Azərbaycan futbolunun 100 illiyi ilə əlaqədar FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini Bakıda səfərdədir.
Ölkə futbolunun yubileyi ilə bağlı tədbirlər çərçivəsində bu gün Bakı Olimpiya stadionunun təməlqoyma mərasimi olub. Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini iştirak edib.
Bakı Olimpiya stadionunun 65 min tamaşaçı yeri olacaq, müxtəlif funksiyalı kürsülər, qaçış zolağı və digər infrastrukturun inşası nəzərdə tutulub.
Azərbaycan prezidenti İlham Əliyev hım də FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platinini qəbul edib.
Cənab Əliyev Yozef Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsini onun səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
Cənab Blatter və Platini həmçinin iyunun 6-da Bakının Mərdəkan qəsəbəsində “Dalğa Arena” futbol mərkəzi və stadionun açılışında iştirak edib.
Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaransa da, yerli futbol tarixinin başlanğıcı 1911-ci ildə Bakıda keçirilən yarışdan götürülür. Həmin vaxt İngiltərə Neft Şirkətinin “Britaniya Klubu” adlı komandası qələbə qazanmışdı.