Əslən azərbaycanlı olan tanınmış müğənni Sami Yusuf və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) quraqlıqdan əziyyət çəkən Afrika Buynuzunda humanitar yardımları dəstəkləmək məqsədilə bir araya gəlib.
Ümumdünya Ərzaq Proqramının məlumatına görə, müğənni Somali və ətraf regionları cənginə alan aclıq barədə ictimaiyyətin məlumatlılığını artırmağa yardım etmək üçün başlamış “LiveFeed” kampaniyanın bir hissəsi olaraq “Unudulmuş vədlər” adlı mahnısını cəmiyyətə təqdim edib. İnglis, ərəb və svahili dillərində olan bu mahnını dinləyicilər həm internetdən, həm də Yaxın Şərqin bütün musiqi mağazalarından əldə edə biləcək. Alıcılar mahnını yükləməklə, müğənninin albomu almaqla yaxud www.LiveFeedAfrica.org veb səhifəsində onlayn ianələr vasitəsilə kampaniyaya dəstək ola bilər.