Accessibility links

Bakı-Vaşinqton-Bakı marşrutu üzrə birbaşa kommersiya reysi həyata keçirilir


Azərbaycan 2014-cü ildə ABŞ-a daimi birbaşa reyslər açmaq niyyətindədir

Aprelin 24-də Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə olaraq Bakı-Vaşinqton-Bakı marşrutu üzrə birbaşa kommersiya reysi həyata keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a bildirib ki, kommersiya reysinin sifarişçisi Azərbaycan Dövlət Neft Şirkətidir. “Boeing 767-300 ER” tipli təyyarənin iş adamlarından ibarət 38 sərnişini olub. Təyyarə təxminən 10 saatdan sonra Vaşinqtonun “Dulles” aeroportunda yerə enib.
Təyyarə Bakıya aprelin 29-da qayıdacaq.

Mətbuat xidməti bildirir ki, uçuş coğrafiyasını və aviaparkını daim genişləndirən “Azərbaycan Hava Yolları” QSC “Boeing 767-300 ER” tipli təyyarəni Bakıya ötən il iyunun 2-də gətirib. “Boeing 767-300 ER” 13 min metr yüksəklikdə uçuş qabiliyyətinə malikdir və 14-15 min kilometr məsafəni birbaşa qət edir. Bu ilin iyununda Azərbaycana daha bir “Boeing-767” tipli təyyarənin, 2014-cü ildə isə ən yeni “Boeing-787 Dreamliner” hava gəmisinin gətirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC 2014-cü ildə ABŞ-a daimi birbaşa reyslər açmaq niyyətindədir.

XS
SM
MD
LG