Accessibility links

Barak Obama: "Amerika xəyalını bərpa edək!"


Barak Obama: "Amerika xəyalını bərpa edək!"
Barak Obama: "Amerika xəyalını bərpa edək!"

Prezident Obama üçüncü illik hesabat məruzəsində əsas diqqəti Amerikanın iqtisadi dirçəlişinə və orta sinfin bərpasına həsr etdi. Əl-Qaida terror şəbəkəsinin lideri Osama bin Ladenin ötən il ərzində məhv edilməsini önə çəkən prezident Obama silahlı qüvvələri nümunə göstərərək amerikalıları əl-ələ verib oxşar həvəslə iqtisadiyyatı inkişaf etdirməyə səslədi. Prezident Obama Amerika xəyalını gerçəkləşdirmək üçün hökumətin bir sıra ölçülər götürməsinin vacibliyini vurğuladı.

2012-ci il prezidentlik kampaniyasına uyğun tonda prezident Obama varlılarla yoxsullar arasında balans yaradılmasına, zəhmətkeş amerikalıların rifahının yaxşılaşdırılmasına səslədi. “Eramızın ən mühüm məsələsi bu vədi yaşatmaqdır. Heç bir sınaq bundan vacib deyil. Heç bir debat bundan mühüm deyil,” deyə prezident bildirdi. “Ya biz elə bir ölkədə yaşayacağıq ki, orada yalnız bir ovuc adam yaxşı yaşayılr və yerdə qalanlar güclə dolanır. Ya da biz iqtisadiyyatımızı elə bir səviyyəyə dirçəldə bilərik ki, orada hər kəsin yaxşı həyata şansı olsun, hər kəs öz payına düşəni versin, hər kəs eyni qaydalarla oynasın.”

İstehsalat, iş treyninqləri və vergi islahatları üzərində cəmləşən məruzəsində cənab Obama Amerika iqtisadiyyatının dayanıqlı əsaslar üzərində yenidən qurulmasının vacibliyini qeyd etdi. O, həyata keçirdyi hökumət və maliyyə islahatlarının bu yönümdə nailiyyətli olacağına əminliyini vurğuladı: “Söhbət burada Demokratların dəyərlərindən, yaxud Respublikaçıların dəyərlərindən deyil, Amerika dəyərlərindən gedir. Biz onları geri qaytarmalıyıq.”

Bizneslərin Amerikada yeni iş yerkəri açmağa sövq etmək üçün prezident Obama Amerikada qərargahlanan yüksək texnologiyalı firmalar üçün vergi imtiyazlarını ikiqat artırmağa səslədi. O, yoxsulluqla üzləşən icmalara iş yerləri gətirən şirkətlərə də xüsusi yardım etməyə çağırdı. “Burada qalmağa üstünlük verən hər bir şirkətə vergi endirimləri verilməlidir,” deyə ABŞ prezidenti bildirdi.

Prezident Obama enerji siyasətindən danışarkən Amerikanın tədricən daha çox öz daxili enerji resurslarına arxalandığını bildirdi. Eyni zamanda prezident külək və günəş ererjisi kimi təmiz enerji mənbələrinin inkişaf etdirilməsindən danışdı. O, xarici neftdən asılılığı azaltmaq üçün çoxşaxəli siyasət yürütməyin vacibliyini vurğuladı.

Çıxışının sonunda prezident Obama xarici siyasət haqda bir neçə kəlmə söylədi. İraqdan qoşunların çıxarıldığını və Əfqanıstanda hərbi əməliyyatların başa çatmaq üzrə olduğunu deyən cənab Obama əsgərlərin vətənə qayıtmasından razılığını ifadə etdi. Prezident Ərəb Baharının nailiyyətlərindən və bu istiqamətdə Amerikanın atdığı müsbət addımlardan danışdı. Cənab Obama ABŞ-ın hər zaman azadlıq arzulayan insanlarla çiyin-çiyinə dayanacağını vurğuladı. ABŞ lideri nüvə danışıqlarında inadkarlıq göstərən İrana da xəbərdarlıq etdi. O, İranın danışıqlara yolunun açıq olduğunu, eyni zamanda bütün imkanların masa üzərində olduğunu qeyd etdi.

Prezident Obamanın illik hesabat məruzəsi 65 dəqiqə çəkdi. Prezidentin çıxışı təqribən 80 dəfə alqışlarla kəsildi.

XS
SM
MD
LG