Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında 27 sentyabrda başlanan hərbi toqquşma ilə bağlı sualları cavablanıdırıb.
Pol Stronski hərbi toqquşmaya bir neçə amilin səbəb olduğunu söyləyib. O, bu sıraya son zamanlarda gərginliyin artması və hər iki tərəfdən ritorikanın sərtləşməsi, hər iki ölkənin başqa ölkələrdən ağır silahlar alması, hər iki ölkədə ələlxüsus da COVID-19 pandemiyası səbəbilə baş verən sosial-iqtisadi problemlərin daxil olduğunu deyib. Stronskinin fikrincə, müharibə diqqəti bu problemlərdən yayındırır.
Təhlilçinin sözlərinə görə, Azərbaycan rejimi xalqın gözündəki legitimliyini itirir. “Əliyev kabinetdə dəyişiklik edib, yeni seçki keçirib, müxalifəti boğub. Amma ölkə daxilində problemlər artmağa davam edir, Ermənistanda isə siyasət çox qütbləşib. Müharibənin bir bayraq altında birləşmək effekti var, ona görə də mən bunun hesablamaların bir hissəsi olduğunu düşünürəm.”
Onun fikrincə, son gərginliyin baş verməsinə Azərbaycanın daha çox meyli var, çünki status-kvo Ermənistanın xeyrinədir.
Stronski əlavə edib ki, müharibə hər iki hökümət üçün risk təşkil edir.
“Əgər hökümət müharibəni doğru idarə bilməsə və ya ərazi itirsə, əks-reaksiya ilə üzləşə bilər. Ermənistanın 2016-cı ildə baş verən dörd günlük müharibə zamanı verdiyi itkilər sabiq prezident Serj Sarkisyan hökümətinin dağılmasına gətirib çıxardı. Yəni müharibəyə getməyin böyük riskləri olur,” Stronski deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında gərginliyin artmasının başqa bir səbəbi dünyanın diqqətinin digər böhranlara yönəlməsidir. O, Rusiyanın başının ölkədaxili məsələlərə, Belarusa və Liviyaya qarışdığını, Avropa İttifaqının COVID-19-un ikinci dalğasına hazılaşdığını, ABŞ-ın isə son bir neçə ildə regiondan çəkildiyini deyib.
“Yəni böyük qüdrətlər, xüsusilə də Minsk Qrupu vasitəsilə sülh danışıqlarında və münaqişənin nəzarət altında saxlanmasında rol oynayan ölkələrin məsələyə diqqəti azalıb,” Stronski bildirib.
Rusiya və Türkiyənin münaqişədəki mövqelərini də şərh edən Stronski Rusiyanın vasitəçi rol oynadığını, lakin Moskva ilə Bakı arasında münasibətlərin bu il bir az gərginləşdiyini deyib. O, Ankara ilə Moskvanın regionda qarşı-qarşıya gəlməməsinə ümid etdyini söyləsə də, Ermənsitanla Rusiya hərbi müttəfiq olduqları üçün Ermənistan ərazisinə birbaşa hücum olduğu təqdirdə, Rusiyanın Ermənistana yardım etmək məcburiyyətində olduğunu deyib.
“Mən nə Rusiya, nə Türkiyənin qarışmaq istədiyini düşünmürəm. Amma Türkiyənin möhkəm şəkildə Azərbaycanı dəstəkləməsi belə bir risk yaradır. Məncə arxa planda çox sayda diplomatik danışıqlar aparılır, çünki regionun İrana, Şimali Qafqaza yaxınlığını və regiondan keçən enerji marşrutlarını nəzərə aldıqda Cənubi Qafqazın ən son ehtiyac duyduğu şey müharibədir,” o bildirib.
Türkiyənin Minsk Qrupu ilə bağlı tənqidlərinə cavab verən Stronski Minsk Qrupunun münaqişənin idarə olunması üçün effektiv format olduğunu, ancaq qrupun münaqişənin həllinə nail olmadığını bildirib. Lakin onun fikrincə, bunun gühankarı Minsk Qrupu deyil və münaqişə yalnız Ermənistan və Azərbaycan istədiyi zaman həll oluna bilər.
“Bu, Azərbaycan və Ermənistan xalqlarının və rəhbərliklərinin həll etməli olduğu məsələdir. Beynəlxalq ictimaiyyət onların səylərini dəstəkləyə bilər, amma onlar tərəflər istəmədiyi təqdirdə heç nə edə bilməzlər,” o bildirib.
Veyn Merri: “İki tərəfdə də ritorika qorxuncdur”
Vaşinqtonda qərargahlanan Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri Amerikanın Səsinə müsahibədə deyib ki, o, döyüşləri kimin başlatdığını bilməsə də, bunu Azərbaycan tərəfi başladığını ehtimal edir. Onun fikrincə buna səbəb odur ki, Azərbaycan Müdafiə Nazirliyi münaqişə başlayandan sadəcə bir neçə saat sonra bir neçə kəndin ələ keçiridiridiyinə dair xəbər yaydı.
Lakin onun sözlərinə görə, hər iki tərəf bir müddətdir döyüşlərə hazırlıq aparır, silahlı qüvvələrini gücləndirir, hərbi avadanlıqlar toplayırdı.
“Budəfəki döyüşləri Azərbaycan tərəfi başlatmış olsa belə, hər iki tərəf buna hazırlıq görürdü,” o deyib.
Merri 1993-cü ildən sonra son illərdə hər iki tərəflə bəzi dəyişikliklərin olduğunu bildirib. Belə ki, hər iki tərəfin ordusunun həm həcmi, həm müasiriliyi artıb. Onun sözlərinə görə, bu artım Azərbaycan tərəfində daha kəskindir, çünki, Azərbaycan neftdən çox gəlir əldə etdiyi üçün bu pulun böyük hissəsini müasir yüksək-texnologiyalı hərbi avadanlıqlara, bombardmanlara, döyüş surasatlarına və silahlara xərcləyir. O, Ermənistanın da hərbi qüvvə strukturunu və silahlarını artırdığını bildirib, lakin onun sözlərinə görə, “Azərbaycanın daha müasir və yüksək texnologiyalı hərbi avadanlıq alaraq, hərbi qüvvəsini təkmilləşdirməsi nəticəsində Ermənistan 1990-cı illərdə topoqrafiya baxımından sahib olduğu üstünlüyü itirib.”
Regiondakı oyunçuları şərh edən Veyn Merri əvvələr bu münaqişədə tək bir regional qüvvənin, yəni Rusiyanın mühüm rol oynadığını, indi isə Türkiyənin də rolunun kifayət qədər artdığını bildirib. Onun fikrincə bu, təkcə Yerevanda deyil, həm də Rusiyada narahtlıqlara səbəb olub, çünki mərkəzi və cənubi Qafqaz əraziləri Rusiyanın maraq dairəsindədir.
“İndiyədək Türkiyə və İran buna hörmət edirdi. Amma hazırda Ankaranın hələ də bu ərazidə Rusiyanın imtiyaza sahib olduğunu düşünüb-düşünmədiyi məlum deyil,” o deyib.
Onun sözlərinə görə, Türkiyənin Naxçıvanda keçirdiyi hərbi təlimlər və rəsmi Ankaranın son döyüşlərlə bağlı bəyanatları Ankaranın ərazidə Rusiya kimi rol oynamaq istədiyinə işarə edir.
Rusiyaya gəldikdə isə Veyn Merri düşünür ki, Moskva yürütdüyü diplomatiyada balansı qoruyub saxlamaq niyyətindədir və hər hansı bir tərəfi dəstəkləmək istəmir. Onun dediyinə görə, Rusiyanın Ermənistanla tarixi və razılığa əsaslanan münasbətləri var, ancaq son illərdə Rusiyanın Azərbaycanla da əlaqələri yaxşılaşıb. Belə ki, iki ölkə enerji məsələləri üzərində bir sıra razılıqlar imzalayıblar. Bu səbəblə də Moskva Bakı ilə münasibətlərini pisləşdirmək istəmir. Lakin onun fikrincə, əgər Emənistanla Azərbaycan arasında real müharibə başlasa, Moskva hərbi bazasının olduğu tarixi müttəfiqini dəstəkləməli olacaq.
“Ancaq düşünürəm ki, həm Moskva həm Ankara qüvvələrinin münaqişəyə birbaşa müdaxiləsi əvəzinə, regiondakı siyasətlərini vasitəçiləri, yəni Ermənistan və Azərbaycan vasitəsilə yürütmək istəyirlər,” o qeyd edib.
Veyn Merri nə Ankara, nə də Moskvanın Suriyada olduğu kimi qarşıdurma yaşamaq istəmədiyini düşünür.
Merrinin fikrincə, Ermənistanla Azərbaycan arasında danışqlar prosesində heç bir nəticənin əldə olunmamasına səbəb hər iki tərəfin ritorikasıdır. “İki tərəfdə də ritorika qorxuncdur,” o deyib.
Onun bildirdiyinə görə, 1980-ci illərdə iki xalqın bir-birilərinə qarşı normal insani münasibətləri olsa da, Qarabağ müharibəsindən sonra hər iki tərəf bir-birini insanlıqdan çıxarıb.
“Azərbaycanda insanlar erməniləri insan hesab etmir, ermənilər isə azərbaycanıları. Bu cür silahlı münaqişə olanda, bir tərəfin digərini insanlıqdan çıxarması ifratçılığa gətirib çıxara bilər,” o deyib.
Veyn Merrinin fikrincə, son hərbi toqquşmanın aqibəti Moskva ilə Ankara, Moskva ilə Yerevan və Ankara ilə Bakı arasındakı danışıqlardan və iki regional qüdrətin tərəfləri cilovlaya bilib-bilməməsindən asılı olacaq.
Tomas de Vaal: “Burada iplər Rusiyanın əlində deyil”
Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi və Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında adlı kitabın müəllifi Tomas de Vaal da öz Facebook səhifəsində Qarabağ münaqişəsi ilə bağlı fikirlərini paylaşıb.
Onun sözlərinə görə, hər iki ölkənin Dağlıq Qarabağ üzərində tarixi iddiaları var. “Qarabağ 12-ci əsrdə orta əsrlər erməni krallığı, 18-ci əsrdə isə Azərbaycan (Fars Türk Şiə) xanlığı idi. Hər iki xalq burada tarix boyu uzun illər döyüşdüklərindən çox sülh içində yaşayıblar,” de Vaal bildirib.
Bundan əlavə, o, məsələ ilə bağlı bir çox hüquqi və siyasi iddiaların mövcud olduğunu bildirib. Onun dediyinə görə, SSRİ-nin dağılmasının şərtlərinə əsasən, bütün ittifaq respublikaları beynəlxalq icitmaiyyət tərəfindən tanınan dövlətlər oldular və Dağlıq Qarbağa Azərbaycanın de yure hissəsi hesab olundu. Lakin erməni tərəfi hələ 1988-ci ildə 1923-cü ilə yaranan Dağlıq Qarabaq Muxtar Vilayətinin qeyri-qanuni olduğunu deyərək, onu rədd etmişdi və hələ də ərazinin öz müqəddəratını təyin etmə prinsipini dəstəkləyir.
“Başqa sözlə desək, bu, qarışıq həll olunmayan separatçı münaqişədir və məsələnin bəsit olduğunu deyən heç kəsə inanmayın,” o deyib.
Tomas de Vaal bildirir ki, bir digər məsələ çox sayda propaqandanın olmasıdır. Onun sözlərinə görə hər iki tərəf adətən yanlış iddialar irəli sürür. “Buna görə də, rəsmi bəyanatla ehtiyatla yanaşın,” o deyib.
Onun sözlərinə görə, Azərbaycan 1990-cı illərdə baş verən münaqişədə məğlub olan tərəf olaraq hadisələri dəyişmək üçün hərbi hücuma əl atmağa meylli tərəfdir. “Bu bazar günü də onlar bunu etdi. Bəli, bəlkə də onlar, ABŞ-ın regionla maraqlanmadığını, pandemiyanın da beynəlxalq müdaxiləni məhdudlaşdırdığını düşündükləri vaxtı seçdilər,” o deyib. Bundan əlavə isə, onun fikrincə, budəfəki əlavə vacib amil Bakının Ərdoğanın Türkiyəsindən tam dəstək alması oldu.
Lakin Tomas de Vaalın dediyinə görə, “bu o demək deyil ki, Ermənistan tərəfi sülhsevərdir. Onların uzun zaman münaqişə ilə bağlı əhəmiyyətli danışıqlar aparmağa razılaşmaması və 1990-cı illərdə Dağlıq Qarabağ ətrafında işğal etdikləri ərazinin ‘azad edildiyini’ demələri onları zorakılığın ‘passiv aqressiv’ dəstəkçisi edir,” o bildirib.
De Vaal bildirib ki, dağlıq ərazi, ağır silahlar, kənd və şəhərlərin münaqişə zonasına yaxın olması hər hansı tərəfin müharibədə “qalib gəlməsini” çətinləşdirir. Onun sözlərinə görə, bu yalnız daha çox qanın tökülməsinə, səfalət və nifrətə gətirib çıxaracaq.
De Vaal bu münaqişənin digər post-Sovet münaqişələrindən mühüm dərəcədə fərqləndiyini deyib, çünki onun fikrincə, Rusiyanın hər iki tərəfdə maraqları var. “Burada iplər Rusiyanın əlində deyil,” o qeyd edib.
Tomas de Vaal düşünür ki, sonunda bir-biri ilə razılıq əldə etmək və güzəştlərin olduğu və sülhə aparan bir plan tərtib etmək qərarını azərbaycanlılar və ermənilər verəcəklər.
“Bu, bir gün baş verəcək, amma qanın tökülməsi qarşılıqlı etimadsızlııq və qorxu yaratmaqla bu günü ləngidir,” o bildirib.
O, ən son ciddi danışıqların 20 il öncə baş verdiyini və o zamandan bəri çox vaxtın boşa getdiyini bildirib. Onun fikrincə, Minsk Qrupunn həmsdrlərinə vasitəçilik etmək tapşırığı verib, daha sonra onları münaqişəni həll etməməkdə günahlandırmaq münaqişənin sülh yolu ilə həll olunmasına dair səmini istəyin olmadığına dəlalət edir.
Tomas de Vaal son olaraq beynəlxalq ictimaiyyətin sülh razılığının hazırlanmasına kömək edə, tərəfləri maliyyə dəstəyi və sülhməramlılarla təmin edə biləcəklərini desə də, münaqişəni yalnız ermənilərlə azərbaycanlıların həll edə biləcəyini vurğulayıb.