ABŞ Konqresində İranda demokratik keçid mövzusunda konfrans keçirilib. İran Milli Konqresi tərəfindən təşkil edilmiş konfransda İranda dəyişikliklərin mümkün perspektivləri və dünyəvi, plüralist və demokratik hökumətin yaradılması üçün imkanlar müzakirə edilib.
Konfransda iştirak edən Azərbaycan Milli Dirəniş Hərəkatının təmsilçisi Babək Çələbiyanlı ABŞ Konqresində İranda etnik azlıqların problemlərinin müzakirəsinin əhəmiyyətindən danışıb.
“Amerika Birləşmiş Ştatlarının İranla nüvə sazişindən çıxmasından sonra İrana qarşı tətbiq olunan sanksiyalar ciddi şəkildə İran iqtisadiyyatına təsir göstərib və bu da istər-istəməz orada yaşayan insanların həyatına təsir edir. Bu zamanda, bu durumda çox həssas bir şəraitdə yaşayırıq. Belə bir şəraitdə bəlkə birinci dəfədir ki, qeyri-fars millətlərin nümayəndələrinin iştirakı ilə Amerika Konqresində belə bir konfrans keçirilir. Bu da bizim üçün çox dəyərli bir fürsətdir ki, bu gün konqresmenlərlə görüşək və öz xalqımızın istəklərini dilə gətirək. Bunlar çox maraqlı idilər ki, onlara deyəndə ki İranın hamısı fars deyil, orada azərbaycanlılar ən azından İran xalqının üçdə birini azərbaycanlılar təşkil edir. Onlara çox maraqlı gəldi. Bunun bir əhəmiyyi də ondan ibarətdir ki, xalq içəridə etiraz etsə də, onların gözləri xaricdə yaşayan Azərbaycan nümayəndələrindədir. Onların da bizdən gözləntiləri budur ki, biz xalqımızın səsini dünya ictimaiyyətinə, özəlliklə Amerika və Qərb dövlətlərinə və Birləşmiş Millətlərə çatdıraq.”
Babək Çələbiyanlı Amerikanın Səsinə ABŞ-ın yeni administrasiyasının İranda etnik azlıqlar, o cümlədən Azərbaycan türklərinin öz hüquqları uğrunda mübarəzisinə önəm verdiyini bildirib.
“Bilirsiniz ki, əvvəlki administrasiya dönəmində İranda qeyri-fars millətlərə Amerikanın baxışı o qədər də yaxşı deyildi. Amma Tramp dönəmində özəlliklə qeyri-fars etniklərə çox yaxşı dərəcədə əhəmiyyət verirlər. Bu da çox sevindiricidir. Bunlar da artıq başa düşüb ki, fars etniklərin katkısı, onların iş birliyi olmadan İranda hər hansı bir yumşaq, demokratik dəyişiklik mümkün olmaz.”
Babək Çələbiyanlı deyib ki, azərbaycanlılar öz istəklərini beynəlxalq ictimaiyyətə çatdırmaq işini davam etdirməlidir.
“Biz öz səsimizi yüksəltməliyik, öz haqlarımızı tələb etməliyik və öz istəklərimizi dünya ictimaiyyəti ilə paylaşmalıyıq. İran sadəcə farsların deyil. Ortada bizim 35 milyon Azərbaycan türkü yaşayır. İndiki 21-ci əsrdə öz ana dilimizdə danışmaqdan məhrumuq. Sadəcə ana dili deyil. Bizim həm siyasi, milli hüquqlarımızdan da məhrumuq.”