Accessibility links

Vətəndaş cəmiyyəti Azərbaycan hökumətini Avropa İttifaqı ilə assosiativ sazişi imzalamağa çağırıb [Video]


Vətəndaş cəmiyyətinin toplantısı
Vətəndaş cəmiyyətinin toplantısı

Vətəndaş cəmiyyəti Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının zəruriliyi barədə bəyannamə təqdim edib

Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azərbaycanın Avropa İttifaqına (Aİ) inteqrasiyasının zəruriliyi barədə Bəyannamə”nin təqdimat mərasimi keçirib.

Bəyannaməni 84 nəfərin ictimai-siyasi xadim imzalayıb.

Təqdimatda Aİ ilə Ukrayna, Moldova və Gürcüstan arasında əməkdaşlığa dair iyunun 27-də assosiativ saziş imzalanacağı, belə bir təklifin Azərbaycana da edildiyi vurğulanıb. Amma rəsmi Bakı ölkənin müxtəlif çətinliklərini bəhanə edərək bu sazişi imzalamaqdan boyun qaçırır. Son vaxtlar ölkəyə həm Qərb, həm Rusiya rəsmiləri, həm də beynəlxalq qurumların rəhbərlərinin səfərlərinin sıxlaşması nəzərə çatdırılıb. Bütün bu səfərlərin Azərbaycanın hansı seçimi edəcəyi ilə bağlı olduğu açıqlanıb.

Tarixi ekskurs edilərək Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə Versal Ali Şurasının tanıması yada salınıb. Beləliklə, hələ XX əsrin əvvəlində Azərbaycanın sivil dünyaya inteqrasiya kursu götürdüyü bildirilib.

1991-ci ildə təkrar müstəqillikdən sonra Azərbaycanın ATƏT-ə, Avropa Şurasına üzv olması da inteqrasiya kursunun qərbyönlü olmasının təsdiqi kimi dəyərləndirilib. Azərbaycanın yalnız son 10 ildə qərbyönümlü siyasətində ciddi neqativ dəyişikliklərin baş verdiyi iddia edilib. Bu məsələdə beynəlxalq təşkilatların da təqsiri qeyd edilib.

“Avropa Şurası Azərbaycanı öz qaydalarına uyğunalşdırmaq əvəzinə, özü Azərbaycan “qaydaları”na uyğunlaşdı və bu hətta o qədər açıq şəkil aldı ki, AŞ rəhbərliyi bunu etiraf etməli oldu”,- Milli Şuranın sədri Cəmil Həsənli deyib.

Azərbaycanın Aİ ilə assosiativ sazişdən imtina etməsi üçün “Rusiya təhlükəsi” kimi obyektiv, iqtidarın ölkədə demokratik prinsiplərə yer vermək istəməməsi kimi subyektiv amilləri var.
Tədbirdə rəsmi Bakının Aİ ilə strateji əməkdaşlıq sazişi imzalaması ciddi tənqid edilib. Belə ki, natiqlər Aİ ilə strateji saziş imzalanmasının ölkədə saxta seçki, inhisarçılıq, insan haqlarına arxa çevirmək kimi neqativləri aradan qaldırmayacağı qənaətini ifadə ediblər.

Ölkənin Aİ ilə Kreml layihəsi olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim arasında qalmasına da toxunulub. Azərbaycanın hər hansı halda Aİİ-yə üzv olması təqdir olunmayıb və bunun ölkəyə müsbət heç nə verməyəcəyi bəyan olunub.

AB ilə assosiativ sazişin imzalanmasına əsas kimi Avropanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ölkəni demokratik prinsiplərə yaxınlaşdıracağı göstərilib. Eyni zamanda Aİ-yə mesaj verilib ki, Azərbaycanla strateji əməkdaşlıq sazişi ilə yanaşı assosiativ saziş də imzalanmalıdır.

Natiqlərə görə, strateji əməkdaşlıq sazişi assosiativ sazişi əvəz edə bilməz. Eyni zamanda rəsmi Bakıya Aİ ilə assosiativ sazişi imzalayacağı haqda siyasi bəyanat verməsi çağırışı edilib.
Ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı 18 ildən çox davam edən danışıqlara son qoyması, bu quruma üzv olması tələb edilib. “Azərbaycanın bu quruma indiyə kimi üzv olmamasına səbəb oliqarxların inhisar maraqlarının nəzərə alınması olub”, AXCP sədri Əli Kərimli bildirib.

Eyni zamanda Azərbaycandakı rejimim hakimliyi şəraitində ölkənin Avropaya tam inteqrasiya olunması mümkün sayılmayıb və islahatlara başlanması tələb edilib.

Natiqlər məsələnin təkcə Bəyannamənin qəbul olunması ilə tamamlanmadığı, növbəti addımların atılacağını bildiriblər.
Bununla yanaşı rəsmi Bakıya Ukraynada baş verən hadisələr xatırladılaraq ölkəni həmin duruma salmamaq çağırışı edilib

Bəyannamədə deyilir:

Avropa Birliyinin (AB) Şərq Tərəfdaşlığı Proqramı iştirakçısı olan dövlətlərə təklif etdiyi Assosiasiya Sazişinin bu dövlətlərdə siyasi, iqtisadi, hüquqi islahatları sürətləndirə biləcəyini nəzərə alaraq, bəyan edirik:

1. Azərbaycanın AB ilə Assosiasiya Sazişi imzalaması xalqımızın demokratik, hüquqi dövlət qurmaq arzusuna tamamilə uyğundur. Bu sazişin imzalanması Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına, azad ticarətin və bütövlükdə iqtisadiyyatın inkişafına, əhalinin sosial müdafiəsinin güclənməsinə, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına, demokratik seçkilərin keçirilməsinə, təhsil və səhiyyədən tutmuş gömrük, vergi xidmətlərinin, bank işinin təşkilinə qədər bir çox sahələrdə AB-də mövcud olan yüksək standartlara yaxınlaşmağımıza əlverişli zəmin yaradacaq.

2. Azərbaycan hökuməti tərəfindən AB-yə təklif olunan Strateji Müasirləşmə Tərəfdaşlığı sənədi indiyə qədər ölkəmizlə AB arasında praktik olaraq həyata keçirilən strateji tərəfdaşlığı nizama salsa da, Assosiasiya Sazişini əvəz edə bilməz.

3. Ölkəmizin geopolitik seçimində hər hansı şəxs və qrupların, eləcə də digər dövlətlərin marağı deyil, dövlətimizin müstəqilliyini qorumaq, xalqımızın uzunmüddətli azadlıq və rifahına nail olmaq əsas götürülməlidir. Bu baxımdan Rusiyanın müxtəlif vasitələrlə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməyə çalışması bizi narahat edir. Bildiririk ki, uzunmüddətli iqtisadi və siyasi fayda vəd etməyən bu birlik daha çox Rusiya rəhbərliyinin cari maraqlarını təmin etmək məqsədilə yaradılır. Bu birlikdə təmsil olunmaq Azərbaycanın dövlət müstəqilliyini sarsıdar, siyasi və iqtisadi inkişafını ləngidər. Ona görə də Azərbaycan bu birlikdə iştirak edə bilməz.

4. Azərbaycan hökuməti öz şəxsi və qrup maraqlarını ümumxalq maraqlarından üstün tutmaq ənənəsinə son qoymalı, xalqımızın köklü maraqlarını nəzərə alaraq AB ilə Assosiasiya Sazişi imzalayacağını bəyan etməli, bu məqsədlə AB ilə ilə aparılan müvafiq danışıqları intensivləşdirməli, 18 il müddətində süni şəkildə uzadılmış danışıqları nəhayət, başa çatdıraraq ölkəmizin Dünya Ticarət Təşkilatına üzv qəbul olunmasını təmin etməli, Azərbaycanın Avropaya yolunun açılması üçün ölkədəki siyasi məhbusları tezliklə azad etməli, hərtərəfli siyasi islahatlara başlamalıdır.
XS
SM
MD
LG