Accessibility links

Aykan Erdemir: Türkiyə-Azərbaycan əlaqələri artıq güclü hərbi ittifaq xarakteri qazanacaq


Aykan Erdemir: Türkiyə-Azərbaycan əlaqələri artıq güclü hərbi ittifaq xarakteri qazanacaq
please wait

No media source currently available

0:00 0:10:19 0:00

Demokratiyaların Müdafiəsi Fondunun Türkiyə proqramlarının direktoru Aykan Erdemir Amerikanın Səsinə müsahibədə Azərbaycan-Türkiyə münasibətlərindən, Türkiyənin Cənubi Qafqazdakı maraqlarından, Türkiyənin Rusiya ilə olan münsaibətlərindən, habelə ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Türkiyənin Əfqanıstandakı barışıq prosesindəki rolundan bəhs edib.

Amerikanın Səsi: Azərbaycan və Türkiyə uzun müddətdir ki, yaxın müttəfiqdirlər və qardaşlıq münasibəti içərisindədirlər. Ən son, Türkiyə Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanı dəstəklədi. Bu il iyunun 15-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa Bəyannaməsini imzaladılar və iki ölkə arasındakı əlaqələri daha da gücləndirdilər. Bütün bunlar nəzərə alındıqda, Azərbaycan-Türkiyə münasibətləri nə yerdədir və bu yaxın əməkdaşlıq Türkiyə və Türkiyənin bölgədəki maraqları üçün nə ifadə edir?

Aykan Erdemir: Türkiyənin Azərbaycanla əlaqələri 2002-dən öncəki dövrdə də, yəni Ərdoğanın iqtidara gelməsindən əvvəlki dövrdə də hər zaman çox yaxın idi. Xüsusilə də siyasi məkanda Ankara ve Bakı həmişə bir-birini dəstəkləyirdi.

Fəqət son illərdə biz bu siyasi əməkdaşlığın daha açıq bir hərbi tərəfinin də yarandığını görməyə başladıq. Bu, xüsusilə, keçən il Dağlıq Qarabağda Türkiyənin təmin etdiyi bəzi hərbi avadanlığın və hətta Türkiyədən bəzi hərbi personalın da döyüş meydanında görülməsi ilə daha da gücləndi.

Biz önümüzdəki müddətdə də bu trendin davam edəcəyini proqnozlaşdırırıq. Yəni Türkiyə-Azərbaycan əlaqələri artıq təkcə yaxın siyasi müttəfiqlik təməli üzərində irəliləməyəcək, eyni zamanda güclü hərbi ittifaq xarakteri qazanacaq. Bunun əlabəttə ki, iqtisadiyyata təsirləri olur, çünki son zamanda biz, xüsusilə də, Azərbaycandan Türkiyəyə investisiyalarda sürətlənmə müşahidə edirik. Türkiyəli sahibkarlar da yeni imkanlar axtarır. Onların Azərbaycan bazarında peydə oluduğunu da görürük. Bu da onu göstərir ki, ikitərəfli münasibətlər siyasi, hərbi və iqtisadi sahədə dərinləşərək inkişaf edir. Əlbəttə bu ikitərəfli münasibətlərdən daha böyük bir məna kəsb edir, çünki bu gün Türkiyə artıq Suriyadan Liviyaya, Şərqi Aralıqdan Dağlıq Qarabağa kimi bir çox yerdə yürütdüyü xarici siyasətdə həm də hərbi bir mövcudluq göstərməyə çalışır. Və bu da zaman-zaman Rusiya ilə olan münasibətlərində bir alver predemeti olaraq istifadə edə biləcəyi bir məsələ olaraq qarşısımıza çıxır. Buna görə də Türkiyənin Qafqazdakı güclənən mövcudluğunun əslində eyni zamanda Rusiya ilə fərqli coğrafiyalarda apardığı danışıqların yeni bir aspekti olduğunu deyə bilərik.

Amerikanın Səsi: Türkiyə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanı dəstəklədi, lakin Azərbaycan əvvəllər postsovet və Rusiyanın güclü təsir dairəsi kimi qəbul edilirdi. Bəs bu, Türkiyə-Rusiya münasibətlərinin və ümumiyyətlə postsovet məkanının gələcəyi üçün, xüsusən də Türkiyənin yaxın münasibətdə olduğu Ukrayna və Gürcüstan kimi yerlərin gələcəyi üçün nə ifadə edir?

Aykan Erdemir: Burada əslində bir az ziddiyətli proseslər mövcuddur, çünki bir tərəfdən Türkiyənin Qafqazdakı hərbi və siyasi mövcudluğu gücləndiyi bir vaxt, Rusiyanınkının zəiflədiyini deyə bilərik. Amma digər tərəfdən də Rusiyanın əslində Ermənistan üzərindəki nüfuzunun da artdğını görürük, hətta Dağlıq Qarabağda da sühməramlı qüvvələr adı altında hərbi mövcudluğunu gücləndirdiyini görürük. Bu, əslində, Suriyada və Liviyadan da bir az alışdığımız bi mənzərədir. Yəni Türkiyə və Rusiyanın bir tərəfdən maraqları toqquşur, bir tərəfdən onlar isti və ya donmuş münaqişələrin fərqli tərəflərindədirlər, digər tərəfəndən isə onlar bir-birilərini gücləndirə biləcək addımlar atırlar. Bunları həm Suriyada həm də Liviyada gördük. Türkiyə və Rusiya arasındakı qarşıdurma həm Türkiyənin həm Rusiyanın bölgədəki əlini gücləndirdi. Düşünürəm ki, biz Qafqazda da buna bənzər mənzərəni görə bilərik. Yəni Rusiya və Türkiyə bir yandan qarşıdurma yaşayır, amma bir yandan da bunun üzərinə danışıqlar apararkən, bir-birilərinin əlini gücləndirən, yəni üçüncü ölkələrə görə bir-birilərinin əlini gücləndirən də bir tərəfdaşlıq içində ola bilirlər.

Amerikanın Səsi: Rusiya və Türkiyə uzun müddətdir Suriya və Liviyada vasitəçilik müharibələrində əks cəbhədədirlər. Bununla birlikdə, Dağlıq Qarabağ müharibəsində onlar əməkdaşlıq etdilər və hətta Qarabağda ortaq monitorinq mərkəzini yaratmağa razılaşdılar. Bəs bu Rusiya-Türkiyə münasibətlərində nəyə işarə edir? Niyə Rusiya uzun müddət arxa bağçası olaraq gördüyü bir ərazidə Türkiyə ilə əməkdaşlıq etməyə razı oldu?

Aykan Erdemir: Bəli, Türkiyənin Suriyada, Liviyada və Dağlıq Qarabağdakı mövcudluğu Rusiyanın maraqlarına təhlükə yaradır, amma eyni zamanda da bu hər üç coğrafiyada Türkiyə ilə apardığı müzakirələr və danışıqlar Rusiyanın bir baxımdan üzərindəki nüfuzunu da dərinləşdirir. Türkiyənin də NATO-dan çox Rusiya ilə fərqli danışıqlara və axtarışlara başlamasına yol açır. Buna görə də, buradakı böyük mənzərəyə baxdığımızda, Rusiya bir NATO üzvü olan Türkiyə üzərindəki nüfuzunu danışıq imkanlarını artması üçün bir qazanc olaraq görə bilər. Əlbəttə ki, bu qazancın bir bədəli də var. O bədəl də Türkiyənin Suriyada, Liviyada, Qafqazda bir baxımdan Rusiyaya rəqib olması, amma bəlkə də başqa bir tərəfdən baxdığımızda da Rusiya ilə ortaq mövcudluğunun, təsir dairəsinin genişləməsidir.

Amerikanın Səsi: Türkiyə, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çəkilməsindən sonra Əfqanıstanın paytaxtındakı Həmid Karzai hava limanının təhlükəsizliyini təmin etməyi təklif etdi. Türkiyənin hədəfləri nədir? Bu, Ankaranın bölgədəki nüfuzunu artırmaq səylərinin bir hissəsidirmi? Yoxsa Türkiyə bundan, Qərblə gərginliyin artması fonunda diplomatik danışıqlarında təsirli bir kart kimi mi istifadə edəcək?

Aykan Erdemir: Türkiyənin Əfqanıstan ilə olan münasibətlərinin çox fərqli tərəfləri var. Əvvəla bunu deyim ki, Türkiyə Cümhriyyətinin ilk illərindən bəri iki ölkə arasında çox yaxın bir münasibət mövcud olub. Ona görə də, əslində Türkiyənin Əfqanıstana olan marağı və Əfqanıstandakı mövcudluğu bu uzun prosesləri əks etdirir. Amma eyni zamanda da bunun qısa-müddətli taktiki tərəfi də var. O da budur ki, Türkiyə, xüsusilə də Amerika və digər NATO müttəfiqləri ilə əlaqələri gərginləşdiyi zaman Əfqanıstan üzərində yeni danışıqların və tərəfdaşlığın hesablamalarını aparır. Türkiyə hökuməti ümid edir ki, Türkiyənin Əfqanıstanda könüllü olaraq oymamağa hazır olduğu rol həm Amerika Birləşmiş Ştatlarının, həm də NATO müttəfiqlərinin Türkiyyə yanaşmasını bir az yumşaldacaq.
Türkiyə bu ikitərəfli və çoxtərəfli münasibətlərdə əlini gücləndirmək istəyir. Buna görə də, məsələnin bir az belə instrumental bir tərəfi də var.

Amerikanın Səsi: Bəzi analitiklər Türkiyənin NATO üzvü və müsəlman ölkəsi olaraq bölgədəki bütün siyasi aktyorları və ölkələri barışıq prosesində iştirak etməyə təşviq edə biləcəyi üçün Əfqanıstana hərbi dəstəyinin əhəmiyyətli bir rol oynayacağını düşünürlər. Ancaq bəziləri Türkiyənin Əfqanıstandakı daha böyük mövcudluğunu və rolunu alqışlayarkən, hərbi mövcudluğuna qarşı çıxanlar da var. Bu barədə nə düşünürsünüz? Türkiyə Əfqanıstanda daha vacib iqtisadi, diplomatik və siyasi rol oynaya bilərmi və ən əsası, Türkiyə vasitəçi olaraq orada barışıq prosesinə töhvə verə bilərmi?

Aykan Erdemir: Türkiyənin Əfqanıstandakı hərbi mövcudluğu bu günə qədər döyüş məqsədli deyildi. Yəni Türkiyə isti münaqişələrin içində yer almırdı, daha çox humanitar yardımlarla, yəni siyasi institutların qurulması üçün meydanda idi. Buna görə də, bir sonrakı proses Türkiyə üçün də çox yeni bir proses olacaq. Çünki bu proses Türkiyəni daha çox döyüş missiyalarında yer almağa yönəldən bir proses ola bilər və bu çox qeyri-müəeyyən bir prosesdir. Ona görə də,bununla bağlı proqnoz vermək çox çətindir. Bəli, Türkiyənin diplomatik, iqtisadi, siyasi rolu güclənə bilər. Bu nöqtədə daha böyük rol oynaya bilər, amma vasitəçilik rolu nöqtəsində bəzi problemlər var. O da Türkiyənin istər Əfqanıstan daxilindəki, istərsə də bölgədəki aktyorlarla bərabər məsafədə bir ölkə olmamasıdır. Əslində Türkiydə oradakı müxətlif qarşıdurmalarda bir tərəfdir. Buna görə də, ümumilikdə vasitəçi rol üçün bu cür tərəf olmayan ölkələrə və aktyorlara üstünlük verildiyi nəzərə alındığına, mən zənn etmirəm ki, Türkiyə burada mühüm bir vasitəçi rolu oynasın. Mən Türkiyənin daha önəmli rolunun məsələnin iqtisadi, diplomatik ve gündəlik siyasi səviyyədə qalacağını düşünürəm.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım elan edib
please wait

No media source currently available

0:00 0:11:58 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG