Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilib. İclasda Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələləri əsas müzakirə obyektidir.
Forumun gündəliyinə Əməkdaşlıq Komitəsinin 11-ci iclası, Ticarət, iqtisadiyyat və hüquqi məsələlər üzrə alt-komitənin 9-cu iclasının protokollarının qəbul edilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa Qonşuluq Siyasəti üzrə Tərəqqi Hesabatı -2010 (Assosiasiya sazişi və ticarət əlaqələri, ədliyyə, azadlıq və təhlükəsizlik, enerji, çoxtərəfli əməkdaşlıq məsələləri üzrə Azərbaycanın şərhləri), qanunun aliliyi, demokratiya və idarəçilik, insan hüquqları və fundamental azadlıqlar, Avropa İttifaqının yardım proqramları, o cümlədən regional əməkdaşlıq və hərtərəfli institusional quruculuq, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri daxildir.
Forumdan öncə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Avropa xarici fəaliyyət xidmətinin direktoru Gunnar Viegand mətbuata açıqlamalar verib. Xarici İşlər nazirinin müavini M. Məmmədquliyev bildirib ki, iclasda son bir ildə görülən işlər müzakirə ediləcək. “Əməkdaşlıqda müsbət nəticələr də var. Əlbəttə bəzi məsələlər isə müzakirə edilməlidir. Bu sahələrdə lazımi addımlar atılmalıdır ki, əməkdaşlıqda inkişaflar qeydə alınsın”. Onun dediyinə görə, vizaların sadələşdirilməsi ilə bağlı bir həftə əvvəl Avropa İttifaqı mandat hazırlayaraq Aİ Şurasına təqdim edib. “Şura yaxın zamanlarda bu sənədi təsdiq edəcək və bundan sonra danışıqlar prosesi başlayacaq”.
Tükənən və bərpa edilən enerji sahəsində Avropa İttifaqı ilə əlaqələrin perspektivləri ilə bağlı Amerikanın Səsi radiosunun sualının cavabında nazir müavini bildirib ki, Azərbaycan belə əməkdaşlığa normal yanaşır. “Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıqla bağlı Memorandum imzalayıb. Həmin sənəddə bərpa edilən enerji sahəsində də əməkdaşlıq məsələləri yerini tapıb. Azərbaycan bərpa edilən enerji sahəsində agentlik yaradıb. Hesab edirik ki, yalnız qaz və neft sahəsində deyil, bütün enerji sahələrində əməkdaşlıq gücləndirilməlidir”. O, insan haqları və demokratiya sahəsində Avropa İttifaqının tənqidləri ilə bağlı Amerikanın Səsi radiosunun sualının cavabında deyib ki, tənqid obyektiv olmalı, konkret faktlara əsaslanmalı, həm hökumətin, həm də digər mənbələrin məlumatları müqayisə olunmalıdır. “Bir mənbənin məlumatı əsasında ümumi nəticəyə gəlmək düzgün deyil. Azərbaycan deyir ki, bu sahələrdə də həll olunmamış məsələlər var. Bu sahələrdə işlər görülməlidir. Eyni zamanda hesab edirik ki, əməkdaşlıq olmalıdır. Sadəcə bəzən qərəzli və qeyri obyektiv tənqid heç bir xeyir verməyəcək. Ona görə də biz təklif edirik ki, bütün sahələrdə əməkdaşlıq edilsin”.
Cənab Məmmədquliyevin sözlərinə görə, artıq bu sahələr üzrə xüsusi alt- komitə yaradılıb. “Alt- komitənin birinci iclası keçirilib və komitə çərçivəsində Azərbaycanda bir neçə konfranslar, o cümlədən vətəndaş cəmiyyətinin daha da inkişafı ilə bağlı konfrans keçirilib. Bu yaxınlarda ombudsmanın regionlardakı təsisatlarının gücləndirilməsi ilə bağlı konfrans keçiriləcək. Noyabr ayında isə Brüsseldə alt-komitənin ikinci iclası olacaq. Bizim əməkdaşlığımız davam edir və istəyirik ki, belə konstruktiv yolla aparılsın”.
O, Azərbaycan məmurlarının tənqidlər üçün əsas verib-verməməsi barədə sualın cavabında bildirib ki, hər bir ölkədə insan hüquqları ilə bağlı problemlər var. “Heç bir ölkə deyə bilməz ki, demokratiya və insan hüquqlarının qorunması sahəsində vəziyyət idealdır. Azərbaycan etiraf edir ki, problemlər var, həll olunmamış məsələlər var. Amma, bunu həll etmək üçün gərək əməkdaşlıq edək və bu əməkdaşlıq aparılır”. Nazir müavinin dediyinə görə, Azərbaycan BMT-nin açıq hökumət təşəbbüsündə iştirakını da bəyan edib.
Cənab Məmmədquliyev bildirib ki, assosiativ sazişin imzalanması üzrə danışıqlar davam edir. “Artıq, bu sazişlər üzrə video konfrans başlanıb. Sentyabrın 21-də birinci konfrans keçirilib. Oktyabrda Bakıda danışıqlar qrupunun iclası keçiriləcək. Müzakirələr gedir. Bəzi məsələlərdə bizim mövqelər bir qədər fərqlənir. Hesab edirəm ki, danışıqlarda bunların hamısı həllini tapacaq”.
Nazir müavini danışıqların nə vaxt başa çatacağı ilə bağlı proqnoz verməyib. “Bu danışıqlar prosesidir. Nə vaxt başa çatacaq deyə bilmərəm. Hər şey bizdən də asılı deyil”.
Avropa xarici fəaliyyət xidmətinin direktoru Gunnar Viegand isə bildirib ki, işgüzar əlaqələrin iqtisadi münasibətlərin inkişafında əhəmiyyəti böyükdür. “Bu sahədə əlbəttə enerji əməkdaşlığını, Avropa Komissiyasının prezidentinin bu ilin yanvarında Bakıya səfəri zamanı Cənub koridoru ilə bağlı imzalanmış bəyannaməni, transxəzər qaz kəməri əhəmiyyət daşımaqdadır. Ötən həftə Avropa İttifaqına daxil olan 27 dövlət transxəzər qaz boru kəməri layihəsi ilə əlaqədar mandat irəli sürüb ki Türkmənistan və Azərbaycanla müzakirələr başlansın. Bu layihə nəticəsində idxalın diversifikasiyası əhəmiyyət daşımaqdadır. Eyni zamanda, Azərbaycan üçün də enerjinin diversifikasiyasını nəzərdə tutur”.
O viza barədə danışarkən deyib ki, vizalar sadələşdiriləcək. ”Bununla bağlı müzakirələr yaxınlarda başlayacaq. Viza sadələşdirilməsi əməkdaşlığı Azərbaycan vətəndaşlarına viza ödənişinin məbləğinin azaldılmasını və Avropaya gedişin asanlaşdırılmasını nəzərdə tutur”, - deyə o qeyd edib.