da tələb etmək istəyirlər. Bu yalnış düşüncə idi. Çünki inkişaf üçün gənclərin, peşəkarların kritik düşünmə, fərqli yanaşma bacarıqlarının olması vacibdir.”

ABŞ, Böyük Britaniya, Almaniya kimi bir çox ölkələrin Azərbaycanla olan mübadilə proqramlarının əhəmiyyətinin vurğulayan Bəxtiyar Hacıyevin bildirdiyinə görə, son bir neçə il ərzində həmin proqramlarının sayında azalma müşahidə olunması və bəzilərinin bütünlüklə bağlanması mənfi haldır.

Müstəqillik dövründə 6000-dən çox azərbaycanlı ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramları ilə ABŞ-a səfər edib.
Müstəqillik dövründə 6000-dən çox azərbaycanlı ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramları ilə ABŞ-a səfər edib.

“Proqramların bağlanmasını həmin dövlətlər onunla əsaslandırırdı ki, sizin dövlətin özünün xaricdə təhsil üzrə dövlət proqramı olduğu üçün biz dövlətimiz hesabına sizin gəncləri oxutmaq istəmirik. Ancaq mən düşünürəm ki, bu cür layihələrin hər iki tərəf ölkə üçün kifayət qədər müsbət təsiri var. Çünki birinci növbədə həmin mübadilə proqramlarının hansı ölkə ilə olmasından asılı olmayaraq, ikitərəfli münasibətlərə böyük töhvə verir. Eyni zamanda, mübadilə proqramlarının məzunlarının özlərinin məzun təşkilatları var ki, həmin məzun təşkilatları da Azərbaycanın ictimai-siyasi həyatına, cəmiyyətinin maarifləndirilməsinə, müxtəlif layihələrin həyata keçirilməsinə müsbət tərəfdən təsir etmiş təşkilatlardır.”

Gənclər xaricdə təhsil proqramlarının bərpası üçün müxtəlif imzatoplama kampaniyaları təşkil etməlidir

Sonda xaricdə təhsil almaq arzusunda olan tələbələrin hansı addımlar atması ilə bağlı məsləhətlərini verən Bəxtiyar Hacıyev əlavə edib ki, gənclər Azərbaycanda xaricdə təhsil proqramlarının bərpa olunması üçün fəaliyyət göstərib, müxtəlif kampaniyalar təşkil etməlidirlər.

“Çünki əgər hər hansı bir xarici universitetdən tələbənin təqaüd almaq şansı həmin universitetin verdiyi təqaüddən birini qazanmaq şansına bərabərdi. Ancaq əgər dövlət proqramı yenidən bərpa olunarsa, həmin gənc öz dövlətindən təqaüd alan 800-900 gəncdən biri ola bilər. Bu da həmin tələbənin təhsil üçün təqaüd əldə etmək şanslarını əhəmiyyətli dərəcədə artırır.”

XS
SM
MD
LG