Accessibility links

Azərbaycanda Qurban Bayramı başlayır, 4 gün iş olmayacaq


İyulun 9-dan 4 günlük Qurban bayramı tətili başlayır. Belə ki, iyulun 9-u və 10-da Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə uyğun olaraq, həmin günlər istirahət günləri olan şənbə və bazara təsadüf etdiyi üçün iyulun 11 və 12-si də qeyri iş günləri sayılır.

Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı dövlət səviyyəsində bayram edilir.

Bu bayramda Həcc ziyarətində olan zəvvarlar Allah adına qurbanlar kəsir.

Son iki ildə pandemiya səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. Bu il 680 Azərbaycan vətəndaşı hazırda Həcc ziyarətindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbrikində deyilir ki, Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

““Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin”, prezidentin təbrikində deyilir.

XS
SM
MD
LG