“Bakıda 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı ölkə başçısının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Bununla bağlı aidiyyəti dövlət qurumlarına -Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbət uşağın və ailənin hüquqlarından gedir.”
Bu barədə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, orta məktəbin VIII sinif şagirdinin intiharı çox müzakirə olunur.
“Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq. Sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tutur və populist çıxışlar edirlər” , komitə sədri qeyd edib.
Orta məktəbin 8-ci sinif şagirdi aprelin 4-də özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atıb. Şagird iki gün sonra Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Şagirdin intiharı sosial şəbəkələrdə geniş müzakirlərə yol açıb. Yüzlərlə insan sosial şəbəkələrdə #ElinaÜçünSusma və #BullinqəSon şüarı ilə keçirilən kampaniyaya qoşulub.