Accessibility links

Aykan Erdemir: Türkiyə Cənubi Qafqazda xarici və müdafiə siyasətində yeni səhifə açmağa çalışır


Aykan Erdemir: Türkiyə Cənubi Qafqazda xarici və müdafiə siyasətində yeni səhifə açmağa çalışır
please wait

No media source currently available

0:00 0:09:51 0:00

Türkiyə Müdafiə Nazirliyi bu həftə Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlayacacağını bəyan edib. Müdafiə Nazirliyinin açıqladığı məlumatda noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirlərinin Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün anlaşma memorandumu imzaladıqları xatırladılaraq, monitorinq mərkəzinin qurulması ilə bağlı danışıqların başa çatdığı bildirilib.

Demokratiyaların Müdafiəsi Fondunun Türkiyə proqramlarının direktoru Aykan Erdemir Türkiyənin Dağlıq Qarabağda sülh prosesində rol oynamaq istədiyini deyərək, bunun Ankaranın xarici siyasəti üçün önəm daşıdığını vurğulayıb. Aykan Erdemir Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinə ölkə daxilində siyasi dəstəyi qeyd edib.

“Türkiyə bu mərhələdə sülhməramlı qüvvələr yerləşdirməklə prosesin bir hissəsi olmaq istəyir. Türkiyə parlamentində səsvermədə də bir partiyadan başqa müxalifətin bunu dəstəklədiyini gördük. Beləliklə, Türkiyənin özündə bu sülhməramlı qüvvələr Türkiyənin digər ölkələrə göndərdiyi əsgəri qüvvədən fərqli olaraq qəbul edilir. Məsələn, türk əsgərləri Suriya və Liviyada yerləşdiriləndə müxalifət buna qarşı çıxsa da, Azərbaycana gəldikdə dəstək verilir. Bu, həm də Türkiyənin xarici siyasəti baxımından önəmli bir addımdır, çünki ilk növbədə daxili siyasətdə ciddi dəstək var. Bir tərəfdən COVID-19 epidemiyası, digər tərəfdən iqtisadi böhranla mübarizə aparan Türkiyənin ölkə daxilində ictimaiyyətin dəstəyini alması hökumət üçün çox vacibdir.”

Aykan Erdemir Azərbaycanın Türkiyə üçün mühüm enerji koridoru olduğunu önə çəkib. Azərbaycan Türkiyənin təbii qaz idxalının demək olar ki, beşdə birini təmin edir. Bir sıra ekspertlərin fikrincə, Türkiyənin son illərdə Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı müşahidə edilir. Onlar Türkiyənin 2015-2016-cı ilə qədər neft və təbii qazın yarısından çoxunu Rusiyadan aldığı halda, hazırda yalnız üçdə birini aldığına diqqət çəkir.

Türkiyə və Rusiyanın bundan öncə Suriya və Liviyada iş birliyi təcrübəsini qeyd edən Aykan Erdemirin bildirdiyinə görə, Suriya, İraq və Liviyada əsgəri qüvvəsi olan Türkiyə Dağlıq Qarabağa sülhməramlı qüvvə yerləşdirməklə Cənubi Qafqaz regionunda xarici və müdafiə siyasətində yeni səhifə açmağa çalışır.

“Hazırda həm Suriyada, həm də Liviyada Rusiya ilə ikitərəfli proseslər mövcuddur və Azərbaycanın bu proseslərə daxil edilməsi, müəyyən mənada Ankara ilə Moskva ilə münasibətlərdə sövdə mövzusudur... Qarşıdakı dövr daha çox Ankara və Moskvanın ortaq qərarları ilə formalaşacaq.”

Türkiyə və Rusiya Ermənistan və Azərbaycan arasında 44 gün sürən intensiv hərbi əməliyyatların başladığı vaxtdan fərqli tərəfləri dəstəkləyib. Regionda dominant oyunçu olan Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhliçilər NATO üzvü olan Türkiyənin Azərbaycana siyasi, diplomatik və hərbi dəstəyinin Azərbaycanın hərbi üstünlük əldə etməsində xüsusi rolunu qeyd edir. Aykan Erdemir fərqli tərəfləri dəstəkləmələrinə baxmayaraq, Rusiya və Türkiyə arasında Suriya və Liviyada olduğu kimi Cənubi Qafqazda da anlaşmanın davam edə biləcəyini bildirib.

“Əslində iki nümunə var, çünki Türkiyə və Rusiya həm Liviya, həm də Suriyada münaqişənin iki fərqli tərəfində idi və bu, hələ də bu şəkildə davam edir. Lakin buna baxmayaraq, bu iki ölkədə, Ankara və Moskvada bir formul əldə edildi və hər iki ölkənin maraqlarının, yəni üçüncü ölkələrə qarşı Rusiya və Türkiyənin maraqlarının müdafiə olunduğu bir ara formul tapdılar. Bunun Dağlıq Qarabağla əlaqədar bu sülhməramlı qüvvələrin misalında da formalaşacağını düşünürəm. Yəni Türkiyə və Rusiyanın iki fərqli tərəfdə olsa da, ikitərəfli maraqlara uyğun olaraq bir formul tapacağını düşünürəm.”

Türkiyə parlamenti noyabrın 17-də Dağlıq Qarabağda atəşkəsin icrasını izləmək üçün Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun qəbul edib. Türkiyə hərbçiləri bununla bir il müddətinə Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Noyabrın 10-da Moskvanın vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra bölgəyə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib. Tərəflər atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbiçilərindən ibarət Sülhməramlı Mərkəzin yaradılması haqda razılıq əldə edib. Eyni zamanda, tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi nəzərdə tutulur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG