Accessibility links

Azərbaycanda şikayətlərin 15 faizi məhkəmələrlə bağlıdır


Azərbaycanda şikayətlərin 15 faizi məhkəmələrlə bağlıdır
Azərbaycanda şikayətlərin 15 faizi məhkəmələrlə bağlıdır

Hakimlərin əmək haqqı yüksəkdir, əvəzində onların köməkçiləri və məhkəmələrin digər əməkdaşları xeyli az maaş alır. Hakimlərin məhkəmə proseslərinə təyin edilməsi məhkəmə sədrlərinin imzası ilə həyata keçirilir ki, bu da birbaşa qanun pozuntusudur.

“Transparency Azerbaijan” təşkilatı Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Məhkəmə sistemində şəffaflığın artırılması” mövzusunda dəyirmi masa keçirib.
“Transparency Azerbaijan” ictimai birliyinə daxil olan şikayətlərin 15%-dən çoxu məhkəmə sisteminə aiddir”, - deyə təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva bildirib. Onun sözlərinə görə, ictimaiyyətin hər şeydən çox informasiya əldə etmək imkanlarına ehtiyacı var.
O, son dövrlər dövlət başçısının fərmanı ilə hakimlərin sayının ümumilikdə 600 nəfərə çatdırıldığını, apellyasiya instansiyası hakimlərinin sayı artırıldığını müsbət hadisə adlandırıb. “Avropa qanunvericiliyinin tətbiqi üzrə birgə işçi qrupu yaradılıb, buraya yerli Məhkəmə Hüquq Şurasının nümayəndələri ilə yanaşı Avropa hüquqşünasları da daxildir.
Avropa Şurası mütəxəssislərinin iştirakı ilə hakimlər üçün imtahan qaydaları təsdiq edilib. 2012-ci ildən etibarən yeni attestasiya növü nəzərdə tutulur ki, o, hakimlərə ömürlük işləmək imkanı verəcək”, - deyə xanım Səfərəliyeva qeyd edib.
Bununla yanaşı bildirilib ki, adı çəkilən dəyişikliklər formaldır. Belə ki, məhkəmə sisteminin mahiyyətinə toxunmur. İndiyədək hakimlərin peşəkar yararlılığının müəyyən edilməsi üzrə dəqiq metodologiya yoxdur. Vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri imtahanların ilk iki mərhələsinə buraxılır, lakin imtahan nəticələri məxfi saxlanılır və Məhkəmə Hüquq Şurası tərəfindən kənar iştirak olmadan açıqlanır.
Xanım Səfərəliyeva qeyd edib ki, hakimiyyət sadəcə faktlar barədə məlumat verir, hakimlərin cəzalandırılması səbəblərini gizləyir. “Hakimlərin əmək haqqı yüksəkdir, əvəzində onların köməkçiləri və məhkəmələrin digər əməkdaşları xeyli az maaş alır. Hakimlərin məhkəmə proseslərinə təyin edilməsi məhkəmə sədrlərinin imzası ilə həyata keçirilir ki, bu da birbaşa qanun pozuntusudur”.
Məhkəmə iclaslarının protokolları çox vaxt bir aya yaxın hazırlanır, bəzən isə hətta rəsmi sorğulardan sonra belə vətəndaşlara verilmir. İmkansız müştərilərin müdafiəsinə cəlb edilmiş vəkillərin bir saatına düşən qonorar (2 manat) zamanın tələblərinə cavab vermir. Əyalət hakimləri metodiki vəsait əldə edə bilmir ki, bu da onların səmərəli fəaliyyətinə və peşəkar inkişafına təsir edir.
”Ən böyük problem məhkəmə qərarlarının icra edilməməsidir. Bu, hakimlərin və məhkəmə icraçılarının bir birindən asılı olmaması ilə əlaqədardır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG