Accessibility links

Azərbaycan qadını haqqında hökumətin, müxalifətin və rəsmi rəqəmlərin dedikləri


2012-ci ilin martın əvvəlinə olan rəsmi məlumata görə, ölkə əhalisinin ümumi sayının 50,4 faizini (4 milyon 661,7 min nəfər) qadınlar təşkil edir. Ölkədə 8 mart qadınlar bayramıdır.

Azərbaycanda 8 mart Beynəlxalq qadınlar günü bayram kimi qeyd edilir. Bu gün dövlət bayramları siyahısına daxildir və ölkədə iş günü deyil.

Azərbaycan prezidenti İlham Əliyevin təbrikində deyilir ki, tarixin hər bir dövründə Azərbaycan qadını cəmiyyətin sarsılmaz mənəvi dayağı olub, ölkənin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərib. “Onlar dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib seçilmək hüququ sayəsində cəmiyyət həyatının fəal iştirakçısı olmaq imkanı əldə edib. Öz tükənməz enerjilərini və zəkalarının gücünü bütünlüklə vətən, xalq yolunda sərf eləyən qadınlarımız ötən dövr ərzində çoxsaylı nailiyyətlər qazanıb. Milliliklə müasirliyin ahəngdar vəhdəti onların zəngin mənəviyyatının ayrılmaz xüsusiyyətidir”.

Dövlət başçısı inanır ki, Azərbaycan qadını ölkənin dinamik inkişafı və tərəqqisi naminə qüvvəsini bundan sonra da əsirgəməyəcək.

Müxalif partiyaların liderləri, Azərbaycan Ziyalılar Forumu qadınları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Ziyalılar Forumu ölkənin aparıcı qadın jurnalistlərinin, hüquq müdafiəçilərinin, ictimai və siyasi xadimlərinin iştirakı ilə bayram tədbiri də keçirib.

Akademik Rafiq Əliyev, politoloq Eldar Namazov, yazıçı Əkrəm Əylisli və Turan Agentliyinin direktoru Mehman Əliyev ölkənin ictimai həyatında qadınların rolundan danışıb. Çox vaxt onlar qarşı cinsin bir çox nümayəndələrindən fərqli olaraq, əsl kişilik nümayiş etdirirlər. 20 ildən çoxdur ki, qadın hüquq müdafiəçiləri kişiləri təqiblərdən və ədalətsizlikdən müdafiə edir, onların həbsxanalardan azad edilməsi üzrə böyük işlər görür.
Qadınlar özləri kişi deyil, sırf qadın xüsusiyyətlərinin daşıyıcısı olmaq, ailə problemləri ilə məşğul olmaq istəyərdilər. Lakin yaranmış vəziyyət onları biganə qalmamağa və vətəndaş mövqeyi nümayiş etdirməyə vadar edir.
Hüquq müdafiəçisi Arzu Abdullayeva vaxtilə keçirilmiş sorğunu xatırladıb, onun nəticələrinə əsasən Bakı Tbilisi və Yerevana nisbətən daha proqressiv paytaxt seçilmişdi.
Keçmiş deputat Gültəkin Hacıyevanın fikrincə, Azərbaycanda gender bərabərliyi geri qalır. Sovet dövründə qadınlar dövlət vəzifələrində daha çox təmsil olunurdular.
Yazıçı Mehriban Vəzir Amerikanın Səsi radiosuna müsahibəsində

Azərbaycan qadınının sosial-siyasi durumunun ağır olduğunu deyib. “Bu gün Azərbaycan qadını nə iqtidarda, nə də müxalifətdə təmsil olunmur. Qadınlar barədə qərarları kişilər qəbul edir. Qadın cəmiyyətin söz eşidilən nümayəndəsi deyil”.

Onun sözlərinə görə, ölkədə bütün mülkiyyətin yalnız 4 faizi qadınlara məxsusdur. “Azərbaycanda varlı kişilər, kasıb qadınlar yaşayır. 4 faiz mülkiyyəti də qadınların özləri qazanmayıb. Bu mülkiyyət oliqarxların xanımlarının, qaynanalarının və ya yaxın qohumlarının adına sənədləşdirdiyi mülkiyyətdir”, - deyə o qeyd edib.

Mehriban Vəzir ölkənin demokratikləşməsində də qadınların rolunun aşağı olduğunu deyib. “Hökumətin idarə edilməsində də qadınların rolu azdır. Mühüm dövlət vəzifələrinə qadınlar irəli çəkilmir”.

Xanım Vəzir həm də şəhid anasıdır. O hazırki hökumətin şəhid ailələrinə münasibətini kəskin tənqid edib. Onun fikrincə, iqtidar şəhid ailələrinə və ölkənin müstəqilliyi uğrunda mübarizə aparanlara qarşı diqqətli deyil.

Xatırladaq ki, 2012-ci ilin mart ayının əvvəlinə olan rəsmi məlumata görə, ölkə əhalisinin ümumi sayının 50,4 faizini (4 milyon 661,7 min nəfər) qadınlar təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınların 58,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 24 uşaq gətirir. Ötən il doğulmuş 176,1 min körpənin 46,2 faizini qızlar təşkil edib.
Hazırda ölkədə 25 doğum evi, 214 qadın məsləhətxanası, 258 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir.
Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76,0 faizi, orta ixtisas təhsil müəssisələrində 73,0 faizi, ali təhsil müəssisələrində 48,0 faizi, həkimlərin isə 63,0 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,0 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 47,0 faizi qızlardır.
Doktorantların 35,1 faizini, bütün elmi işçilərin isə 55,3 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 31,7 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 14,0 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. İdmançıların 28,0 faizini qadınlar təşkil edir.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artıb. Əgər, 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb.
Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2011-ci ildə 6445 nəfərə çatıb.

XS
SM
MD
LG