Accessibility links

ABŞ-ın Azərbaycandakı sabiq səfirləri hərbi münaqişəyə münasibət bildiriblər


Riçard Kazlariç və Metyu Brayza
Riçard Kazlariç və Metyu Brayza

27 sentyabrda Azərbaycan və Ermənistan arasında intensivləşmiş hərbi toqquşmaları ABŞ-ın Azərbaycanda sabiq səfirləri olmuş Metyu Brayza və Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə şərh ediblər.

2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Atlantika Şurasının baş elmi işçisi Metyu Brayza Azərbaycanla Ermənistan arasında son toqquşmalara gətirib çıxaran səbəbləri şərh edərkən diqqəti Ermənisan Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı siyasətinə çəkib.

Brayzanın dediyinə görə, Prezident İlham Əliyevlə Baş Nazir Nikol Paşinyan arasında 2018-ci ilin sonunda baş tutan görüşdən sonra hər iki lider vətəndaşlarını sülhə hazırlamağın vaxtının gəlib çatdığını deyirdi. Hər iki tərəf Madrid Prinsipləri çərçivəsində danışıqlar aparırıdı. Lakin onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən bir il sonra onun düşüncəsi dəyişdi və o artıq bu prinsiplərə əməl etməyəcəyini dedi və Dağlıq Qarabağın Ermənistana aid olduğunu söylədi.

“O, Qarabağın Ermənistanın bir hissəsi olduğunu deməklə bütün danışıq prosesini dağıtdı. O, növbəti aylarda bir neçə provokativ addımlar atdı. Buna Dağlıq Qarabağ parlamentini Şuşaya köçürmək qərarı daxildir ki, Şuşa bütün şəhərlər içərisində azərbaycanlılar üçün ən həssas şəhərdir. Onlar Şuşanı Azərbaycan mədəniyyətinin beşiyi hesab edirlər. Bu səbəblə də gərginlik artdı. Və biz uyulda bunun şahidi olduq. Azərbaycan-Ermənistan sərhədində toqquşma baş verdi,” sabiq səfir bildirib.

Onun sözlərinə görə, həmin toqquşmadan sonra həm Azərbaycan həm Ermənistan təmas xəttinə ağır silahlar göndərməyə başladılar. O ən son toqquşmalara dəqiq nəyin səbəb olduğunu bilmədiyini desə də, əlində olan məlumatların Azərbaycanın hücum əməliyyatlarına başladığına işarə etdiyini bildirib.

“Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərinin bir hissəsini, bir neçə kəndi, habelə Azərbaycanın Ermənistanı Dağlıq Qarabağla birləşdirən yolu kəsməsinə imkan verən təpəlikləri geri aldığını iddia edir. Azərbaycan beynəlxalq qanuna uyğun olaraq irəlilədiyinə inanır,” o deyib.

Dağlıq Qarabağ münaqişəsində Rusiyanın roluna da toxunan Brayzanın sözlərinə görə, Rusiya münaqişənin davam etməsini istəsə də, genişmiqyaslı müharibənin baş verməsində maraqlı deyil.

“Rusiya çox ehtiyatlı bəyanatlarla çıxış edib. Onlar hər iki tərəfi döyüşləri dayandırmağa və təmkinli olmağa çağırıb. Bu isə qeyri-adidir, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir,” o söyləyib.

Brayza deyib ki, o, ABŞ-ın bu münaqişədəki vasitəçisi olaraq bir neçə dəfə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb və onda belə bir düşüncə yaranıb ki, Rusiya Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin olmasını istəmir.

“Rusiya Abxaziya, Ossetiya və Moldovada olduğu kimi Dağlıq Qarabağa və ətraf yeddi rayona sülhməramlılarını yerləşdirmək haqqını əldə etmək istəyir. Və Rusiya oraya sülhməramlılarını yerləşdirdiyi an hadisələri idarə edə biləcək," Brayza bildirib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı digər sabiq səfiri Riçard Kazlariç iyulda baş verən hərbi toqquşmalardan sonra müharibənin gözlənilən olduğunu bildirib. Səfir əlavə edib ki, Türkiyə və Rusiyanın bu münaqişənin baş verməsinə səbəb olduğuna dair iddiaların olmasına baxmayaraq, o, nə Ankara, nə də Moskvanın Ermənistanla Azərbaycanın müharibə etməsindən heç bir şey qazanmadığı qənaətindədir.

Kazlariç müharibəyə rəvac verə biləcək daxili səbəblərə diqqət çəkib.

Onun sözlərinə görə, mümküdür ki, həm Azərbaycan, həm də Ermənistanda hökümət koronavirus pandemiyası, iqtisadi çətinliklər və korrupsiya səbəbilə təzqiylərlə üzləşdiyi üçün “onlar insanlar arasında millətçi hissləri oyandıraraq bu təzyiqləri azaltmağa çalışıblar.”

Türkiyənin münaqişədəki rolunu şərh edən Kazlariç Türkiyənin Azərbaycanla uzun illər yaxın münasibətlərinin olduğunu söyləyib. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan və onun ətrafındakı insanlar Azərbaycanı dəstəklədiklərini bildirsələr də, o, Türkiyənin bu münaqişəyə Suriyada olduğu kimi müdaxilə etməyəcəyini düşünür.

Kazlariç hər iki tərəfdə millətçi ritorikanın qızğın xarakter aldığını və münaqişənin mahiyyətinə xüsusi çalar verdiyini vurğulayaraq qarşıdurmanın artıq təkcə Dağlıq Qarabağ regionu deyil, iki ölkə arasında daha böyük problemləri əhatə etdiyini düşündüyünü və bu səbəbdən də münaqişəyə həll yolu tapmağın daha da çətinləşə biləcəyini bildirib.

“Məncə, biz artıq ərazi və başqa iddialar üzərində fikir ayrılıqları olan iki qonşu ölkə haqda deyil, Dağlıq Qarabağın statusu ilə bağlı əlaqəsi olmayan məsələlər üzərində döyüşən iki ölkə haqda danışırıq,” o deyib.

Riçard Kazlariç Rusiya və ABŞ-ın da münaqişədəki rolunu şərh edib. O, Azərbaycanla Rusiya arasında münasibətlərdə bu döyüşlərdən öncə də soyuqluğun olduğunu bildirib. Onun dediyinə görə, buna Rusiyanın Ermənistanı silahla təmin etdiyinə dair iddialar səbəb olub.

Lakin onun sözlərinə görə, Rusiya Minsk Qrupunu dəstəkləyir və daha öncə də 2016-ci ildə və bu ilin iyul ayında Yerevan və Bakı ilə atəşkəsin təmin olunması üçün danışıqlar aparıb.

“Fikrimcə, əgər atəşkəs olsa, bunun üçün ilk addımı Moskva atacaq,” Kazlariç deyib.

Sabiq səfir həmçinin ABŞ Dövlət Katibinin müavininin hər iki ölkəninin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və ABŞ-ın tərəfləri atəşkəsə və Minks prosesinə əməl etməyə çağıran bəyanat verdiyini bildirib. O, ABŞ-ın münaqişəsinin həlli üçün indi etdiyindən əlavə başqa nəsə edə biləcəyini düşünmədiyini deyib.

XS
SM
MD
LG