Accessibility links

Baş Prokurorluqdan xəbərdarlıq: İntihara cəhd edən şagirdlə bağlı qeyri-dəqiq məlumat yayanlar məsuliyyətə cəlb olunacaq


162 saylı məktəbin qarşında aksiya
162 saylı məktəbin qarşında aksiya

“Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə və sadalanan pozuntulara yol verən şəxslərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə mövcud qanunların tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunur. Elina Hacıyevanın özü, ailəsi və yaxın ətrafı ilə bağlı qeyri-dəqiq, düzgünlüyü yoxlanılmadan paylaşılmış, cinayət işi üzrə həqiqətə uyğun olmayan, istintaq sirri təşkil etməklə, konfidensial informasiya hesab olunan məlumatların yayılmasının və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün monitorinq həyata keçirilərək bu cür hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcəkr.”

Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, hazırda cinayət işi üzrə bütün xüsusatların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Məlumatda deyilir ki, Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilib, müxtəlif növ ekspertizalar təyin edilib.

“Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib”, məlumatda qeyd edilir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən xidməti yoxlama aparılaraq məktəbin direktoru və tərbiyə işləri üzrə direktor müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

“Göstərilənlərlə yanaşı, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 6 aprel 2019-cu il tarixli məlumatında kütləvi informasiya vasitələrində insanların heysiyyatına toxunan əsassız məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq bəzi internet saytlarında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə, tədris prosesinin normal həyata keçirilməsinə mənfi təsir göstərən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmaqla konkret faktlara əsaslanmayan, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib,” məlumatda qeyd edilir.

162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi aprelin 4-də özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atıb. Şagird iki gün sonra Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

Şagirdin intiharı sosial şəbəkələrdə geniş müzakirlərə yol açıb. Yüzlərlə insan sosial şəbəkələrdə #ElinaÜçünSusma və #BullinqəSon şüarı ilə keçirilən kampaniyaya qoşulub.

Aprelin 12-də bir qrup valideyn 162 saylı məktəbin qarşısında aksiya keçirib, şagirdin xatirəsini yad edib.

XS
SM
MD
LG